Əsas Səhifə > Dünya > Sarı köynək, mavi qalstuk...

Sarı köynək, mavi qalstuk...


25-08-2023, 10:37
Sarı köynək, mavi qalstuk...
2022-nin mart ayının əvvəli idi. Rus işğalının başlamasından 10-15 gün keçmişdi.

“Haber Global” kanalından zəng elədilər ki, axşam 4 saatlıq canlı yayına dəvət edirik. Proqramın prodüserinə “Kimlər olacaq studiyada?” sorduğumda: biri sizin dostunuz Osman Qazi Kandemir Paşa, o biri də QU4TRO Siyaset Stratejileri Başkanı Elif Dördüncü Aydemir.

Elif xanımı qiyabi tanıyırdım, Sorbonn Universitetində Xarici siyasət üzrə doktorluq yazmış bu qadının bəzi fikirlərini bəyənirdim. Amma Ukrayna məsələsinə münasibətini bilmirdim. Osman Paşaya zəng elədim ki, sən varsan deyə mən də gəlirəm…

Ukraynadakı bir neçə dostum türkcə bilməsələr də, bəzən “Haber Global” kanalını internetdən izləyir, ekran şəklimi çəkib mənə göndərirdilər. Həyat yoldaşım dedi ki, gəl dostlarına sürpriz edək, efirə geyinmək üçün Ukrayna bayrağının rənglərindən bir şeylər seçək. “Sarı köynəyim var, amma düz mavi qalstuku indi hardan tapım?” deyə soruşdum. Gedib nə vaxtsa Nuh əyyamından qalma bir qalstuk tapıb gətirdi. O qədər enli bir qalstuq idi ki, heç açıb taxmamışdım belə.

Doğru düşünmüşdü yoldaşım, ukraynalıları sevindirmək lazım idi. O axşam efirə sarı köynək, mavi qalstukla çıxdım. Efirdən əvvəl Elif xanımla tanış oldum, tez dostlaşdıq.

Proqram başlayanda moderator sözü əvvəlcə Elif Aydemirə verdi. O da sağ olmuş siyasəti kənara atıb başladı hərb sənətindən, quru hərəkatı ilə hava hücumu kimi spesifik şeylərdən danışmağa. Osman Paşa nəsə etiraz etməyə başladı ki, Hocam, siz ən yaxşısı siyasət strategiyalarından danışın, topu-tüfəngi mənə buraxın. Ancaq Elif xanım durmadı, bu səfər də başladı atom bombasından, nüvə reaktorlarından danışmağa. Mən müdaxilə etdim bu dəfə, sözünü ehmalca kəsib dedim ki, bəlkə, Budapeşt memorandumundan danışaq. Qulaq asmadı təklifimə.

Osman Paşa qarşımda əyləşmişdi. Mənə göz-qaş elədi ki, telefonuna bax. Mesaj atmışdı: “Lütfen bir şeyler yap”. Anladım ki, küsüb gedəcək. Özümü toplayıb Elif xanımın sözünü bir də kəsdim, “Elif xanım, bilirsizmi, Dünyaya ədalət nə zaman gələcək?” deyə sual etdim və cavabını da gözləmədən “Türk xalqları Atom Silahına sahib olandan sonra” dedim…

Moderator Sinem Toluay Ilgaz proqramı reklama götürdü.

Reklam fasiləsində Osman Paşa ilə Elif xanımı barışdırdım, türklərin deyimi ilə “İşi tatlıya bağladım”. Ancaq bir general-leytenantla bir politoloqu ortaq məxrəcə gətirmək, bilsəniz, nə qədər çətinliklə oldu…

Gecə 12-ni xeyli keçmiş kanaldan çıxıb evə gedirdim. Telefonumun səsi birdən qaranlığın səssizliyini dəldi. Uşaqlıq dostum içkili bir səslə “Ala, yekə oğlansan, ala, televizora nöş Fenerbağça rəngləri ilə çıxırsan?” deyə məni azarladı.

Mənim kimi Galatasaraylıdır sinif yoldaşım. Dedim ki, gələn dəfə Cimbomun rəngində – sarı və qırmızı rənglərdə çıxacam efirə. Bir həftə sonra hansısa bir kanala qırmızıya çalan bir pencəyin içinə həmin o sarı köynəyi geyinib çıxdım. O axşam proqrama Buça faciəsinin rəngi – al qırmızı qan rəngi hakim idi…

Bu gün (dünən – red.) – 24 avqust Ukraynanın müstəqillik günüdür.

Слава Україні !!!

Müəllif: İbrahim Nəbioğlu
//AYNA//
Geri qayıt