Əsas Səhifə > Dünya > Liderlərin görüşünə ehtiyac var

Liderlərin görüşünə ehtiyac var


11-10-2023, 11:28
Liderlərin görüşünə ehtiyac var
Pekin Vaşinqtonla münasibətləri normallaşdırmağa çalışsa da, hələ ki, bu alınmır. Çin lideri Tsi Cinpin iyun ayında ABŞ dövlət katibi Entoni Blinken Pekində qəbul etmişdi. Bu görüş münasibətlərdə nisbi yumşalmağa yol açmalıydı. Çin rəsmiləri Blinkenlə münasibətlərin müxtəlif istiqamətlərini müzakirə etmişdilər. Ancaq bu səfərdən dərhal sonra ABŞ prezidenti Cozef Bayden Tsi Cinpini diktator adlandırdı. Bununla da münasibətlər yenidən gərginləşdi.
Pekin Vaşinqtonun “münasibətlərin normallaşması” vədlərinə inanmır. Buna baxmayaraq, Çin ABŞ-la dialoqdan imtina etmir. Pekin Vaşinqtonun Çinə münasibətinin dəyişəcəyinə ümid edir. Buna rəğmən, Çin və ABŞ liderlərinin görüşü hələ ki, mümkün görünmür. Sonuncu dəfə iki ölkənin lideri ötən il İndoneziyada “böyük iyirmilərin” sammitində görüşmüşdülər.
Liderlərin görüşü baş tutmadığına görə münasibətlərin normallaşması perspektivi yoxdur. Bu arada, Çin Xarici İşlər Nazirliyinin bəyanatında ABŞ “yalan imperiyası” adlandırılıb. Bu Çin Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinin bəyanatına cavab idi. Dövlət Departamentinin bəyanatında bildirilirdi ki, Çin hər il dezinformasiyanın yayılmasına, xarici mediaların alınmasına və senzuranın güclənməsinə milyardlarla dollar xərcləyir. Pekin bu iddiaları qəbul etmir.
Buna baxmayaraq, iki ölkə iqtisadi əlaqələrdən imtina etmirlər. Vaşinqton və Pekin bir-birinə qarşı münasibətdə gah qamçı, gah da kökə siyasətindən istifadə edirlər. “The Financial Times” dərgisi Çin-ABŞ münasibətlərinin gələcəyini Çinin iqtisadi artım tempinin azalması vəziyyətindən necə çıxacağı ilə əlaqələndirib. Çinin xarici bazarlara və texnologiyalara çıxışı məhdudlaşıb. Qərb ölkələri Çinin iqtisadi gücünü zəiflətməyə çalışırlar.
“Atlas” Araşdırmalar Mərkəzi
DİA.AZ

Geri qayıt