Əsas Səhifə > Dünya > Bu ölkə uğrunda gərgin mübarizə gedir
Bu ölkə uğrunda gərgin mübarizə gedir8-12-2023, 10:50 |
Çinin qonşu ölkələrlə münasibətlərindəki gərginliyi davam edir. Yaponiya, Hindistan, Avstraliya və digər dövlətlər Çinin bölgədə artan hərbi gücündən narahatdırlar. Vyetnamın da Çinin siyasəti ilə bağlı sualları az deyil. Buna baxmayaraq, Çində olduğu kimi Vyetnamda da hakimiyyətdə Kommunist Partiyasıdır və bu amil iki ölkə arasında dialoqu mümkün edir. Çinin xarici işlər naziri Van Yinin bir neçə gün əvvəl Vyetnama səfəri əməkdaşlığı gücləndirmək məqsədi daşıyırdı. Çin bu məqsədlə Vyetnama maliyyə yatırımlarını artırıb. Pekinin Vyetnama diqqətinin artırmasının məqsədi ABŞ və Yaponiyanın Hanoyla təmaslarını intensivləşdirməsidir. ABŞ və Yaponiya Vyetnamın onların tərəfinə keçməsinə çalışırlar. Bu Pekini ciddi narahat edir. “Reuters” agenliyinin yaydığı xəbərdə Çinlə Vyetnam arasında 1979-cu ildə silahlı qarşıdurmanın olduğu xatırladılır. “Global Times” dərgisində yayımlanan məqalədə isə Vyetnamın Yaponiya strateji tərəfdaşlığı daha üst səviyyəyə qaldırdığı yazılıb. Vyetnam prezidenti Vo Van Thuong bir müddət əvvəl Yaponiyaya səfər etmişdi. O Tokioda Yaponiyanın baş naziri Kişida Fumio ilə görüşmüşdü. Rəsmi “Kyodo” agentliyinin məlumatına görə, 40 dəqiqə davam edən görüşdə iki lider Yaponiya və Vyetnam arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. Yaponiya ilə yanaşı Vyetnamın da dənizlərdə Çinlə adalarla bağlı sərhəd mübahisələri mövcuddur. Tokio məhz bu amildən istifadə edərək Vyetnamla strateji tərəfdaşlığı gücləndirməyə çalışır. Digər tərəfdən Tokionun məqsədi Çini tərk etməyi planlaşdıran xarici şirkətləri Vyetnama istiqamətləndirməkdir. Həqiqətən Vyetnam xarici investorlar üçün münasib şərtlər təklif edir. Vaşinqton Yaponiya-Vyetnam ittifaqını dəstəkləyir. Bu səbəbdən Pekin Vyetnamın müstəqil xarici siyasətindən narazıdır. Çindəki siyasi dairələr hesab edirlər ki, Vyetnam Qərb ölkələrinə qapılarını açıb. ABŞ prezidenti Cozef Baydenin bu ilin sentyabr ayında Vyetnama səfəri Pekində diqqətlə izlənilirdi. Yaponiya kimi ABŞ da Vyetnamla əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. ABŞ Vyetnama hətta müasir silahlar təklif edib. Beləliklə, böyük dövlətlərin Vyetnam uğrundakı mübarizəsi yeni mərhələyə qədəm qoyub. Mənbə: “Atlas” Araşdırmalar Mərkəzi Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Geri qayıt |