Əsas Səhifə > Dünya > Pekin Tacikistanı niyə qoruyur?

Pekin Tacikistanı niyə qoruyur?


1-11-2023, 10:58
Pekin Tacikistanı niyə qoruyur?
Tacikistan Çinlə birgə anti-terror təlimlərinə hazırlaşır. Bununla əlaqədar olaraq Çin lideri Tsi Cinpinlə Tacikistan prezidenti İmaməli Rəhman arasında saziş may ayında imzalanıb. Çinlə Tacikistan ən azı iki ildən bir birgə hərbi təlimlər keçirməyi qərarlaşıblar.
Çin Tacikistanla hərbi əməkdaşlığa və birgə hərbi təlimlərə nədən ehtiyac duyub? Bunun iki səbəbi var.
Birincisi, Çinin Tacikistanda böyük yatırımları və ortaq müəssisələri var. Əfqanıstanı Çinlə birləşdirəcək nəqliyyat yolu Tacikistan ərazisindən keçəcək. Bu yol Əfqanıstan üçün vacibdir. Yəni Pekin həm Tacikistandakı yatırımlarını qoruyur, həm də Əfqanıstanı regional layihələrə qatmaq istəyir.
İkincisi, Çin Əfqanıstanın Taliban rejimi ilə sıx əməkdaşlıq etsə də və Kabildə səfirliyinin fəaliyyəti bərpa olunsa da, Pekin bu bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsində qərarlıdır. Pekin Əfqanıstanın müxtəlif bölgələrindəki radikal islamçı qruplardan ehtiyatlanır. Taliban Çinlə siyasi və iqtisadi əməkdaşlığa üstünlük versə, Əfqanıstandakı bütün silahlı qruplara nəzarət edə bilmir. Pekini narahat edən də budur. Ona görə də Çin Tacikistanla birgə hərbi təlimlər keçirməklə Əfqanıstandakı radikal qruplara xəbərdarlıq mesajı göndərir.
Çin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üçün Düşnbəyə maliyyə yardımı da ayırıb. Tackistan bu yardımın hesabına sərhəddə 40 müşahidə postu qurub. Çinin dəstəyi hesabına sərhəddə hərbi mərkəz də tikilib. Bu bazanın tikilməsinə Çin 9 milyon dollar pul xərcləyib. Həmin hərbi mərkəzin bütün gündəlik xərclərini də Çin həyata keçirir. Pekin bundan başqa Düşənbədə terrorla mübarizə mərkəzinin inşasına19 milyon dollar ayırıb.
Çinin Tacikistanla sıx hərbi əməkdaşlığı Kremli narahat etməyə bilməz. Rusiya və Çin strateji tərəfdaşlar sayılsalar da, iki dövlətin Mərkəzi Asiya uğrunda mübarizəsi davam edir. Rusiyanın da Tacikistanda hərbi bazaları mövcuddur. Rusiya bu ölkədə bir başqa dövlətin hərbi varlığını istəmir. Buna baxmayaraq, Çin Mərkəzi Asiyaya yatırımlarla yanaşı hərbi gücüylə də gəlməyə başlayıb.
“Atlas” Araşdırmalar Mərkəzi
DİA.AZ

Geri qayıt