Əsas Səhifə > Dünya > Casus qalmaqalı və Kremlə açıq mesaj:
Casus qalmaqalı və Kremlə açıq mesaj:1-08-2023, 11:32 |
Kişinyov Moldova Respublikasında akkreditə olunmuş rus diplomatlarının sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib. Moldova hökuməti Rusiya səfirliyinin 45 əməkdaşını ölkədən çıxarıb. Xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun sözlərinə görə, bu, ölkədə vəziyyətin sabitliyini pozmaq üçün daha az adamın hərəkətə keçdiyi vəziyyət yaratmaq məqsədilə edilib. O, həmçinin qeyd edib ki, Moldova uzun illər, hətta onilliklər ərzində Rusiyanın Kişinyovdakı səfirliyi də daxil olmaqla, Rusiyanın bir neçə fəaliyyətinin və kifayət qədər düşmənçilik siyasətinin hədəfinə çevrilib. Moldovanın IPN xəbər agentliyinin məlumatına görə, Kişinyovun reaksiyası Rusiyanın Kişinyovdakı səfirliyinin damındakı antenaların və ötürücü qurğuların sayının ildən-ilə artdığına dair jurnalist araşdırmalarının dərcindən sonra olub. Bundan əlavə, orada davamlı olaraq görünən sirli insanların sayı da artır. Səfirliyin damında hərəkət prezident, parlament seçkiləri və ya xarici nümayəndə heyətlərinin səfərləri öncəsi daha da aktivləşir. Bu, 1 iyun Avropa Siyasi Birliyinin sammiti ərəfəsində və hakerlərin hökumət şəbəkələrinə hücumundan sonra minlərlə məxfi sənədin hücumçuların əlinə keçdiyi vaxt da belə idi. Jurnalistlər Rusiya səfirliyinin damında olan şəxslərin Angela Merkel, Emmanuel Makron və Hillari Klintonun elektron poçtlarını sındıran haker qrupları ilə yaxın əlaqələri olan Baş Kəşfiyyat İdarəsi (QRU) və Xarici Kəşfiyyat Xidmətinin (SVR) zabitləri olduğunü üzə çıxarıblar. Rus diplomatlarının akkreditasiya sayının azaldılmasından danışan Popesku bu jurnalist araşdırmalarının da rol oynadığını vurğulayıb. Jurnalist araşdırmasından sonra Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Kişinyovun qərarını ikitərəfli münasibətlərin pozulmasına yönəlmiş daha bir addım adlandırıb və bunun “cavabsız qalmayacağını” bildirib. Moldova hökumətinin sözçüsü Daniil Voda Rusiya diplomatlarının sayının 10-a, texniki işçilərin sayının isə 15-ə endiriləcəyini bildirib. KİV-in məlumatına görə, 22 diplomat və 23 texniki xidmət əməkdaşı Moldovanı tərk etməli olacaq. Bütün bunlar nə deməkdir? Buna nə ad vermək olar? Avropa Birliyinə inteqrasiya kursunu açıq şəkildə elan etmiş Moldova hakimiyyətinin Moskvanın zəhlətökən diqqətindən öz paytaxtlarında qurtulmağa başlaması gec deyilmi? DİA.AZ bildirir ki, baş verənləri AYNA-ya moldovalı politoloq, tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andrievski şərh edib: “Moldova uzun müddətdir ki, Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətindən narahatdır. Amma bu fəaliyyəti dayandırmaq üçün siyasi iradə yox idi. Söhbət təkcə texniki kəşfiyyatdan deyil, həm də Moldovanın müxtəlif regionlarında siyasi partiyalarla işləməkdən gedir. Dnestryanı Ali Sovetin deputatı Andrey Safonov bu məsələ ilə bağlı çox açıq məlumat verdi. Rusiyanın Moldovadakı “Sputnik” agentliyinə müsahibəsində Rusiya səfirliyinin işçilərinin ixtisarı barədə danışarkən o deyib: “Aydındır ki, bu qərarın praktiki vəzifəsi Rusiyanın Moldovadakı səfirliyinin işini iflic etməkdir. Ona görə ki, o, nə pasport paylaya, nə Moldovanın özünün rusiyayönlü siyasətçiləri ilə işləyə, nə də Dnestryanı və Qaqauziyaya fiziki səfər edə biləcək”. Sual olunur: əslində Rusiyanın Moldovadakı səfirliyi nə etməlidir? Məntiqlə Rusiya ilə Moldova arasında siyasi, iqtisadi, humanitar əlaqələr qurmalıdır. Amma yox. Sən demə, Rusiya pasportlarını verməli, rusiyayönümlü siyasətçilərlə işləməli, Qaqauziya və Dnestryanıya səfər etməlidir. Bütün bunlar nə üçündür? Yalnız bir cavab var: Moldovada vəziyyəti destabilizasiya etmək üçün. Moldova bundan bezib. Casus qalmaqalı Kişinyovdan Moskvaya bir siqnaldır ki, hakimiyyət Rusiyanın Moldovanın daxili işlərinə qarışmasına daha dözməyəcək. Hakimiyyət Moldovada rusiyayönlü siyasi layihələrin maliyyələşdirilməsinə və informasiya dəstəyinə göz yummayacaq. Hakimiyyət Moskvanın Rusiya Qoşunlarının Dnestryanı Bölgədəki Əməliyyat Qrupunu Moldova ərazisindən çıxarmaq istəməməsinə cavab olaraq susmayacaq. Hakimiyyət Rusiya Xarici İşlər Nazirliyinin MDB və digər problemlərlə bağlı mənəviyyat dərslərinə dözməyəcək. Hakimiyyət Rusiya xüsusi xidmət orqanlarının Moldova ərazisində fəaliyyətinə dözməyəcək. Casus qalmaqalı Kremlə açıq mesajdır. Belə səslənir: Moldova öz seçimini edib. Və bu seçimdə Rusiyaya yer yoxdur”. Geri qayıt |