Əsas Səhifə > Dünya > Kim kimi “dalana dirəyib”?

Kim kimi “dalana dirəyib”?


16-11-2023, 11:39
Kim kimi “dalana dirəyib”?
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının “The Economist” jurnalındakı məşhur müsahibə və məqaləsindən sonra, son günlərdə təcili sülh danışıqlarına başlamaq zərurətinə yönəlmiş Rusiyanın çılğın təbliğatı nəinki Amerika sol-liberal mətbuatı və bəzi solçu siyasətçilər, həm də Ukraynanın özündə Rusiyanın “beşinci kolon”u tərəfindən əsas narrativ kimi götürülüb. Məqsəd aydındır: ictimaiyyəti Ukrayna hücumunun uğursuzluğuna və hərbi güc və sayca Ukrayna ordusundan üstün olan Rusiya ordusuna qarşı durmağın mümkünsüzlüyünə inandırmaq.

Bu qüvvələr Zalujnının “dalana dirənmiş vəziyyət”lə bağlı sözlərini Ukraynaya maliyyə və hərbi dəstəyinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin öz məqsədlərinə çata bilməməsi kimi təqdim edir və bununla da əlavə maliyyələşmənin və texnikanın tədarükünün dayandırılmasına haqq qazandırır, döyüş meydanında yaranmış reallıqlara, yəni “sülh müqabilində ərazi” prinsipinə əsasən sülh danışıqlarına başlamaqdan başqa yol qalmadığına inandırmağa çalışır.

Rusiyadan gələn bu narrativin yayıcıları bu vəziyyətlə qəti şəkildə razılaşmayan, yeri gəlmişkən, onu “qələbəyə inanan yeganə şəxs” hesab edərək, kütləvi təqiblərə məruz qalan Prezident Volodimir Zelenski ilə - Ali Baş Komandanla ordu başçısı arasında münasibətlərə zərbə vurmağa çalışır, Zalujnının bəyanatına məğlubedici məna verməyə çalışırlar. Baxmayaraq ki, Zalujnı “The Economist” jurnalındakı məqaləsi ilə artıq bir neçə dəfə uğursuz hücumun səbəblərini izah etməyə və Ukraynanın Qərb müttəfiqlərini onun bəyan etdiyi hərbi texnikanın, o cümlədən F-16 qırıcılarının çatdırılmasını sürətləndirməyə inandırmağa çalışıb.

Ancaq gəlin, Ukraynanın həm Rusiyadakı, həm də Qərbdəki düşmənlərinin inadla şərh verməkdən imtina etdikləri cəbhədəki vəziyyətin “dalana dirənməsindən” irəli gələn başqa bir mənaya diqqət yetirək. Və bu, ondan ibarətdir ki, Kremlin şərtləri ilə müharibəni bitirmək tərəfdarları sevinclə qışqırarkən, vəziyyət “dalan nöqtəyə” çatıbsa, deməli, o zaman hərbi münaqişənin digər tərəfi olan Rusiyanın özü də bu “çıxılmaz” vəziyyətə düşüb. Hansı ki, qondarma “xüsusi hərbi əməliyyat (XHƏ)” başlayandan bu yana, nəinki daim dəyişən tapşırıqların heç birini yerinə yetirmədi (Üç gündə Kiyev, Ukraynanın denasifikasiyası və demilitarizasiyası, “Kiyev rejiminin dəyişdirilməsi”, Ukrayna dövlətçiliyinin məhv edilməsi, NATO-nun genişlənməsinin qarşısının alınması, Donbasda əhalinin qorunması və s.), hətta ələ keçirilən Ukrayna ərazilərinin bir hissəsini təslim etmək məcburiyyətində qaldı, yarım milyona yaxın əsgərini Ukrayna torpaqlarında basdırdı və hərbi texnikanı itirdi. Bu itkilər Ukrayna Silahlı Qüvvələrinin itkilərindən bir neçə dəfə çoxdur.

Tanınmış analitik mərkəzlər tərəfindən kosmosdan çəkilmiş görüntülər əsasında tərtib edilmiş bu rəqəmlər canlı qüvvə və hərbi texnikanın sayında üstünlük təşkil edən Rusiyanın hərbi texnikanın keyfiyyətinə və silahlı qüvvələrin komandanlığının və şəxsi heyətinin professionallığına görə Ukraynadan xeyli aşağı olduğunun əyani təsdiqidir. Yəni, vəziyyətin dalana dirənməsi deyilən qüvvələrin bərabərliyi Ukrayna tərəfində xeyli - üç dəfə az itkilərlə əldə edilirsə, bu, o deməkdir ki, Ukrayna Silahlı Qüvvələri daha yaxşı döyüşür və “ukraynalılar rusları məğlub edə bilməzlər” fikrinin əsas olduğu narrativlər həqiqəti əks etdirmir.

Ukrayna rus hərbi maşınının hücumuna tab gətirə bildi, əllərini qaldırmadı, tammiqyaslı işğalın ilk günlərində də təslim olmadı, hələ Qərbdən heç bir dəstək almadan… Ölkənin lideri Əfqanıstan lideri Əşrəf Qani kimi və ya hətta Priqojin üsyanı zamanı Vladimir Putinin özü kimi qaçmadı. Qarşısında duran dinc əhalini - uşaqları, qadınları, qocaları vəhşicəsinə qıran düşmənə qarşı böyüklü-kiçikli bütün ölkə Vətənin müdafiəsinə qalxdı, hətta bundan sonra da bəzi bölgələrdə - Xarkov və Xersondə revanş götürdü.

Əslində, Rusiya çıxılmaz vəziyyətə düşür - onun silahlı qüvvələri müharibənin əvvəlində onlara verilən strateji vəzifələri yerinə yetirmək iqtidarında deyildi - bütün Ukraynanı fəth etmək, orada öz protektoratını qurmaq və gələcəkdə Avropa ölkələrinin siyasi ekspansiyası üçün hərbi qüvvələrini NATO sərhədlərinə çatdırmaq. Nəticədə, böyüklüyünə və əhalisinə, sərvətinə və hərbi qüdrətinə görə ondan 3 dəfə geridə olan Ukraynadan ən böyük hərbi-strateji məğlubiyyəti məhz Rusiya aldı.

Bəli, Ukrayna artıq “dünyanın ikinci ordusu” və dünyanın “ikinci ən güclü ölkəsi” üzərində strateji qələbə qazanıb. Sadəcə olaraq, bu qələbəni daha çox silah və bütün hərbi texnika ilə təmin etməklə tam və dönməz şəkildə möhkəmləndirmək lazımdır.

Rusiya bu gün havada, raketlərdə və "ət" sayında üstünlüyə malikdir, bu da düşmənin Qərb müttəfiqləri tərəfindən lazımi silahların tədarükündə gecikməsi sayəsində gücləndirilmiş üç xətli müdafiə xəttini ani hücumla keçməyi qeyri-mümkün edir. Lakin Ukrayna təkcə özü üçün mübarizə aparmır, həm də öz sərhədləri daxilində bütün Qərb dünyasını barbarların işğalından qoruyur. Avropada bunu nəhayət başa düşdülər, amma ABŞ-da, hətta Bayden Administrasiyasında Ukraynanın dostları komandası - Blinken və Ostinin "Vaşinqtonun baxıcısı" Andrey Piontkovskinin dediyi kimi "faydalı axmaqlar" üzərində qələbə qazandıqdan sonra da Ukraynaya yardımın azaldılması və hətta dayandırılması üçün Putin rejiminin tərəfdarları arasında və hər şeydən əvvəl solçu mətbuatda hələ də ölümcül mübarizə gedir.

Bu gün Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell ABŞ-ın Ukraynaya yardımının azalacağını proqnozlaşdıraraq, ehtimal edir ki, Aİ ölkələri bunu kompensasiya etməli olacaq. O bilir ki, Ukrayna məğlub olarsa və Moskvanın şərtləri ilə sülh müqaviləsi imzalanarsa, növbəti hədəf onlar olacaq, ABŞ çox uzaqdadır, onun əraziləri nə Birinci, nə də İkinci Dünya müharibələri zamanı hücuma məruz qalıb.

Deməli, Avropa ölkələrinin, NATO-nun, ən əsası ABŞ-ın siyasi nüfuzu ilə yanaşı, Avropanın gələcəyi də təhlükə altındadır. Rusiyaya bütün satellitləri ilə - Şimali Koreya, İran, HƏMAS, hətta Çin də daxil olmaqla, hərbi, iqtisadi, maliyyə sahələrində üstün olan Qərb koalisiyasının Ukraynanı təslim edib-etməyəcəyi ritorik sualdır. Çünki Yaxın Şərqdə şər oxu ilə ikinci cəbhənin açılması daha bir sübutdur ki, müharibə Ukrayna üçün deyil, dünyanın geostrateji yenidən bölünməsi üçündür, Ukrayna və İsrail isə burada şahmat taxtasının piyadalarıdır. Və at gedişi etməyin vaxtıdır...

Müəllif: Mira Həsənova - Mənbə: AYNA
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Geri qayıt