Əsas Səhifə > Dünya > Paşinyan təhlükəsizliyin sadəcə Rusiyadan asılı olmasını 'strateji səhv' adlandırır

Paşinyan təhlükəsizliyin sadəcə Rusiyadan asılı olmasını 'strateji səhv' adlandırır


4-09-2023, 08:27
Paşinyan təhlükəsizliyin sadəcə Rusiyadan asılı olmasını 'strateji səhv' adlandırır
Ermənistan baş naziri deyib ki, Ermənistanın təhlükəsizliyinin sadəcə Rusiyadan asılı olması "stratejik səhv" olub. Onun sözlərinə görə, rəsmi Moskva təhlükəsizlikliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.

Nikol Paşinyan bu sözləri sentyabrın 3-də, İtaliyanın "La Repubblica" məcmuasına verdiyi müsahibəsində deyib.

Ermənistan - Rusiya münasibətləri
Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazdakı rolundan da danışıb. Onun sözlərinə görə, Rusiya regionu tərk etmək mərhələsindədir.

Ermənistan baş naziri Rusiyanın öz atdığı və ya atmadığı addımlara görə Cənubi Qafqazı tərk edəcəyini deyir:

"Rusiya artıq uzun müddətdir ki, Cənubi Qafqazdadır. Ancaq biz elə hallar görmüşük ki, bir gün, bir ay və ya bir ildə Rusiya Qafqazı tərk edib. Məsələn indi bir çox rusiyalı tərəfdaşlarımız qərb dövlətlərinin Ermənistanla işləməsindən və ya Ermənistan hökümətinin Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlmiş tədbirlər görməyə sövq etməsindən danışırlar...."

Nikol Paşinyan Rusiyanın regiondan getmək mərhələsində olduğunu deyir.

"Ancaq rusiyalı tərəfdaşlarımızla danışanda öz fikrimiz səsləndiririk ki, Rusiya öz atdığı və ya atmadığı addımlara görə regiondan gedir. Hansı səbəblərdən olduğunu isə bilmirik...." - o müsahibəsində deyib.

Hələlik, Rusiya rəsmiləri Ermənistan baş nazirinin bu açıqlamaları haqda münasibət bildirməyib.

Laçın dəhlizi
Ermənistanın baş naziri müsahibəsində Laçın dəhlizi haqda da danışıb:

"...Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində olmalıdır ancaq həmin dəhliz sülhməramlıların nəzarətində deyil. Niyə? Bunun iki səbəbi ola bilər: ya Rusiya bunu bacarmır ya da Laçın dəhlizində nəzarəti saxlamaq istəmir. Bizim üçün hər iki səbəb də problemlidir..." - Nikol Paşinyan deyib.

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.
//AzadlıqRadiosu//
Geri qayıt