Əsas Səhifə > Dünya > Putinin Türkiyə səfərindən yayınmasının səbəbləri: Ərdoğan Soçiyə yollanır
Putinin Türkiyə səfərindən yayınmasının səbəbləri: Ərdoğan Soçiyə yollanır29-08-2023, 16:37 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin öz ölkəsinə səfər etməsini gözləsə də, məsələ bir qədər fərqli yön aldı. İlk olaraq ondan başlayaq ki, Putinin Türkiyəyə səfər qrafikinin müəyyən edilməsi ətrafında qeyri-müəyyənliklər davam edirdi, bunun ilkin səbəbi, belə görünür ki, Rusiya liderinin ümumiyyətlə Türkiyəyə getmək barədə tərəddüd etməsidir. Ən azından, onu göz önündə canlandırmaq lazımdır ki, Beynəlxalq Cinayət Məhkəməsi Putin haqqında həbs qərarı verib, hərçənd, Türkiyəyə getsəydi, Ərdoğan onun saxlanılmasına göstəriş verməzdi. Başqa bir məsələ “Vaqner”in keçmiş rəhbəri (artıq ölüb) Yevgeni Priqojinin məlum qiyam cəhdindən sonra Kreml daxilindəki saray çəkişmələrinin artmasıdır. Putin ona görə, necə deyərlər, yerindən tərpənməkdən qorxa bilər, çünki Priqojin qiyamının motivləri nə olursa-olsun, Rusiya hərbi-siyasi elitasındakı hakimiyyətin ali eşelonları uğrundakı iddiaları üzə çıxardı. Bu, Putin üçün həssas məqamdır, ona görə də Rusiya lideri hələ ayağını ölkə xaricinə basmamağı məqsədəuyğun hesab edə bilər. Böyük ehtimalla Ərdoğan plan qurmuşdu ki, Putini İstanbulda qəbul etsin, çünki İstanbul Rusiya-Ukrayna müharibəsinin sülhlə yekunlaşmasında mühüm platforma kimi rola malikdir. Ancaq Türkiyənin də Qərblə münasibətlərində istiləşmə müşahidə olunmaqdadır, o baxımdan fikir bildirmək mümkündür ki, Ərdoğan ölkəsinin beynəlxalq nüfuzunu düşünərək Putinin gəlişi məsələsini alternativlə əvəzləyib. Bəli, Ərdoğanın Soçiyə gedərək Putinlə görüşəcəyi bildirilir, tuneldə saçan işığın əhatə dairəsi belə versiyanı önə çıxarır ki, Türkiyə lideri rusiyalı həmkarı ilə görüş məkanının dəyişməsindən narahat deyil. Burası da var ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynaya səfər edib görüşlər keçirdikdən sonra Ərdoğan-Putin görüşünün yerinin dəyişməsi barədə məlumatlar ortaya çıxdı. Lakin bunlar detallardır, geniş müstəvidə Türkiyə üçün indi ən vacib olanı Rusiya-Ukrayna arasındakı müharibəni özünün moderatorluğu vasitəsilə sonlandırmaqdır. Ankaranın məntiqi strateji irəliləyişə nail olmaqdır, o, özünü Rusiya-Ukrayna münaqişəsinin arasında yerbəyer edərək sülh prosesində ən üst mövqelərə çıxmağa çalışır. Əgər Türkiyə vasitəsilə sülh əldə edilsə, Ankaranın beynəlxalq profili onu qlobal oyunçu zolağına salacaq. Bu baxımdan, Ərdoğan “Türkiyə olmasın, Rusiya olsun, əsas - məqsədə nail olmaqdır” məntiqindən çıxış edir, ancaq onun Putini yola gətirməsi çox çətin görünür. İlk olaraq Türkiyə “Taxıl sazişi”ni bərpa etmək üçün Putini ələ almağa çalışacaq, buna nail olunsa, Ankara sülh sazişi üzrə səylərindəki manevrlər sahəsini genişlədəcək. Bununla belə, Rusiyanın neoimperiya məramından geri dönməməsi, Putinin Ukraynanı “qırmızı xətt” kimi görməsi Türkiyənin işini çətinləşdirir, elə hesablamaq olar ki, Ərdoğanla görüş gərgin müzakirələr atmosferində keçəcək. Liderlərin razılıq sərhədlərinə yaxınlaşmaq hədləri iki ölkənin Suriya, Afrika, Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə sövdələşmələr ehtimallarından da asılı olaraq qalmaqdadır. Deməli, Putin-Ərdoğan görüşündəki müzakirələr geniş beynəlxalq gündəliyi əhatə edə biləcək önəmə sahibdir. Elə buna görədir ki, beynəlxalq və regional oyunçular, onların ambisiyalarının əhatəsində qalan dövlətlər Putinlə Ərdoğanın görüşü və onun nəticələrini böyük həyəcanla gözləyirlər. Ərdoğanla Putinin dil tapmaq təcrübəsi olduğundan görüşdən müəyyən nəticələr gözləməyə dəyər, lakin inandırıcı gəlmir ki, nə Rusiya, nə də Türkiyə maraqlarını bir-birinə güzəştə getsin. Güzəşt olmayacaqsa, onda daha səmərəli əməkdaşlıq platforması üçün planlar cızıla bilər ki, bu da Rusiya-Ukrayna münaqişəsinin fonunda başqa regionlarda öz təsirlərini göstərər. Ərdoğanın səfərinin əhəmiyyəti həm də burasındadır ki, görüş zamanı Rusiyanı mümkün nüvə ritorikasından uzaq tuta biləcək şifahi razılıq əldə edilə bilər. Nəticə çıxarası olsaq, Ərdoğanın səfərindən sonra Ukrayna cəbhəsində fərqli bir vəziyyət yaranacağı gözlənilmir. Çünki rəsmi Kiyev əks-hücum əməliyyatlarından bol bəhrə görməyə ümid edir, Moskva isə Ukraynanı ram edəcəyinə inanır. Aqşin Kərimov //oxu.az// Geri qayıt |