Əsas Səhifə > Dünya > Ermənistan Əfqanıstanlaşdırılır

Ermənistan Əfqanıstanlaşdırılır


27-09-2023, 07:49
Ermənistan Əfqanıstanlaşdırılır
Qarabağdan 30 minə yaxın narazı erməninin Ermənistana getməsi qonşu ölkədə qarabağlı-irəvanlı ziddiyyətini daha da körükləyir və bu, erməni mətbuatında da özünü açıq şəkildə büruzə verir. Bir azdan erməni yazarlardan birinin qələmə aldığı "İrəvanlılar həmişə Qarabağa borcludurlar?" sərlövhəli yazını tərcümə edib diqqətinizə sunacağam. Ermənistanın ciddi media qurumlarından birində belə bir yazının dərc olunması vəziyyətin nə qədər tünd olduğunu göstərir.
Bunlar öz yerində. Məni maraqlandıran Rusiyanın indiki şəraitdə Ermənistanla bağlı hansı siyasəti yürüdə biləcəyi ehtimalıdır. Sirr deyil ki, onminlərlə narazı erməninin Ermənistana getməsi Paşinyana qarşı cəbhənin sıralarını xeyli artırdı. Rusiyaya xəyanət edən Paşinyanın devirmək istəyən Kreml üçün bu, göydəndüşmə fürsət yaradır. Amma bu sayda insanla narazılıq dalğasının böyüdülməsi Paşinyanı devirməyə yetərmi?
Məncə, yox. Rusiya öz hədəfinə çatmaq üçün yəqin ki, Rusiyadakı erməniləri də sıxışdaracaq. Özü də kasıb erməniləri. Onlardan 1 milyonu Ermənistana qayıtsa, qüvvələr nisbəti Paşinyanın ziyanına dəyişə bilər. Amma bunun da başqa bir təhlükəsi var - Ermənistanın vətəndaş müharibəsinə səhnə olması.
Hər halda ABŞ prezidenti Co Bayden Nikol Paşinyana yazdığı məktubunda onu nəyi var dəstəkləyəcəyini bəyan etmişdi. Yəqin ki, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq naminə öz sözünün üstündə duracaq da. Hətta bəzi erməni mənbələrinə inansaq, ABŞ prezidenti İrəvana göndərdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer vasitəsilə Paşinyana bəzi radikal tapşırıqlar da çatdırıb. Bu tapşırıqlara Rusiya ilə tamamilə əlaqələri kəsmək, rus hərbi qüvvələrini Ermənistandan çıxarmaq və s. kimi tələblər daxildir. Paşinyanın bu tələbləri yerinə yetirməsinə Rusiyanın səbrlə yanaşacağını gözləmək sadəlövhlük olardı.
Qısası, Ermənistanın Əfqanıstanlaşmasına bir şey qalmayıb və səmimi deyim, mən buna sevinmirəm. Çünki bizim üçün ikinci Əfqanıstanla qonşu olmaq yox, sülh içərisində və kommunikasiya əlaqələri açılmış regionda yaşamaq daha sərfəli olardı.

Heydər OĞUZ - DİA.AZ

Geri qayıt