Əsas Səhifə > Dünya > `Yatmış Aslan`ı oyadan HƏMAS...
`Yatmış Aslan`ı oyadan HƏMAS...18-10-2023, 11:22 |
HƏMAS İsrailə hücum edən gecə aydın idi ki, cavabında İsrail Qəzza sektorunun altını üstünə çevirəcək. Şumlayıb, yerində badımcan əkəcək. Terrorçu təşkilatın köklərini qazacaq. Bunların hamısı aydın idi, çünki qisascıllıq İsrailin mövcudluğunun zəruri şərtlərindən biridir. 8 milyon yəhudi onu düşmən sayan 250 milyon ərəbin arasında ayrı cür yaşaya bilməz. İsrailin bir üzünə şillə vuranda o biri üzünü çevirsəydi, onu çoxdan xəritədən silmişdilər. Bu dövlət mövcudluğu üçün hərəkətləri ilə belə bir narrativi yaşatmağa məcburdur ki, yəhudiyə əl qaldıranın evi başına uçurulacaq. İçində dinc insanlar olsa belə. Amansızdır? Kifayət qədər! Amma başqa yolu da yoxdur… Fəqət bu amansızlığın olmaması üçün sadə resept var axı: Yəhudiyə dəymə, toxunma, onunla işin olmasın!.. Amma əks tərəf öz amansızlığını dayandırmaq üçün resept göstərmir. Kompromisə yer qoymur. Eləcə deyirlər ki, "bu torpaqda yəhudi dövləti olmamalıdır". Əgər bu məqsəd onlar üçün dəyərlidirsə, nəticələrinə də dözməlidirlər. Öz seçimləridir. Mən onların seçimlərinə hətta hörmət eləməyə də hazıram. Amma güclünü vurub qaçandan sonra "məni döyməyə gəlir" deyib, haray salmaq hörmətəlayiq bir mövqe deyil. Təbii ki, döyəcək, tapdalayacaq, atdöşü edəcək. Vurmayaydın. Axı o, xarakterini gizlətmirdi. Vüsal Məmmədov - DİA.AZ Geri qayıt |