Əsas Səhifə > Dünya > 3 ölkə yaxınlaşıb
3 ölkə yaxınlaşıb18-12-2023, 12:35 |
İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə barışdıqdan sonra iki ölkə diplomatik əlaqələri bərpa etdilər. Pekin bununla kifayətlənməyərək bu iki ölkə arasında vasitəçiliyini daha da gücləndirməyə qərar verib. Dekabrın 15-də Pekində 3 ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətləşmələr keçirilib. Növbəti görüşün Səudiyyə Ərəbistanında keçirilməsinə dair razılıq var. Çinin xarici işlər naziri Van İnin sədrliyi ilə Çin-Səudiyyə Ərəbistanı-İran Komissiyasının ilk iclasında Yaxın Şərqdə beynəlxalq əməkdaşlıq məsələləri və Fələstin-İsrail münaqişəsi müzakirə olunub. Səudiyyə Ərəbistanını xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim əl-Xereyci, İranı isə xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil ediblər. Van İ toplantıda deyib ki, Çin Yaxın Şərq xalqlarını dəstəkləməkdə davam edir. Bunun nə demək olduğunu söyləmək çətindir. Çünki Yaxın Şərqdə bir-biri ilə gərgin münasibətldə olan dövlətlər var. Çinin xarici işlər naziri onu da bildirib ki, Pekin Səudiyyə Ərəbistanı ilə İran arasında dialoqu gücləndirmək və Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsinə daha bir töhfə vermək üçün üçtərəfli qarşılıqlı fəaliyyət formatından istifadə etməyə üstünlük verir. İranla Səudiyyə Ərəbistanı barışıbsa Pekinin vasitəçiliyini davam etdirməsinə nə ehtiyac var? Görünür, bu yolla Pekin bölgədə rolunun artmasına işarə edir. Vaşinqtonla Tehran arasında diplomatik əlaqələr olmadığına və iki ölkə arasında gərginlik davam etdiyinə görə ABŞ Səudiyyə Ərəbistanı ilə İran arasında dialoqda iştirak edə bilməz. Bu Pekinin işinə yarayır. Çin lideri keçmiş aylarda həm İrana, həm də Səudiyyə Ərəbistanına səfər edib. Pekin İrana yüz milyardlarla dollar yatırım qoyacağını da açıqlayıb. Ancaq Pekin bu məsələdə hələ tələsmir. İranın özündə də Çindən iqtisadi asılılığın təhlükələri barədə polemika gedir. Pekindəki görüşdə Çin, İran və Səudiyyə Ərəbistanı birgə bəyanat qəbul ediblər. 3 ölkə İsraili dayandırmağın və Qəzza bölgəsinin bombalanmasının qarşısını alınmasının vacibliyini bildiriblər. Tərəflər fələstinlilərin evlərindən zorakı üsullarla qovulmalarının qarşısının alınmasının vacibliyini vurğulayıblar. Aydındır ki, bu bəyanat İsraildə sərt reaksiyaya səbəb olub. İsrailin Çinlə təmasları olsa da, Tel-Əviv Pekinin Yaxın Şərq siyasətindən narazıdır. Digər tərəfdən İsrail Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurmaq isdeyasından imtina etməyib. Qəzzadakı döyüşlər dayanmayana qədər bu mümkün olmayacaq. Ancaq sonrakı mərhələdə dialoqun bərpası mümkündür, sadəcə Çin-İran-Səudiyyə Ərəbistanı üçbucağı Tel-Əvivə əlavə problemlər yaradacaq. Vaşinqton da Pekinin vasitəçi təşəbbüslərini diqqətlə izləyir. Çünki Vaşinqtonda hesab edirlər ki, Pekin bölgədə ABŞ-ın sıxışdırmağa çalışır. Mənbə: “Atlas” Araşdırmalar Mərkəzi Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu) Geri qayıt |