Əsas Səhifə > Dünya > Yeni sədr sammitdə münaqişə istəmir
Yeni sədr sammitdə münaqişə istəmir6-12-2023, 11:00 |
“Böyük iyirmilər”ə sədrlik Hindistandan Braziliyaya keçib. “Böyük iyirmilər”in növbəti zirvə toplantısı gələn ilin noyabrında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Braziliya prezidenti Luis de Silva sədrlik müddətində ölkəsi qarşısında əsas hədəfləri müəyyənləşdirib. Birinci hədəf sosial inteqrasiyanı gücləndirmək, aclıq və kasıblıqla mübarizəni təşkil etməkdir. İkinci hədəf iqlim dəyişikliyinin müzakirəsi və alternativ enerji mənbələrinin inkişafına nail olmaqdır. Braziliyanın “böyük iyirmilər”ə sədrliyi dövründə üçüncü hədəfi qlobal idarəetmə istitutlarının islahatına çalışmaqdır. Böyük hədəflərdir. Bu haqda illərdir danışılır, ancaq real nəticə yoxdur. Braziliya prezidenti ədalətli dünya uğrunda fəaliyyət göstərəcəyini açıqlayıb. Braziliya “böyük iyirmilər” çərçivəsində iki operativ məsləhət qrupu yaradacaq. Braziliya 2030-cü ilə qədər dünyadakı aclıq son qoymağı hədəfləyib. Ancaq bunun üçün bəyanat vermək azdır, yeni resurslara və texnologiyalara ehtiyac var. Braziliya prezidentinin digər hədəfi inkişaf etməkdə olan ölkələrin Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun idarəetməsinə daha fəal cəlbini təmin etməkdir. Braziliya prezidenti “böyük iyirmilərin” zirvə toplantısında fikir ixtilafı yaradan mövzuların müzakirəsinin əleyhinədir. Əgər 2024-cü ildə də Rusiya-Ukrayna müharibəsi davam edərsə, Braziliya “böyük iyirmilər”in toplantısında bu mövzunun müzakirəsinin əleyhinə olacaq. Rəsmi Dehli də bu mövzununu Hindistandakı toplantıda müzakirəsinə imkan vermədi. Çünki bu halda Qərb ölkələri ilə Rusiya arasında qarşıdurma yaranacaq və yekun bəyanat qəbul edilməyəcəkdi. Ona görə də Dehli yekun bəyanatı elə formada hazırladı ki, həmin sənəd yekdilliklə qəbul edildi. Braziliya da eyni siyasətə sadiq qalacaq. Əsas suallardan biri də bu olacaq: Rusiya prezidenti Vladimir Putin Braziliyadakı zirvə toplantısına qatılacaqmı? Bunun üçün Putin gələn ilin mart ayında keçiriləcək prezident seçkisində qələbə qazanmalıdır. Bu çoxlarında şübhə doğurmur. Putin Hindistandakı toplantıda iştirak etmədi. Putinin Braziliyaya səfər edəcəyi də problematikdir. Çünki Hindistandan fərqli olaraq Braziliya Putinin həbsinə qərar verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna imza atıb. Buna baxmayaraq, Vladimir Putin internet üzərindən beynəlxalq tədbirlərdə çıxışlar edir. Misal üçün Putin bir müddət əvvəl Hindistanın təşkil etdiyi “böyük iyirmilər”in virtual sammitində çıxış etmişdi. Həmin sammitə ABŞ prezidenti Cozef Bayden və Çin lideri Tsi Cinpin qatılmadılar. Görünür, Bayden virtual sammit olsa belə Putinlə birgə iştirak etmək istəmədi. Halbuki, Vaşinqton Dehlini özünün strateji tərəfdaşı sayır. Tsi Cinpin isə ölkəsinin Hindistanla sərhəd məsələsinə görə sammitə qatılmadı. Putin Hindistanın təşkilatçılığı ilə keçirilən virtual sammitdə Braziliyaya yeni sədrlikdə uğurlar arzulamışdı. Əgər Putin Braziliyadakı sammitə qatılmasa, bu ölkə Hindistan kimi zirvə toplantısından sonra virtual toplantı da keçirə bilər ki, bu halda Kreml sahibi internet üzərindən çıxışa hazırlaşacaq. Mənbə: “Atlas” Araşdırmalar Mərkəzi Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Geri qayıt |