Əsas Səhifə > Dünya > Sunakın Kemeron SEÇİMİ...

Sunakın Kemeron SEÇİMİ...


14-11-2023, 11:36
Sunakın Kemeron SEÇİMİ...
Böyük Britaniyanın baş naziri Rişi Sunakın Devid Kemeronu xarici işlər naziri təyin etməsi maraqlı gediş idi. Kemeron 2005-2016-cı illərdə Mühafizəkar Partiyasının lideri, 2010-cu ildə isə, 43 yaşında ölkəsinin baş naziri olub. O istefa verdikdən sonra siyasətdən uzaqlaşıb. Buna baxmayaraq, Kemeron Sunakın təklifini qəbul edib. Bundan əvvəlki xarici işlər naziri Fələstin əleyhinə söylədiyi fikirlərə görə istefaya göndərilib. Rişi Sunak boşalan yerə namizəd axtararkən kabinetinin ümumi qərarıyla Devid Kemerona üstünlük verib.
Devid Kemeron Böyük Britaniyanın Avropa İttifaqınqa qalıb-qalmamaq məsələsiylə bağlı 2016-cı ildə referenduma razılıq vermişdi. Kemeron Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əleydarı idi və hesab edirdi ki, referendumda ingilislər “brexit”in əleyhinə olacaqlar. Kemeronun proqnozları səhv çıxdı, Böyük Britaniya Avropa İttifaqı ilə sağollaşdı. Devid Kemeron Çinlə münasibətlərin normallaşmasının, Rusiyaya qarşı isə sərt siyasətin davamının tərəfdarıdır. London son vaxtlar Pekinlə sıx dialoq qurmağa çalışır. Ancaq London bu zaman Vaşinqtona da boylanmaq məcburiyyətindədir. London Vaşinqtonun rəyinin əksinə olaraq Pekinlə çox yaxınlaşa bilməz. Təsadüfi deyil ki, ABŞ Çinə qarşı formalaşdırdığı AUKUS ittifaqında Avstraliya ilə yanaşı Böyük Britaniya da var. ABŞ və Böyük Britanikya AUKUS çərçivəsində və Çin təhlükəsi qarşısında Avstraliyanın hərbi dəniz qüvvələrini gücləndirmək barədə qərar qəbul ediblər. Odur ki, Kemeron bu siyasətə sadiq qalmalıdır. Kemeron Ukraynaya dəstək siyasətinin davamını da təmin edəcək.
Böyük Britaniya Azərbaycanın da yaxın tərəfdaşıdır. Devid Kemeron baş nazirliyi dövründə Böyük Britaniyanın Azərbaycanla sıx tərəfdaşlığını dəstəkləyirdi. Kemeron Bakıda keçirilən neft və qaz sərgisinə göndərdiyi məktubda “Azərbaycan ilə Birləşmiş Krallıq arasında möhkəm ikitərəfli münasibətlərlə fəxr edirəm” cümləsini yazmışdı. Kemeron xarici işlər nazir işlədiyi dövrdə bu siyasətə də sadiq qalacaq.

Müəllif: Elxan Şahinoğlu
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Geri qayıt