Əsas Səhifə > Dünya > Rusiya Ermənistanın Roma statutu ilə bağlı təklifini rədd edib

Rusiya Ermənistanın Roma statutu ilə bağlı təklifini rədd edib


3-11-2023, 09:23
Rusiya Ermənistanın Roma statutu ilə bağlı təklifini rədd edib
Rusiya Dövlət Duması və Federasiya Şurasında Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutundan yan keçmək üçün dövlətlərarası saziş imzalamaq təklifi rədd olunub.
Liberal-Demokrat Partiyasının sədri Leonid Slutski bildirib ki, Ermənistan dost olmayan addım ataraq, Roma statutunu imzalamamışdan əvvəl Rusiya öz təkliflərini vermişdi. Lakin İrəvan bu təkliflə razılaşmayıb. L.Slutskinin sözlərinə görə, indiki vəziyyətdə Ermənistanla saziş imzalamaq çıxış yolu deyil.

Federasiya Şurası beynəlxalq məsələlər komitəsi sədrinin müavini Vladimir Cabbarov da Rusiyanın Ermənistanla saziş imzalamayacağını bildirib. Senator deyib ki, Rusiya ümumiyyətlə Beynəlxalq Cinayət Məhkəməsini tanımır və bu qurumla bağlı hər hansı sənəd imzalamaq fikrində deyil. “Əgər biz bundan sonra da sülh və mehriban qonşuluq şəraitində yaşamaq, bir-birimizə yardım etmək və qarşılıqlı dəstək olmaq istəyiriksə, erməni həmkarlarımız Roma statutuna qoşulmaq qərarlarını geri çağırmalıdırlar”, - deyə o bildirib.

Xatırladaq ki, Ermənistan parlamenti oktyabrın 3-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bundan əvvəl, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Haaqada Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

AzVision.az

Geri qayıt