Əsas Səhifə > Dünya > “SSRİ-nin bərpası” illüziyası: “Onlarla çox çətin olacaq”

“SSRİ-nin bərpası” illüziyası: “Onlarla çox çətin olacaq”


22-09-2023, 19:00
“SSRİ-nin bərpası” illüziyası: “Onlarla çox çətin olacaq”
Yəqin ki, heç kimə sirr deyil ki, Böyük Pyotrun uğurlarının rahatlıq vermədiyi Rusiya Prezidenti Vladimir Putinin xəyalı “cəsəd” dövlətin - Sovet İttifaqının reanimasiyasıdır. Aydındır ki, qədim yunan filosofu Heraklitin “eyni çaya iki dəfə girmək olmaz” aforizminə məhəl qoymayaraq, 21-ci əsrin uğursuz “Bütün Rusiyanın İmperatoru” manyakal əzmkarlıqla sərsəm ideyanı həyata keçirməyə çalışır.

Hələ 2005-ci ildə Vladimir Putin SSRİ-nin dağılmasını “milyonlarla insanın faciəsi və geosiyasi fəlakət” adlandırmışdı ki, bu da təkcə onun nostalji hisslərini deyil, həm də qonşu ölkələr üçün Rusiya Federasiyası dövlət başçısının əsl niyyətləri barədə bir növ açıqlama olduğunu göstərirdi.

Üç il sonra, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi başladı, nəticədə Gürcüstan Abxaziya və Cənubi Osetiya kimi ərazi itkiləri verdi. Bunun ardınca 2014-cü ildə Krımın ilhaqı baş verdi və bu, beynəlxalq ictimaiyyət arasında o qədər də hiddət yaratmadı. Sivil dünya sadəlövhcəsinə Rusiyanın ambisiyalarının təmin olunduğuna inanaraq, süst, deklorativ bəyanatlarla məhdudlaşdı.

Cəzasız qalacağına əmin olan Putin SSRİ-nin bərpasına az qaldığına inanaraq, 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başladı. Təcavüzkar inanırdı ki, tez zamanda ukraynalı “nasistləri qoz qabığı kimi” əzəzcək, bundan sonra digər postsovet ölkələrinə “sovet xoşbəxtliyi”ni təqdim etmək mümkün olacaq.

Ancaq bildiyiniz kimi, Ukraynada hər şey Kremlin planı ilə getmədi: Moskva boğazına qədər “Ukrayna bataqlığında” ilişib qaldı və SSRİ ilə bağlı xəyallar unudulmalı oldu. Lakin, məlum olduğu kimi, uzun müddətə deyil. Rusiyada imperialist yırtıcı düşüncənin sağlam düşüncədən daha güclü olduğu ortaya çıxdı.

“Sovet mövzusu” özünü yenidən hiss etdirdi. Lakin bu dəfə Putinin arzusunu hakim “Vahid Rusiya” partiyasının üzvü, Dövlət Dumasının deputatı Yevgeni Fyodorov səsləndirib. Rusiya mətbuatı xəbər verir ki, o, Dövlət Dumasına qanun layihəsi hazırlayıb və həmin layihədə keçmiş SSRİ tərkibində Rusiya imperiyasının bərpasını təklif edib.

Deputat öz mövqeyini onunla əsaslandırıb ki, guya müstəqil dövlətlərin, keçmiş işğal olunmuş respublikaların ərazisində hər zaman müxtəlif münaqişələr baş verir. Buna görə də, Rusiya bu ölkələrin hər biri ilə vuruşmalı olsa belə, onları SSRİ-yə qaytarmaq "məntiqli" olardı.

Onun sözlərinə görə, indiki Ukrayna işğalı belə qayıdışın başlanğıcıdır. Hesab edir ki, keçmiş İttifaq respublikaları Rusiya Federasiyası ilə münaqişə vəziyyətində idi və gələcəkdə də münaqişədə olacaqlar.

"Bütün keçmiş respublikalar gec-tez Rusiya ilə toqquşacaq və ya döyüşəcək – bu, nəzəriyyə məsələsidir", - Fyodorov deyib.

O, həmçinin əmindir ki, Rusiya mahiyyətcə Sovet İttifaqıdır və o, sadəcə olaraq öz ərazilərini qaytarır.

Bu, nədir – növbəti bir təbliğati cəfəngiyyat? Və ya bəlkə bu, Kremlin artan iştahının bir növ elanıdır və Fyodorovun sözləri ciddi qəbul edilməlidir?

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov AYNA-ya açıqlamasında söyləyib ki, bu cür təşəbbüslər və qərarlar əsasında, hətta Rusiyanın özündə belə, bəzi analitiklər, media və ümumiyyətlə, bəzi vicdanlı vətəndaşlar Dövlət Dumasını “Dövlət Durası” adlandırırlar: “Və bu cür təşəbbüslər, fikrimcə, Rusiya qanunvericilərinin onsuz da o qədər də yüksək olmayan hörmətini plintusdan aşağı səviyyəyə endirir. Bir vaxtlar rusiyalı parlamentarilər Belovejskaya sazişlərini pisləyiblər. Və nə? Onlar tarixi yenidən yazmaq üçün mütəxəssislər deyillər. Və hansısa bəyanatı qəbul edərək, nəyinsə dəyişəcəyini düşünürlər? Heç nə dəyişməyəcək”.

“Sadəcə olaraq, bu deputat öz qeyri-adekvatlığı ilə və Dövlət Dumasında bu təşəbbüsə baxılarsa və ya bununla bağlı hansısa qərar qəbul edilərsə, həmkarları da həm parlamenti, həm də siyasi sistemi gözdən salacaqlar. Biz isə onlara qeyri-ciddi insanlar kimi yanaşacağıq”, - deyə həmsöhbətimiz bildirib.

Deputat bəzi rusiyalı deputatların daha da axmaq bəyanatlar verməsindən təəssüfünü ifadə edib: “Məsələn, Dövlət Dumasının deputatı Mixail Delyagin Azərbaycanın neft və boru kəməri strukturuna nüvə zərbəsi endirməyi təklif edib. Yaxud Jirinovski və onun tərəfdarları da bu cür cəfəngiyyatları ara-sıra dilə gətirirdilər. Ona görə də hesab edirəm ki, deputat Fyodorovun sözlərinə rusiyalı parlamentarilərin özlərini nüfuzdan salan qeyri-ciddi bəyanat kimi yanaşmaq lazımdır”.

“Bundan əlavə, bu, Rusiya qanunvericilərinin hətta onlarla əlaqələr saxlayan ölkələrin parlamentləri ilə də əlaqə saxlamasını çətinləşdirir. Mən təbii ki, Azərbaycanı nəzərdə tuturam. Tam aydındır ki, bu cür təşəbbüslər və düşmən bəyanatlar Dövlət Dumasının divarları arasında dəstək taparsa, o zaman belə bir qanunverici orqanla münasibətləri saxlamaq son dərəcə çətin olacaq. Mən bunu Rusiya Federasiyası Federal Məclisi ilə Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın üzvü olan bir deputat kimi deyirəm. Yenə deyirəm ki, belə deputatlarla işgüzar münasibət saxlamaq çox çətin olacaq”, - deyə Musabəyov fikrini yekunlaşdırıb.

Geri qayıt