Əsas Səhifə > Dünya > Amerika yeni savaşın START DÜYMƏSİNİ BASIR...

Amerika yeni savaşın START DÜYMƏSİNİ BASIR...


18-12-2023, 07:10
Amerika yeni savaşın START DÜYMƏSİNİ BASIR...
Bu həftə, hətta ola bilsin ki, bu gün ABŞ-la Yəmən arasında savaşın başlaya biləcəyi düşünülür və gözlənilir. Yəmənin, daha dəqiq desək, ölkənin böyük hissəsinə nəzarət edən husilərin İsrailə rəsmən savaş elan etdiyi və bu ölkənin iqtisadiyyatını çökdürmək üçün Qırmızı dənizdə İsrailə aid gəmiləri, eləcə də İsrailə və İsraildən yük daşıyan bütün digər gəmiləri hədəfə aldığı məlumdur. Nəticədə dünya dəniz ticarətinin 50 faizinin düzərgahı olan Qırmızı dəniz və həmin dənizi Aralıq dəniz ilə birləşdirən Süveyş kanalı təhlükəli zonaya çevrilib. Elə bu səbəbdən də dünyanın dörd böyük dəniz ticarəti şirkəti həmin güzərgahdan istifadə etməkdən imtina edib. Biri İsrailə aid olan, digərləri isə yəhudi kapitalı əsasında fəaliyyət göstərən həmin şirkətlər Afrika qitəsini fırlanaraq yük daşımağa üstünlük verəcəklərini bəyan edib. Bu isə böyük vaxt və maliyyə itkisi deməkdir.
Əlbəttə, ABŞ savaşa girsə də, eynən ruslar kimi bunun bir savaş olmadığını iddia edəcək, sadəcə gəmilərin təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyat aparıldığını bəyan edəcək. İmperialist dövlətlər həmişə belə edirlər.
Artıq ABŞ-ın bölgədəki üç uçaq gəmisindən biri Qırmızı dənizə yönəlib. Görünən budur ki, Yəmən havadan bombardıman ediləcək. ABŞ bu işi tək görmək istəmir, müttəfiqlərindən ibarət bir koalisiya qurmağa girişib.
Təbii ki, havadan bombardıman etməklə husilərə qalib gəlmək mümkün deyil. Yerdə döyüşmək lazım gələcək. Amma bunu kim edəcək? Hələlik məlum deyil.
Bir sözlə, Harmageddon savaşı get-gedə qızışır və tədricən genişlənməyə və daha çox ölkəni özünə cəlb etməyə başlayır. Qarşıda bizi çox maraqlı hadisələr gözləyir. Husilərin İrandan idarə edildiyini nəzərə alsaq, hadisələrin hansı istiqamətdə gedəcəyini təsəvvür etmək heç də çətin olmamalıdır...

Müəllif: Bəxtiyar Tuncay
Təqdim etdi: DİA-AZ.NET (ƏRSOYUN BLOQU)
Geri qayıt