Əsas Səhifə > Dünya > Rusların Quzey Kıbrısa yaratdığı ŞANS...

Rusların Quzey Kıbrısa yaratdığı ŞANS...


12-08-2023, 12:38
Rusların Quzey Kıbrısa yaratdığı ŞANS...
Rusiyanın Kuzey Kıbrıs Türk Cumhuriyyətində (KKTC) konsulluq xidməti açması xəbəri müzakirə predmetidir. Rusiyadan illər əvvəl ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa Kuzey Kıbrısda konsulluqlarını açmışdılar. Rusiyanın Kıbrısda konsulluq xidmətinin açılmasını diqtə edən digər amil adanın şimalında təxminən 50 minə yaxın rusun yaşamasıdır. Aydındır ki, məsələnin siyasi tərəfi də var. Rusiya prezidenti Vladimir Putin bu ay Türkiyəyə səfər edərək prezident Rəcəb Tayyib Ərdoğanla müxtəlif əməkdaşlıq məsələlərini müzakirə edəcək. Putinin bu səfər ərəfəsində Kuzey Kıbrısda konsulluq xidmətinin açılmasına razılaşması Ərdoğan tərəfindən müsbət qarşılanacaq. Belə bir ab-hava Putin üçün də lazımdır. Çünki “taxıl anlaşmasıyla” bağlı Ankarada razılığın əldə edilməsi mürəkkəb görünür. Rusiyanın KKTC-də konsulluq xidməti açması “taxıl anlaşması” məsələsində Ankara ilə Moskva arasında fikir ayrılığından yaranan nisbi gərginliyi azaltmalıdır. Türkiyə Cumhurbaşqanı ötən ay Kıbrısda yeni hava limanının açılışındakı çıxışında KKTC-nin tanınmasına yönəlik çağırışını təkrarlamışdı.
Azərbaycan da Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə əlaqələrin genişləndirilməsinə başlamalıdır. Bu sıraya konsulluq xidmətindən tutmuş Bakı-Lefkoşe təyyarə reyslərinin açılmasına qədər məsələlər aid ola bilər. Azərbaycanın Qarabağın tamamına nəzarəti bərpasından sonra Türkiyə kimi Kuzey Kıbrıs Türk Cumhuriyyətini tanımasına mane olacaq əngəl qalmayacaq.

Elxan Şahinoğlu - DİA.AZ

Geri qayıt