Əsas Səhifə > Dünya > Məsləhətləşmələr fikir ayrılıqlarına son qoymadı
Məsləhətləşmələr fikir ayrılıqlarına son qoymadı11-12-2023, 09:33 |
Pekində Çin-Avropa İttifaqı sammiti keçirildi. Bu, Brüssellə Pekin arasında yüksək səviyyədə keçirilən sayca 16-cı məsləhətləşmələr idi. Sonuncu məsləhətləşmələr 2019-cu ildə baş tutmuşdu. Çin lideri Si Cinpin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə fikir mübadiləsi aparıb. Tərəflər əməkdaşlığa dair müsbət fikirlər söyləsələr də, Si Cinpinin Çinlə Avropa İttifaqı arasında hərtərəfli strateji tərəfdaşlığın 20 ilinin tamam olmasıyla bağlı fikirləri diqqət çəkicidir. Çin lideri bildirib ki, tərəflər qarşılıqlı faydalı əməkdaşlıq üçün tərəfdaşlıq etməli, ikitərəfli siyasi etimadı daim gücləndirməli, strateji konsensusu formalaşdırmalıdırlar. Demək tərəflər arasında konsensus yoxdur ki, Çin lideri bunun vacibliyini söyləyib. Avropa İttifaqı ABŞ-dan fərqli olaraq Çinlə açıq qarşıdurmadan çəkinir. Brüssel Pekinlə qarşılıqlı faydalı əməkdaşlığın davam etməsini istəyir. Pekin də Vaşinqtonla münasibətlərdəki gərginlikdən fərqli olaraq Brüssellə münasibətlərdə problem istəmir. Çünki Avropa ölkələri Çinin əsas tərəfdaşlarındandır. Bundan başqa Çinin Avropanın müxtəlif ölkələrinə milyardlarla avro yatırımları mövcudddur. Buna baxmayaraq, Brüssellə Pekin arasında fikir ayrılıqları ortadan qaldırılmayıb. “Bloomberg” agentliyinin məlumatına görə, Brüssel əvvəlkitək Pekinin Ukrayna müharibəsiylə bağlı Moskvaya təsir etməsini istəyir. Ancaq Pekin Ukraynaya qarşı işğalçı müharibənin dayandırılması üçün heç nə etmir. Brüsselin Pekinə iqtisadi zəmində də iradı var. Pekinin Çində istehsal olunan elektrik avtomobillərinə dövlət subsidiyaları ayırması Brüsselin narazılığına səbəb olur. Çünki bu bəbabər rəqabətə maneədir. Avropa İttifaqı rəsmiləri Çindən iqtisadi asılılığı azaltmağı hədəfləyiblər. Pekinin isə Brüsselə iradı odur ki, Avropa İttifaqı Çin şirkətlərinin hüquqlarını tez-tez pozur. “Politico” nəşri diqqəti ona yönəldir ki, bu kimi səbəblərə görə Pekin və Brüssel vahid mövqe ifadə edən ortaq bəyanat verə bilmirlər. Bu arada, NATO-nun keçmuş baş katibi Foq Rasmussen Avropa İttifaqının Çinə qarşı Tayvanı dəstəkləməsi vacibliyini bildirib. Onun bununla əlaqədar “The Financial Times” qəzetində məqaləsi yayımlanıb. Məqalədə Pekinin dünyada baş verən hadisələrə reaksiyasi sərt tənqid olunub. Rasmusssen hesab edir ki, Brüsselin Pekinə yumşaq siyasəti doğru deyil. Çünki Çin Tayvanı ələ keçirmək istəsə bu Avropanın maraqlarına da zidd olacaq. Yaponiya rəsmiləri də Rasmussenin narahatlığını bölüşürlər. Tayvanda problem çıxsa yüz minlərlə ada sakini Yaponiyaya axın edəcək. Avropa ölkələrindən Litva və Çexiya da Tayvana dəstəyin artırılmasının tərəfdarıdırlar. Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Geri qayıt |