Əsas Səhifə > Dünya > BRİCS anti-NATO blokuna çevriləcəkmi?

BRİCS anti-NATO blokuna çevriləcəkmi?


23-08-2023, 11:47
BRİCS anti-NATO blokuna çevriləcəkmi?
Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının 15-ci zirvə toplantısı işə başlayıb. BRCİS-in pandemiya səbəbindən 3 sammiti təxirə salınmışdı. Buna görə də bu sammitə maraq böyük idi.
Gözlənildiyi kimi, Rusiya prezidenti Vladimir Putin toplantıya qatılmayıb. Səbəbi bəllidir. CAR Beynəlxalq Cinayət Məhkəməsinin anlaşmasına imza atıb. Məhkəmə isə Ukrayna müharibəsinin dəhşətlərinə görə, Rusiya prezidentinin həbsinə qərar verib. Yəni Vladimir Putin CAR-a getsəydi, bu ölkə Rusiya prezidentini həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməliydi. Bu baş verməsin deyə, CAR prezidenti rusiyalı həmkarına məsləhət görüb ki, toplantıya internet üzərindən qatılsın. Putin toplantıya öz əvəzinə xarici işlər naziri Sergey Lavrovu göndərib. Vladimir Putin video müraciətində təşkilatın artan gücündən danışıb. Putin həmişəki kimi Qərbi ittiham edən fikirlər səsləndirib, ticarət münasibətlərində dollardan imtina mövzusuna toxunub.
BRİCS-ə maraq getdikcə artır. Təşkilata üzv ölkələrin ümumi əhalisi 3 milyard 240 milyon civarındadır. Bundan başqa üzv ölkələrin iqtisadiyyatlarının ümumi həcmi 26 trilyon dollara yaxındır. Bu, dünya iqtisadiyyatının 26 faizini təşkil edir. Bu səbəbdən təşkilata üzv olmaq istəyən ölkələrin sayı çoxdur. Misal üçün 40 ölkə toplantıya müşahidəçi qismində internet üzərindən qatılıb.
Cin lideri Tsi Cinpin CAR-da daha əvvəl gəlib. Cinpin Cin-CAR diplomatik münasibətlərinin qurulmasının 25 illik tədbirlərinə qatılıb. İki ölkə enerji sahəsində sıx əməkdaşlıq edir. CAR iqtisadi gücünə görə Afrika qitəsinin lider ölkəsidir. Pekin buna görə bu ölkə ilə əməkdaşlığa daha çox əhəmiyyət verir. Afrikada fəallaşan Çin bu qitədə Qərb şirkətlərini sıxışdırmağa çalışır. Çinin CAR-da 200 şirkəti mövcuddur. İki ölkə arasında ticarət mübadiləsinin həcmi 32 milyard dollardır. Tsi Cinpin BRİCS toplantısı çərçivəsində Çin-Afrika sammitində də iştirak edəcək.
Böyük Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə, Pekin BRİCS-i “böyük yeddilərə” alternativ təşkilata çevirmək istəyir. Bundan başqa Pekin təşkilata daha çox ölkənin üzvlüyünə müsbət yanaşır. Pekinin və Moskvanın məqsədi BRİCS-i anti-Qərb blokuna çevirməkdir. Ancaq bu alınmayacaq. Rusiya və Çinin xaricində BRİCS-in digər 3 üzvü – Braziliya, Hindistan və CAR Qərblə qarşıdurmada maraqlı deyillər. Bu 3 ölkə Rusiya və Çinlə yanaşı ABŞ və Avropa İttifaqı ilə də sıx əməkdaşlığın tərəfdarıdırlar.
“Hinrich Foundation” Mərkəzinin araşdırmasına görə, Çin Afrikada Qərbi qabaqlamaqla Qara qitə ölkələrində qəbul olunan siyasi qərarlara da təsir gücünü artırır. Mövcud vəziyyət Vaşinqtonu və Brüsseli ciddi narahat edir. Avropa İttifaqı Çindən geri qalmamaq üçün Afrika qitəsi üçün strateji “Global Gateway” dəstək proqramını qəbul edib. Bu proqram çərçivəsində 2021-2027-ci illər arasında Afrika ölkələrinə təxminən 300 milyard avro yatırım cəlb olunmalıdır. “Böyük yeddilər” isə Afrika qitəsinə 600 milyard dollar yatırım qoymağı planlaşdırırlar.
Çinin Afrika qitəsinə artan marağına baxmayaraq, Pekin son vaxtlar çətinliklərlə üzləşib. Birincisi, Çin iqtisadiyyatı keçmiş illərdəki artım gücünü itirməyə başlayıb. Bu Çinin xarici ölkələrdə investisiya siyasətinə də mənfi təsir edir. İkincisi, “Gavekal Dragonomics” Araşdırma Mərkəzinin son hesabatına görə, Pekinin son illərdə təhlükəsizlik məsələlərinə diqqəti və bölgədə hərbi gücünü artırması onun iqtisadi təşəbbüslərini arxa plana atıb.
“Atlas” Araşdırmalar Mərkəzi - DİA.AZ

Geri qayıt