Əsas Səhifə > Dünya > Rusiyada əsgər analarının fəryadı: işgəncələr verilir, “cəhənnəmin qalınlığına” göndərilirlər

Rusiyada əsgər analarının fəryadı: işgəncələr verilir, “cəhənnəmin qalınlığına” göndərilirlər


3-08-2023, 08:02
Rusiyada əsgər analarının fəryadı: işgəncələr verilir, “cəhənnəmin qalınlığına” göndərilirlər
Dağıstanın Moskvadakı Daimi Nümayəndəliyi Ukraynaya qarşı müharibəyə səfərbər olmuş şəxsin anası Raisat Zəlimxanovnanın şikayəti ilə bağlı Hərbi Prokurorluğa müraciət edib. Bu barədə “Azadlıq” radiosunun Qafqaz bölməsinin yaydığı məlumatda deyilir. Anası müraciətində bildirib ki, bölük komandiri və onun tabeliyində olan iki nəfər hərbçi oğluna işgəncə verib, onu öldürməklə hədələyiblər. Əvvəlcə hakimiyyət qurumları, Dağıstanın Moskvadakı Daimi Nümayəndəliyi anaya köməkdən imtina edib. Lakin Zəlimxanovanın şikayəti yerli mediada dərc olunduqdan sonra Dağıstan rəhbəri məsələni “şəxsi nəzarətə götürüb”.

Raisat “Novoe Delo”da dərc olunan məktubunda qeyd edib ki, onun oğlu 2022-ci ilin sentyabrında səfərbər olunanlar arasında olub və Moskvaya göndərilib. Moskvadan Ukraynadakı müharibə zonasına çatandan bir neçə gün sonra ardıcıl olaraq zorakılığa məruz qalıb. Hərbçilər və komandiri onu dirəyə zəncirləyib, dəyənəklərlə döyüblər. Zəlimxanovanın oğlunun tibbi yardım tələblərinə cavab verilməyib. Digər hərbçilərə ona yaxınlaşmağı, kömək etməyi, hətta su verməyi belə qadağan ediblər.

Aylarla işgəncə görən dağıstanlı əsgər iyunun 19-da xəstəxanaya düşüb. Anasının dediyinə görə, oğlu 10 gün xəstəxanada müalicə alıb, sağalmamasına baxmayaraq, komandir onu yenidən müharibəyə aparıb. Zəlimxanova iddia edib ki, komandir oğlunu hərbi komendantlıqda işgəncə ilə hədələyib və cəbhə bölgəsini tərk edəcəyi təqdirdə öldürüləcəyini söykləyib.

Anasının sözlərinə görə, Dağıstanın Moskvadakı Daimi Nümayəndəliyində ona deyiblər ki, qurum belə problemlərlə məşğul olmur. Zəlimxanovanın şikayəti yalnız mətbuatda dərc edildikdən sonra Daimi Nümayəndəlik məsələ ilə bağlı Hərbi Prokurorluğa müraciət etdiyini və Dağıstanın rəhbəri Sergey Melikovun bu məsələni şəxsi nəzarətinə götürdüyünü açıqlayıb. Dağıstan hakimiyyətinin zorakılığa məruz qalan əsgərlə bağlı konkret olaraq nə etməyi planlaşdırdığı barədə məlumat verilmir. Anaya sadəcə Melikovun lazım gələrsə, “əlavə tədbirlər” görəcəyini vəd ediblər.

Onu da bildirək ki, üç müxtəlif bölmənin döyüşçülərinin yaxınları Stavropol diyarından səfərbər olunanların fəlakətli durumundan şikayətləniblər. Bütün müraciətlərdə zorakılığın motivləri eynidir: səfərbər olunanlar “cəhənnəmin qalınlığına” göndəriliblər, orada böyük itkilər veriblər, bundan sonra geri qayıtmaqdan imtina ediblər. İndi isə əsgərlər əmrə əməl etmədiklərinə görə repressiya ilə hədələnirlər. Stavropol qubernatoru bu şikayətləri “Ukrayna xüsusi xidmət orqanlarının uydurması və təbliğatının nəticəsi” adlandırıb. Müdafiə Nazirliyi və prokurorluq orqanları isə əsgər yaxınlarının müraciətlərinə məhəl qoymurlar.

Məsələn, bu yaxınlarda Dağıstandan olan hərbçi Rabiula Berkixanov xidmət etdiyi bölüyü icazəsiz tərk etdiyinə görə 5 il yarım azadlıqdan məhrum edilib. Hərbçi xəstə atasına baş çəkmək üçün Ukraynadakı müharibə zonasını qısa müddətlik tərk edibmiş.

Yaxud da, Dağıstandan olan çoxuşaqlı ata Maksim Hacıumarov üç uşaq böyütməsinə, həyat yoldaşının dördüncü övladına hamilə olmasına baxmayaraq, Ukraynaya qarşı işğalçı müharibəyə göndərilib.

Bunun kimi yüzlərlə əsgər valideynləri, yaxınları var ki, şikayətlər edirlər, amma Rusiya siyasi və hərbi rəhbərliyi bu şikayətlərə məhəl qoymur.
//AYNA//
Geri qayıt