Əsas Səhifə > Dünya > Yaponiya birqütblü dünyanın zəifləməsindən narahatdır
Yaponiya birqütblü dünyanın zəifləməsindən narahatdır13-12-2023, 11:10 |
“Soyuq müharibədən” sonra Amerika Birləşmiş Ştatlarının simasında formalaşan birqütblü dünyaya qarşı müqavimət artıb. ABŞ dünyada baş verən müxtəlif proseslərdə rol almağa çalışsa da, bəzi hallarda bu həlledici əhəmiyyət daşımır. Yaponiya Müdafiə Nazirliyinə bağlı araşdırma mərkəzinin hazırladığı hesabatda Rusiya və Çinin dünya düzənini dəyişmək istədikləri bildirilib. Hesabat müəllifləri hesab edirlər ki, Rusiya və Çin liberal dəyərləri qeyri-demokratik oyun qaydaları ilə əvəz etməyə çalışırlar. Buna Rusiya-Çin hərbi ittifaqının gücləndiyini misal göstərirlər. Bəziləri bunu “yeni internasional” kimi qiymətləndirirlər. Ancaq “soyuq müharibə” illərindən fərqli olaraq bu “dünya kommunizminin” qələbəsi uğrunda mübarizə deyil, dünyadakı nizamı avtoritar üsul-idarə ilə əvəz edilməsinə nail olmaqdır. ABŞ Rusiya-Çin ittifaqı ilə üz-üzədir. Buna baxmayaraq, Pekin Ukrayna müharibəsindən çəkindiyinə görə Rusiya ilə müdafiə və təhlükəsizliklə bağlı saziş imzalamağa tələsmir. Çünki Çin iqtisadiyyatının əsas hissəsi Qərb ölkələri ilə əməkdaşlıq üzərində formalaşıb. Yaponiyadakı mərkəzin hesabatında keçmiş illərdə Pekinlə Moskva arasında fikir ayrılıqlarıının olmasına baxmayaraq, Amerikaya qarşı mübarizədə bunun arxa plana keçdiyi vurğulanıb. Çin lideri Si Cinpinlə Rusiya prezidenti Vladimir Putin arasında sıx dostluq əlaqələri formalaşıb. Hesabat müəllifləri Çinin Rusiyanın dəstəyinə arxalanaraq Asiya və Sakit Okean bölgəsində hərbi gücünü artırdığını bildiriblər. Bu Rusiyanın da maraqlarına cavab verir. Çin Asiya bölgəsində müxtəlif ölkələrlə münasibətlərini gərginləşdirərkən Rusiya Ukraynadakı müharibədə manevr imkanlarını artıra bilir. Bundan narahat olan əsas ölkələrdən biri Yaponiyadır. Rusiya və Çinin bölgədə keçirdikləri birgə hərbi təlimlər Yaponiyanın adalarına yaxın ərazilərdə həyata keçirilir. Yaponiyanın Rusiya ilə münasibətlərində gərginlik artsa da, Tokio üçün əsas təhlükə mənbəyi Pekinin siyasətidir. Buna görə də Yaponiya həm özünün hərbi potensilalını, o cümlədən büdcənin hərbi xərclərini atrırır, həm də ABŞ-la hərbi müttəfiqliyi gücləndirir. Almaniyada nəşr olunan “Der Spiegel” qəzetində yayımlanan məqalədə Rusiya-Çin ittifaqının Yaponiya ilə yanaşı Avropa İttifaqını da ciddi narahat etdiyi yazılıb. Pekin Rusiya-Ukrayna müharibəsində neytrallığını elan etsə də, Çin iqtisadi əməkdaşlıq zəminində Rusiyanın gəlir imkanlarını atrırır ki, Kreml bunun hesabına işğalçı müharibəni davam etdirə bilir. Mənbə: “Atlas” Araşdırmalar Mərkəzi Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Geri qayıt |