Əsas Səhifə > Dünya > “Ukraynanın qələbəsi dünyaya nicat, məğlubiyyəti fəlakət vəd edir”

“Ukraynanın qələbəsi dünyaya nicat, məğlubiyyəti fəlakət vəd edir”


11-09-2023, 14:00
“Ukraynanın qələbəsi dünyaya nicat, məğlubiyyəti fəlakət vəd edir”
XXI əsrin üçüncü onilliyi xüsusi özəllikləri ilə yadda qaldı. Bu dövrdən etibarən dünya yeni siyasi-hərbi nizam, iqtisadi düzən axtarışına çıxdı. Daha doğrusu, sözügedən zaman kəsiyində regional qarşıdurmalar yavaş-yavaş lokal müstəvidən çıxaraq geniş məkanlara yayılmağa başladı.

Ötən ilin fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi Qərb və anti-Qərb koalisiyası arasında münasibətləri düşmənçilik həddinə çatdırdı. Son illərin ən böyük siyasi-hərbi hadisəsi mübahisəsiz olaraq Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü sayılır. Yüzminlərlə insanın həlak olduğu qanlı döyüşlər davam edir və bu müharibənin Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı narahatlıqları var.

Beynəlxalq ictimaiyyəti düşündürən əsas suallar bunlardır: Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək? Bu müharibənin qalibi kim olacaq – Rusiya, yoxsa Ukrayna? Postmüharibə dövründə regionda sabitliyi bərqərar etmək mümkün olacaqmı? Daha bir sual isə Rusiyanın və yaxud Ukraynanın qalib gələcəyi təqdirdə, nələrin baş verəcəyi ilə bağlıdır.

DİA.AZ-ın məlumatına görə, hərbi ekspert Üzeyir Cəfərov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Rusiya müharibənin ilkin dövründə qalib gələ bilərdi: “Keçici olaraq Rusiyanın müəyyən uğurları ola bilər. Misal üçün, hansısa ərazini ələ keçirə və müəyyən üstünlüyü ələ ala bilər. Lakin bu, uzunmüddətli qələbə olmayacaq. İlkin dövrdə Rusiya Ukraynanı məğlub edə bilərdi. Bunun üçün çox qısa zamanı var idi. Yəni, məsələni bir neçə həftə ərzində həll etməli idi. Çünki onda güclüydülər, iddialıydılar, resursları var idi. Ardınca Litva, Latviya, Estoniya, Polşa və digər ölkələr hədəfdə olacaqdı. Buna nail olmadılar. İndi isə Rusiya daha əvvəlki Rusiya deyil. Nə siyasi, nə iqtisadi, nə də hərbi gücü var. Nüvə ritorikası da mənasızdır. Bu, Rusiyanın sonu deməkdir”.

“Hazırda daxildən də Putinə dəstək yoxdur. Ukrayna əhalisi müqavimət ruhuna bürünsə də, ruslar müharibədən yayınmağın yolları barədə düşünürlər. Hesab edirəm ki, bu müharibədə Rusiya məğlub olacaq. Bu baxımdan onlar üçün ən düzgün yol qoşunlarını geri çəkməkdir. Bunu nə qədər tez etsələr, gözlənilən təhlükədən yayına biləcəklər. Proses uzandıqca Rusiya bütün dayaqlarını itirəcək”, - deyə həmsöhbətimiz bildirib.

Cəfərov əmindir ki, Ukrayna bu müharibədə qalib gələcək və bu qələbə dünya nizamını dəyişəcək: “Rusiyanın təzyiqləri olmayacaq. Bu da öz növbəsində regionda separatizm təzahürlərinin aradan qalxması deməkdir. Eyni zamanda, dünyanın siyasi, iqtisadi mənzərəsi dəyişəcək. Hərbi sahədə fərqli situasiyanın şahidi olacağıq. Elə Azərbaycanın özü Qarabağda çox şeyi dəyişəcək”.

DİA.AZ-ın məlumatına görə, sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli də AYNA-ya şərhində söyləyib ki, sözügedən müharibənin nəticələri böyük dəyişikliklərə yol açacaq: “Ukraynanın qələbəsi bütün postsovet məkanı üçün perspektivlər açacaq. Təkcə keçmiş ittifaq ölkələri yox, bəzi dünya dövlətləri üçün də bu, böyük qələbə deməkdir. Çünki Moskva imperialist siyasət yürüdür və bu dövlətləri öz nəzarətindən kənar təsəvvür etmək istəmir. Kim ki, onun iradəsinə qarşı çıxır, həmin bölgələrdə münaqişə ocaqları yaradırlar”.

“Ukrayna bu müharibədə qalib gələrsə, bu, artıq Rusiyanın qeyd olunan regionlara nəzarəti itirməsi demək olacaq. Bu, dünyada yeni nizam yaradacaq və bundan milyonlar, bəlkə də milyardlarla insan üçün ümid işığı doğacaq”, - deyə analitik vurğulayıb.

Müsahibimiz əmindir ki, əgər müharibə Rusiyanın qələbəsi ilə yekunlaşarsa, region üçün təhlükəli vəziyyət yaranacaq: “Təsəvvür edin ki, bundan sonra MDB məkanı Rusiyanın imperiya siyasətinin tərkib hissəsinə çevrilə bilər. Onsuz da müharibədən qabaq Moskvanın planı da elə bu idi. Rusiya Ukraynada qalib gələrsə, dayanmayacaq. Digər MDB ölkələrini də bu və ya digər şəkildə tam nəzarət altına almaq istəyəcək və mümkündür ki, buna nail olsun. Bunun isə hansı nəticələrə gətirib çıxaracağını təsəvvür etmək belə, dəhşətlidir”.

“Lakin hesab edirəm ki, bu, artıq mümkün deyil. Çünki Rusiya kifayət qədər zəifləyib. Əvvəlki qüdrəti yoxdur. Ukrayna da güclənib. Qərb dairələri Ukraynaya dəstək nümayiş etdirir. Bu dəstəyi azaldaraq, özlərini yenidən 30-40 il arxaya atmazlar. Bu müharibə uzun çəkə bilər. Yəni, bir neçə aya, yaxud da bir neçə ilə başa çatmaya bilər. Amma bu müharibənin yekunda qalibi Ukrayna olacaq. Əsas məsələ hansı şərtlərlə qalib olmasıdır. Rusiya bu müharibədə tam şəkildə məğlub olsa, bu, regionun qələbəsi olacaq”, - deyə Hüseynli fikrini tamamlayıb.

Geri qayıt