Əsas Səhifə > Dünya > Qərb Zelenskinin arxasından çəkilir

Qərb Zelenskinin arxasından çəkilir


4-12-2023, 15:29
Qərb Zelenskinin arxasından çəkilir
“ABŞ uğursuzluqlara görə məsuliyyəti Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərinə atacaq və onu məhv edəcək”. Bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib. Filippot NATO-nun baş katibi Yens Stoltenberqin “Ukraynadan pis xəbərlərə hazır olmalıyıq” çağırışına cavabında deyib ki, ABŞ Ukrayna lideri ilə həmişəki kimi davranacaq.

““Dərin dövlət” həmişə etdiyini yenə edir: kukla yaradır, sonra onu tərk edir və məhv edir”, Vətənpərvərlər Partiyasının lideri söyləyib.

Bundan əlavə, Filippo Ukraynaya hərbi və maliyyə yardımını yenidən tənqid edərək, bunun dayandırılmasının vacibliyini vurğulayıb.

Maraqlı məqam odur ki, Slovakiya Elmlər Akademiyasının elmi işçisi Petr Soyka qeyd etmişdi ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ABŞ-ın hazırkı Pezidentinin siyasi taleyində həlledici faktora çevrilə bilər. Ekspert xatırladıb ki, Yaxın Şərqdə münaqişə başlayandan sonra Co Baydenin reytinqi aşağı səviyyəyə - 40 faizə düşüb: “Hesab edirəm ki, Ağ Evin əsas problemi Vladimir Zelenski və onun Moskva ilə əlaqə saxlamaq istəməməsidir”.

Bundan əvvəl Fransanın “TV5Monde” telekanalı Zelenskinin nikbinliyindən əsər-əlamət qalmadığını əks etdirən material yayımlayıb. Süjetdə Zelenskinin davranışında dəyişikliklərin Ukraynanın əks-hücumunun uğursuzluğundan sonra baş verdiyi iddia edilir. Bildirilib ki, 2023-cü il başlamazdan əvvəl Zelenski bu ili “qələbələr ili” adlandırsa da, heç bir qələbə olmadı.

Hələ sentyabr ayında “Bloomberg” yazıb ki, BMT Baş Assambleyasında Zelenski Kiyevə silah verən ölkələrə qarşı həddindən artıq emosional davranıb və Ukrayna lideri müttəfiqlərin Kiyevə kifayət qədər tez silah tədarük etmədiyini bildirib. Agentlik qeyd edib ki, onun Qərb müttəfiqlərindən biri ilə mübahisəsi nəzarətdən çıxıb və pərdə arxasında gərginlik baş verib.

Dekabrın 3-də “Penta”nın rəhbəri, politoloq Volodimir Fesenko Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifəsindən kənarlaşdırılmasının Zelenski üçün “böyük zərbə” olacağını proqnozlaşdırıb: "Zalujnının həm orduda, həm də cəmiyyətdə populyarlığını nəzərə alsaq, onun vəzifəsindən uzaqlaşdırılması və ya istefası Zelenskinin özünün mövqeyini zəiflədə bilər".

Analitik qeyd edib ki, Zalujnının istefası çox mübahisəli nəticələrə səbəb ola bilər.

Fesenko əmindir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının Qərbdə münaqişənin perspektivləri ilə bağlı real bəyanatları həddən artıq sərt qəbul edilib: “Amma bu, ukraynalıların şişirdilmiş gözləntilərdən qurtulmasına kömək edib”.

Bununla yanaşı, Kiyevin meri Vitali Kliçko Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Ukraynanın “cəbhədə dalana dirənməsi” ilə bağlı fikirləri ilə razılaşıb: “Zalujnı həqiqəti söylədi. Bəzən insanlar həqiqəti eşitmək istəmirlər. Ancaq son nəticədə komandan məsuliyyət daşıyır. O bugünkü vəziyyətin necə olduğunu izah etdi və əsaslandırdı”.

“Zelenski etdiyi səhvlərin əvəzini ödəyir və ölkə liderinin populyarlığının azalması şəxsən məni təəccübləndirmir”, - Kliçko vurğulayıb.

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli isə fərqli düşünür. O AYNA-ya deyib ki, vəziyyət heç də Rusiyanın təbliğ etdiyi kimi deyil: “Düzdür, müəyyən narazılıqlar mövcuddur. Xüsusilə, əks-hücum əməliyyatlarının tam uğurlu olmaması Ukrayna daxilində sualları çoxaldır. Amma Ukrayna hakimiyyəti yalnız qələbəyə köklənib. Ukraynanın Prezidenti də, ordu rəhbərliyi də, cəmiyyət də sadəcə ərazilərin tam işğaldan azad edilməsi istiqamətində səfərbər olunub. Zalujnı ilə Zelenski arasında narazılıqların yarandığı barədə deyilənlər Rusiyanın informasiya təbliğatının nəticəsidir. Moskva bu cür feyk xəbərləri, analizləri ortaya qoymaqla həm Rusiya cəmiyyətində müharibədən narazılığın artmasının qarşısını almağa çalışır, həm də Ukrayna cəmiyyətində təlatüm yaratmaq niyyəti güdür. Amma ukraynalılar belə xəbərlərin əsassız olduğunu anlayır”.

“Məsələ burasındadır ki, Qərb mediasında da, Qərbdəki ayrı-ayrı siyasətçilərin şərhlərində də Rusiya təbliğatının izi açıq-aşkar görünür. Rusiya Qərbdə Moskvanın lobbiçiliyini həyata keçirən siyasilər tapıb, onları maliyyələşdirir. Hansı ki, həmin siyasilərə müəyyən qədər etimad var. Bu yolla öz təbliğatını yeritməkdədir”, - deyə Camalbəyli söyləyib.

Jurnalist Qərb müttəfiqlərinin Kiyevə yardımı dayandırması ilə bağlı fikirlərlə də razı deyil: “Qərb başa düşür ki, Ukraynanın məğlubiyyəti onun təhlükəsizliklə bağlı maraqlarına təhdiddir. Çünki Rusiya Ukraynanın işğalı ilə kifayətlənməyəcək. Növbədə Polşa, daha sonra Avropanın digər ölkələri var. Ona görə də Kiyevə yardımın dayandırılması müzakirə mövzusu deyil. Sadəcə bəzi silahların verilməsində ləngimələr var ki, bu da Ukraynaya yardımı Qərbin dayandıracağı anlamı vermir. Ümumiyyətlə, istər silah, istərsə də maliyyə baxımından yardımlarla bağlı qərar verilib və bu qərarın icrası zamanla yerinə yetirilir. Silah-sursatın tədarükünün müddətləri var ki, o müddətlərdə də tədarüklər edilir. NATO-nun baş katibi bildirdi ki, sonadək Ukraynanı dəstəkləyəcəklər. Bu, Rusiyaya mesajdır ki, uydurmalarla düynanı aldada bilməzlər”.

“Bəli, Ukrayna hakimiyyətinin Qərbdən gözləntiləri böyükdür. Kiyev lazım olan silahların tez tədarükünü istəyir ki, qələbəsinə tez zamanda nail ola bilsin. Çünki Ukrayna ordusu da yorulur, cəmiyyət də yorulur. Ukrayna ərazi bütövlüyünü təmin etməkdə qərarlıdır, döyüşdən çəkilmək fikrində deyil. Bunun üçün də resurs lazımdır. Müttəfiqlər də bu resursu təmin etməkdən geri dayanmırlar. Amma etiraf etmək lazımdır ki, Qərb müttəfiqləri daxilində də müəyyən qüvvələr, müəyyən rəsmilər Ukraynaya yardımı sorğu-sual edirlər. Həmin müttəfiqlər Rusiyadakı kimi bir nəfərin idarəçiliyində deyillər ki, həmin bir nəfər nə deyirsə, o da olur. Qərb rəngarəngdir, demokratik prinsiplərlə idarə olunurlar. Qərarlar da ümumi müzakirələrdən sonra verilir. Müzakirələr zamanı isə elə siyasətçi olur ki, Kiyevə yardımın əleyhinə çıxır. Bu da təbiidir. Amma Ukraynaya yardımın tərəfdarlarının sayı əleyhdarlarının sayından çoxdur”, - deyə azərbaycanlı jurnalist fikrini tamamlayıb.

Geri qayıt