Əsas Səhifə > Dünya > Müharibə və dənizaltı tunelin tikintisi: İkisi bir arada mümkündürmü?
Müharibə və dənizaltı tunelin tikintisi: İkisi bir arada mümkündürmü?27-11-2023, 11:26 |
Rusiya-Ukrayna müharibəsinin soyuq aylarda mövqe döyüşlərinə keçəcəyi ehtimalı yüksəkdir, hər iki tərəf cəbhə bölgəsində mövqelərini gücləndirməyə çalışacaqlar. Çünki yeni hücumlar canlı qüvvənin daha böyük itkisi və hərbi texnikanın sıradan çıxması deməkdir. Qış aylarında mövqe döyüşləri davam etdikcə, tərəflər növbəti yay ayları üçün irəliləmək planlarını tərtib edəcəklər. Gələn il Rusiya və Ukraynanı daha bir sınaq gözləyir, hər iki ölkədə prezident seçkisi keçirilməlidir. Rusiyada prezident seçkisində sürpriz gözlənilmir, Vladimir Putin rəqibləri üzərində qələbəyə əmindir. Ukraynada isə müharibə şəraitində seçkinin keçirilib-keçirilməyəcəyi, keçirilərsə, hazırki dövlət başçısı Volodimir Zelenskinin mövqeyinin qoruyub-qorumayacağı bəlli deyil. Buna baxmayaraq, prezident seçkilərinin müharibənin gedişatına çox da təsir edəcəyi proqnozlaşdırılmır. Bu arada, “The Washington Post” qəzetində yayımlanan məqalədə maraqlı iddia ortaya atılıb. Qəzet məlumatlı mənbələrə istinadən Rusiya və Çinin birlikdə Krım yarımadasında dənizaltı tunelin tikintisinə başlamaq barədə razılıq əldə etdiklərini yazıb. Ukraynanın kəşfiyyat strrukturları Çinin dəmiryolu inşaat şirkətinin məktublarını ələ keçirməklə tunel tikintisi barədə məlumat əldə ediblər. Məlumata görə, Çin şirkəti dənizaltı tunel tikintisi üçün Rusiyadan sifariş alıb. Rusiya bu tunelin tikintisi üçün Çin şirkətinə 5 milyard dollar ödəyəcək. Maraqlıdır ki, Rusiya bu maliyyəni elə Çin banklarından birindən kredit götürməklə Çinin tikinti şirkətinə ödəyəcək. Bunun qarşılığında Çin həmin tuneldən istifadəyə görə gediş haqqı toplayacaq. Rusiya və Çin arasında tunelin tikintisi ilə bağlı ilkin razılıq olsa da, bunun reallaşması indiki şərtlər altında mümkün deyil. Çünki Ukrayna ordusu Krım körpüsünü və körpünün ətrafını tez-tez raket atəşinə atəşə tutur, dorn hücumları həyata keçirir. Raket atəşləri altında dənizin altı ilə tunelin tikintisi mümkün deyil. Tunelin tikintisi üçün ya müharibə bitməlidir, ya da Ukraynanın körpünü dron və raket atəşinə tutması ehitmalı ortadan qaldırılmalıdır. Rusiya hələ ki, bunu bacarmır. Çin şirkəti gözləmə mövqeyindədir. Bu arada, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Çinə səfər edərək, bu ölkənin lideri Tsi Cinpinlə görüşüb. Volodin görüşdən sonra deyib ki, Pekin Moskva ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Rusiya 2014-cü ildən BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatına sədrlik edəcək. Cinpin bildirib ki, ölkəsi Rusiyanın sədrliyi müddətindəki fəaliyyətini dəstəkləyəcək. Cinpin hesab edir ki, iki ölkə arasındakı münasibətlər beynəlxalq aləmin mürəkkəb sınaqlarından keçib. Çin lideri yəqin onu nəzərdə tutub ki, ABŞ və müttəfiqləri Çin-Rusiya ittifaqını zəiflədə bilməyiblər. Rusiyanın müharibə apardığı bölgədə dənizaltı tunelin tikintisini Çinə tapşırması iki ölkə arasında münasibətlərin hazırki yüksək səviyyəsindən xəbər verir. Ancaq orası da var ki, Çin nə zamansa tunelin tikintisinə başlayarsa Krımın ilhaqına dəstək vermiş olacaq. Pekin Ukraynanın ərazi bütövlüyü əleyhinə bu addımı atarsa, Tayvan məsələsində mövqeyi zəifləyəcək. Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Geri qayıt |