Əsas Səhifə > Dünya > Ərdoğan Putini BAŞA SALA BİLƏCƏKMİ?

Ərdoğan Putini BAŞA SALA BİLƏCƏKMİ?


3-08-2023, 13:14
Ərdoğan Putini BAŞA SALA BİLƏCƏKMİ?
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə dünənki telefon danışığında Rusiya prezidentini ölkəsinə səfərə dəvət edib. Putin Türkiyəyə səfər edərmi? Ərdoğanın səylərinə baxmayaraq, Putin “taxıl sazişini” uzatmaq istəmir, Demək, Putin Türkiyəyə səfərə razılaşsa belə, “taxıl sazişi” məsələsində geri addım atmayacaq.
Buna baxmayaraq, Türkiyəyə səfər Putin üçün əhəmiyyətli ola bilər. Ukrayna müharibəsinə və sanksiyalara görə Putinin səfər edə biləcək dövlətlərin sayı çox deyil. O hara getsə Beynəlxalq Cinayət Məhkəməsinin həbsi kabusu ilə üzləşəcək. Putin bu səbəbə görə avqust ayında BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çənubi Afrika Respublikası və Çin) Cənubi Afrika Respublikasındakı (CAR) toplantısına qatıla bilməyəcək. Çünki Putin bu ölkəyə getsə, Beynəlxalq Cinayət Məhkəməsinin sənədlərinə imza atan CAR Putin həbs etməlidir. Doğrudur, CAR rəhbərliyi belə bir risqə getməz və ona görə də Putinə mesaj göndəriblər ki, “toplantıya Kremldən internet vasitəsilə qatılmağınızı məsləhət bilirik”. Türkiyə Beynəlxalq Cinayət Məhkəməsinin sənədlərinə qoşulmadığına görə Putinin bu ölkədə həbs risqi yoxdur. Putinin NATO ölkəsi olan Türkiyəyə səfəri Kreml sahibinin beynəlxalq aləmin mühasirəsində olmadığı anlamına xidmət edə bilər. Putin bu səbəbdən Türkiyəyə səfərlə əlində düşən fürsətdən istifadə etmək istəyər.
Putinin Türkiyəyə mümkün səfəri Azərbaycan üçün də əhəmiyyətlidir. Rəcəb Tayyib Ərdoğan NATO-nun son Vilnyus zirvə toplantısında “Putinin 9 noyabr bəyanatına sadiq qalacağını və 2 ildən sonra Rusiya hərbi kontingentini Qarabağdan çıxaracağına inanırıq” açıqlamasını vermişdi. Ərdoğan Putinə Ankaradakı görüşündə “iki ildən sonra Qarabağı tərk etməyinizi gözləyirik” cümləsini təkrarlayacaq. Əlbəttə, Putin Rusiya hərbi kontingentini iki ildən sonra da Azərbaycan ərazisində - Qarabağda saxlamağa çalışacaq. Ancaq Putin bunu etməyə çalışarkən Ərdoğanın ona Qarabağla bağlı hər dəfə xatırlatdığı fikirləri qulaqradına vura bilməyəcək. Vacibdir ki, bu məsələdə Bakı ilə Ankara koordinasiyalı hərəkət etsinlər.

Elxan Şahinoğlu - DİA.AZ

Geri qayıt