Əsas Səhifə > Dünya > Ukrayna sülh istəyir, amma...

Ukrayna sülh istəyir, amma...


17-11-2023, 06:57
Ukrayna sülh istəyir, amma...
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəni dondurmamağa çağırıb. Ukrayna lideri bu barədə afrikalı jurnalistlərlə söhbəti zamanı deyib.

Prezidentin fikrincə, dondurulmuş münaqişə durğunluğu ifadə edir: “Ukrayna 2014-cü ildən bəri bu vəziyyətdədir. Eyni müharibədir, lakin düşmənə cavab vermək qabiliyyəti olmadan, gələcəyə ümid olmadan, sərmayəyə ümid olmadan davam edir”.

“Donmuş münaqişə yatan və mütləq oyanacaq vulkan kimidir. Biz bu vəhşiliyi başa düşürük. Münaqişə dondurularsa, Rusiya yenə də gücünü bərpa edib hücuma davam edəcək”, - Ukrayna rəhbəri əlavə edib.

Zelenski həmçinin bildirib ki, Kiyev heç bir dalana tab gətirə bilməz: “Biz sülh istəyirik. Sonu fərqli ola bilər, kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər, amma bu, lazımdır”.

Zelenski təklif etdiyi sülh formulunu yenidən xatırladıb. Ukrayna Prezidenti bildirib ki, Rusiya tərəfi sülh formulunun şərtlərini yerinə yetirərsə, münaqişə sona çata bilər.

Qeyd edək ki, on bəndlik təklifi Zelenski 2022-ci ilin noyabrında açıqlamışdı. Zelenskinin tələblərinə Zaporojye AES-də radiasiya təhlükəsizliyinin bərpası, Rusiyanın enerji resursları üçün tavan qiymətlərinin tətbiqi və “Taxıl sazişi”nin genişləndirilməsi daxildir.

Daha sonra Ukrayna Prezidentinin ofisi ölkədə münaqişənin həlli planının bütün 10 bəndini izah edən sənəd yaymışdı. Bəndin birində Ukraynanın ərazi bütövlüyünün bərpası vurğulanıb. Kiyev 1991-ci ildə müstəqillik elan edilən zaman respublikanın tərkibində olan əraziləri geri qaytarmağa ümid edir.

Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev isə bildirib ki, Zelenskinin təklif etdiyi sülh formulu Kiyevin danışıqlara hazır olmadığını təsdiqləyir. Kosaçev vurğulayıb ki, Ukrayna tərəfinin sülh planında Rusiyanın tam təslim olması tələbi var və bu, hazırda danışıqların aparılmasının mümkünsüzlüyündən xəbər verir. Kosaçevin sözlərinə görə, Ukrayna hakimiyyəti belə bir tələbin danışıqlar üçün əsas ola biləcəyinə inanır.

Müəllif: Turan Abdulla - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Geri qayıt