Əsas Səhifə > Dünya > Daha bir ölkə Rusiyadan qopur

Daha bir ölkə Rusiyadan qopur


21-12-2023, 15:28
Daha bir ölkə Rusiyadan qopur
Moldovalı deputat Doyna German deyib ki, hakimiyyət 2024-cü ilin sonuna qədər MDB çərçivəsində imzalanmış, demək olar ki, bütün sazişlərdən çıxmağı planlaşdırır.
Moldovanın MDB-dən çıxmaq istəyi yeni deyil. Keçmiş ruspərəst prezident İqor Dodonun hakimiyyətdən getməsi və onu qərbpərəst xanım Maya Sandunun əvəz etməsindən sonra bu istəklər daha da artıb. Sandu faktiki olaraq rəsmi Kişinyovu Kreml orbitindən çıxarıb, Qərbə inteqrasiya etmək yolunu seçib.
Sandu hakimiyyətə gəldiyi ilk vaxtlar bunu radikal formada etsə də, Rusiyanın Ukraynaya hücumu və ərazilərini işğalı fonunda geri addım ataraq, prosesi daha səssiz və ləng aparmağa başladı. Çünki Kremlin növbəti hədəfi həm də Moldova idi. Lakin Kişinyovun bəxti onda gətirdi ki, Moskva Ukraynada istədiyi nəticələri əldə edə bilmədi və Qərbin yardımları, Kiyevin inadlı müqaviməti ilə üzləşdi.
İndiki məqamda Maya Sandunun qarşısında iki mühüm seçim var. Ya o, Moldovanı həqiqətən də 2024-cü ilin sonuna qədər MDB-dən çıxaracaq, ya da prezident seçkilərinə fokuslanacaq. Qeyd edim ki, 2024-cü ilin noyabrında Moldovada prezident seçkiləri planlaşdırılır.
Sandu hesab edir ki, Rusiya gözlənilən seçkidən əvvəl sabitliyi pozmağı planlaşdırır. Onun bu narahatlığı əbəs deyil: Kreml uzun müddətdir, Moldovada hakimiyyət dəyişikliyi etmək istəyir. Son zamanlar ruspərəst deputatların verdiyi açıqlamalar da bu baxımdan diqqət çəkir. Misal üçün Moldovanın müxalif “İntibah” partiyasının rəhbəri Nataliya Paraska deyib ki, Rusiya və digər MDB ölkələri ilə münasibətlərin kəsilməsi yerli əhalinin istəyi deyil, rejimin seçimidir. Paraska Moldova müxalifətinin Avrasiya İqtisadi İttifaqı və BRİKS ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Rusiyanın Moldovaya əsas təzyiqi ölkədə ruspərəstlər olsa da, görünməyən bir silahı da var. Söhbət Qaqauziya Muxtariyyətindən gedir. Qaqauzlar Moldovanın həm Aİ üzvlüyünə, həm də Rumıniya ilə birləşmək istəyinə qarşıdır. Bundan başqa, Kişinyov-Moskva gərginliyi fonunda artan qaz qiymətləri son aylarda qaqauzları qəzəbləndirib. Sonuncu dəfə Qaqauziya muxtar bölgəsinin paytaxtı Komratda enerji tariflərinin artırılmasına etiraz mitinqi keçirilib.
Nəticə etibarilə Doyna Germanın iddia etdiyi kimi, Moldovanın 2024-cü ilin sonuna qədər MDB çərçivəsində imzalanmış bütün sazişlərdən çıxması o qədər də ağlabatan deyil. Xüsusilə prezident seçkilərindən əvvəl Sandu hakimiyyəti belə bir riskə getməz. Lakin Sandu yenidən prezident seçilsə, rəsmi Kişinyovun bu addımı atması mümkündür. Hətta Sandu buna görə növbədənkənar prezident seçkilərinə belə gedə bilər.

Müəllif: Politoloq Turan Rzayev
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Geri qayıt