Əsas Səhifə > Dünya > Bayden yenə işləri korladı

Bayden yenə işləri korladı


17-11-2023, 10:31
Bayden yenə işləri korladı
ABŞ prezidenti Co Baydenlə Cin lideri Tsi Cinpin arasında San-Fransisko şəhərində 4 saat çəkən görüşdə liderlər iki ölkə arasında gərginliyin azalmasına çalışıblar. “Çin və ABŞ arasında münaqişənin və qarşıdurmanın nəticələri hamı üçün dözülməz olacaq” – deyən Çin lideri böyük dövlətlər arasında dialoqun və anlaşmanın vacib olduğunu bildirib. Buna baxmayaraq, görüşdə bir sıra mövzuyla bağlı fikir ayrılıqları ortadan qaldırılmayıb.
“The New York Times” nəşrində yayımlanan məqalədə iki ölkənin nümayəndə heyətlərinin liderlərin müzakirə etdikləri mövzuları xüsusi seçdikləri yazılıb. Tsi Cinpin ABŞ-la gərginlikdə maraqlı olmadığını nümayiş etdirməyə çalışıb. Bunu görüşlərin statistikası da sübut edir. Cinpin Baydenlə bugünə qədər 7 dəfə görüşüb. Cinpin sonuncu dəfə ABŞ-a 6 il əvvəl Donald Trampın prezidentliyi dönəmində səfər etmişdi. Ancaq Cinpinin səylərinə baxmayaraq, bu illər ərzində iki ölkə arasındakı münasibətləri normallaşdırmaq mümkün olmayıb. Bunun obyektiv səbəbləri var. Buna baxmayaraq, iki ölkə lideri hərbçilər arasında təmasların bərpa olunması barədə razılaşma əldə ediblər. Bu dialoq keçmiş illərdə də olub, münasibətlər gərginləşəndən sonra kəsilib. İki ölkənin müdafiə nazirləri yenidən təmaslara başlayacaqlar. Bu təmaslar 2023-cü ilin fevralında ABŞ səmasında Çinin kəşfiyyat aerostatının vurulmasından sonra dayandırılmışdı.
Bayden Cinpinə deyib ki, ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini davam etdirəcək. Əslində bununla Bayden Cinpin vasitəsilə Çin liderinin dostu Kreml sahibi Vladimir Putinə mesaj göndərib ki, Vaşinqton Ukraynaya dəstəkdən imtina etməyəcək. Çin lideri Rusiya-Ukrayna müharibəsinin davamının tərəfdarı olmasa da, müharibəni dayandırmaq məqsədilə Putinə təsir etmək fikrindən uzaqdır.
ABŞ-la Çinin Yaxın Şərqlə bağlı mövqeləri də o qədər oxşar deyil. Vaşinqton İsrailin terrorçularla mübarizə hüququnu dəstəkləyərkən, Pekin Qəzzada hərbi əməliyyatın dayandırılmasının tərəfdarıdır. San-Fransiskodakı görüşdə Tayvan mövzusu da müzakirə edilib. Vaşinqton “vahid Çin” konsepsiyasını tanısa da, Pekinin Tayvan adasını nəzarətə götürməsinin əleyhinədir. Cinpin üçün isə bu prinsipial məsələdir. Cinpin Baydenə deyib ki, ABŞ Tayvanı silahlandırmaqdan əl çəkməlidir. Vaşinqton bu siyasətindən imtina edən deyil. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri də iki ölkə arasındakı münasibətləri xeyli gərginləşdirmişdi.
ABŞ və Çin liderlərinin San-Fransiskodakı görüşündə münasibətləri normallaşdıracaq irəliləyiş əldə olunmayıb. Hərbçilərin təmaslarını bərpa etmələri yeni mövzu deyil. Baydenin San-Fransisko görüşü ərəfəsində Cinpini yenə diktator adlandırması iki ölkə arasındakı münasibətlərin hazırki durumundan xəbər verir. “Cinpin həqiqətən diktatordur. O kommunist ölkəyə rəhbərlik edən tək şəxsdir, bunu inkar etmək mümkün deyil” deyən Bayden bu fikirləri Cinpinlə görüşdən sonra yenidən təkrarlayıb. “Bloomberg” agentliyinin yayımladığı məqalədə Baydenin sözlərinin görüşdə əldə olunan nəticələrə gölgə saldığı yazıldı. Baydenin “diktator” ifadəsinə Çin Xarici İşlər Nazirliyi kəskin reaksiya verib. Çin Xarici İşlər Nazirliyinin açıqlamasında Baydenin sözləri məsuliyyətsiz adlandırılıb.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Geri qayıt