Əsas Səhifə > Dünya > Qərbdən sülh çağırışları: Moskva razı görünür, Kiyevin şərtləri var
Qərbdən sülh çağırışları: Moskva razı görünür, Kiyevin şərtləri var12-09-2023, 08:16 |
ABŞ Moskvanın oxşar təkliflə çıxış edəcəyi təqdirdə Ukraynanın Rusiya ilə danışıqlara hazır olacağına əmindir. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib. Dövlət katibi qeyd edib ki, Vaşinqton Kiyevi dəstəkləyəcək və danışıqlara qoşulacaq. Blinken həmçinin əlavə edib ki, münaqişə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü əks etdirəcək ədalətli və sabit şərtlərlə bitməlidir. Eyni zamanda, dövlət katibi qeyd edib ki, hazırda ABŞ Moskvada münaqişənin diplomatik yolla həllinə maraq əlamətləri görmür. “Danışıqlara gəlincə, tanqo rəqsi üçün iki nəfər lazımdır. İndiyədək biz Rusiya Prezidenti Vladimir Putinin diplomatiya ilə maraqlandığını göstərən heç bir əlamət görməmişik. Putin istəsə, düşünürəm ki, danışıqlara ilk olaraq ukraynalılar girəcək”, Blinken əlavə edib. Bir müddət əvvəl fransız siyasətçisi və analitik Luk Ferri bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğu səbəbindən Rusiya ilə danışıqlar qaçılmaz olacaq. Politoloq qeyd edib ki, Kiyevin əks-hücum əməliyyatı ABŞ-ın çoxmilyardlı hərbi dəstəyinə baxmayaraq, uğurlu olmayıb. Analitik Sarkozinin Ukraynanın Rusiya Federasiyası ilə Qərb arasında körpü olması fikrini dəstəkləyib. Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Riçard Balf da oxşar fikri səsləndirib. Balf Ukrayna və Rusiyanın coğrafi cəhətdən qonşu olduqlarına, buna görə də sülh danışıqlarının qaçılmaz olduğuna işarə edib. Eyni zamanda, deputat Moskva ilə Kiyev arasında danışıqların Ukrayna Prezidenti Volodimir Zelenski istədiyi zaman başlayacağını vurğulayıb. Öz növbəsində, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixayıl Podolyak bildirib ki, hazırda Rusiya ilə sülh danışıqlarına başlamaqdan söhbət gedə bilməz. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hakimiyyətdə qaldığı müddətdə Kiyev Moskva ilə danışıqlar aparmayacaq. “Bundan əlavə, Ukrayna yalnız rus qoşunları cəbhədə ciddi məğlubiyyətlərə məruz qalmağa başlayarsa, danışıqlar barədə düşünəcək”, Podolyak qeyd edib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə bildirib ki, rəsmi Kiyev Moskva ilə yaxın vaxtlarda danışıqlar aparmaq imkanını görmür. “Bəli, Ukrayna danışıqlarla bağlı oxşar çağırışlar eşidir, amma biz bu çağırışlara məhəl qoymayacağıq. Bu səsləri susdurmaq üçün beynəlxalq hüquq və cinayət qanunvericiliyi çərçivəsində hər şeyi edəcəyik”, - Kuleba vurğulayıb. Onu da bildirək ki, iyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların yalnız ölkəsinin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olunması şərti ilə mümkün olduğunu bildirib. Onun sözlərinə görə, söhbət 1991-ci ilin sərhədlərindən gedir ki, bu sərhədlərə təkcə ölkənin cənub-şərqi deyil, həm də Krım daxildir. Rusiya tərəfi isə danışıqlara hazır görünür. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva heç vaxt Kiyevlə danışıqlardan imtina etməyib. Onun sözlərinə görə, eyni zamanda, heç kim Moskva ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı yeni sülh təşəbbüslərini müzakirə etməyib. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov isə bildirib ki, Ukraynadakı münaqişə ilə bağlı sülh danışıqlarına başlamaq üçün Qərb dövlətləri Rusiyanın maraqlarını nəzərə almalıdır. Eyni zamanda, XİN rəhbəri Rusiyanın Ukrayna ilə bağlı danışıqlardan imtina etməsi ilə bağlı tezisini “yalan” adlandırıb. //AYNA// Geri qayıt |