Əsas Səhifə > Dünya > Terror riski və miqrasiya böhranı: İsrail-Fələstin müharibəsinin dünyaya təsirləri

Terror riski və miqrasiya böhranı: İsrail-Fələstin müharibəsinin dünyaya təsirləri


19-10-2023, 07:56
Terror riski və miqrasiya böhranı: İsrail-Fələstin müharibəsinin dünyaya təsirləri
İsraillə HƏMAS arasında gedən müharibə fonunda dünyada terror təhlükələri artır. FTB ABŞ-da terror aktları riskinin artdığını deyir, Brüsselin mərkəzində atışma zamanı iki nəfər ölüb, hücum edən şəxs “İslam Dövləti” terror təşkilatına mənsub olduğunu qışqırıb... Ona görə də potensial olaraq terror dalğasının dünyanı bürüyə bilməsi təhlükəsi mövcuddur. Və bu risk əhəmiyyətli dərəcədə artıb.

Belə şeylər prinsipcə, hər zaman hansısa ağırlaşma olanda baş verir. Axı terrorçu qruplar təkcə konkret regionda fəaliyyət göstərmir, həm də Avropa ölkələrində və ABŞ-da bu qruplardan var. Bunlar müvafiq bölgədən, müvafiq etnik azlığın nümayəndələri və ya müvafiq dinə etiqad edən insanlar ola bilərlər. Bundan əlavə, diqqəti yayındırmaq və ya diqqəti bir hansısa məsələyəı cəlb etmək üçün hər zaman müəyyən, deyək ki, terror hücumlarından istifadə etmək istəyi var.

Lakin bəzən terror aktları xüsusi təyinatlıların işi olmur. Bəzən bu, heç bir xüsusi "təşəbbüs" olmadan baş verir. Yəni kifayət qədər radikal düşüncəli insanlar, məsələn, dünya haqqında, müəyyən sui-qəsd nəzəriyyələri haqqında fikirlərini “təsdiqləyən” xəbərləri daim izləməklə bu və ya digər xarakterli müəyyən terror aktları həyata keçirə bilərlər.

Məsələn belə düşünən var ki, müəyyən bir “cinayətkar sionist rejim müsəlmanları məhv edir”... Bu məlumat həmin şüara uyğun təqdim olunur, qızışdırıcı faktora çevrilir.

Ancaq mənə elə gəlir ki, müxtəlif Qərb ölkələrində aktiv etirazlara və genişmiqyaslı aksiyalara baxmayaraq, vəziyyət nəzarətdə saxlanılacaq. Həqiqətən də, bir çox terror aktları törədən İŞİD-in yarandığı dövrdən fərqli olaraq, indi Qərb baş verə biləcək hadisələrə daha hazırlıqlıdır. Qərb ölkələri bunun necə bir problem olduğunu, nə dərəcədə qlobal ola biləcəyini yaxşı anlayır və qabaqlayıcı, proaktiv fəaliyyət göstərməyə çalışırlar.

Xüsusilə, bəzi Avropa ölkələrində oktyabrın 7-də İsraildə baş verən hadisələrdən dərhal sonra məscid və sinaqoqların təhlükəsizliyi gücləndirilib. Radikallığı və ya terror xarakterli hərəkətlərə hazır olması ilə bağlı müəyyən suallara cavab verən şəxslərin yoxlanılması ilə bağlı əlavə tədbirlər də tətbiq edilib. Məsələn, Almaniyada (bu çox əhəmiyyətlidir) hüquq-mühafizə orqanları faktiki olaraq ayrı-ayrı şəxslərin yoxlamaları və həbsləri üçün “kart-blanş” aldılar ki, bu da vəziyyəti nəzarətdə saxlamağa kömək edəcək. Eyni zamanda, bu, terror aktları törətmək üçün potensial təcrid cəhdlərini istisna etmir.

Bütün bunlar Qərb ölkələrinin miqrasiya siyasətində dəyişikliklərə səbəb olacaqmı? Aydındır ki, miqrasiya siyasəti gücləndiriləcək. Axı gördüyümüz kimi, məsələn, Misir Birləşmiş Ştatların Qəzza zolağından qaçqınları qəbul etmək zərurəti ilə bağlı çağırışına cavab olaraq (adı açıqlanmayan rəsmilərə görə) əslində bundan imtina etdi. Ona görə də Qərb ölkələri indi Suriyadakı analoji hadisələrdən sonra yeni genişmiqyaslı miqrasiya dalğasının baş verməməsi üçün hər şeyi edəcək. Nəzərinizə çatdırım ki, o vaxt bəzi ölkələr bu miqrant dalğasının öhdəsindən çətinliklə gələ bilirdilər və çətin ki, indi bu mənfi təcrübəni təkrarlamaq istəsinlər. Məhz buna görə də onlar İsraillə HƏMAS arasındakı münaqişəni tez bir zamanda həll etməyə çalışırlar.

Müəllif: İqor Reyteroviç - Siyasi elmlər namizədi, politoloq
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur

Geri qayıt