Əsas Səhifə > Dünya > Rusiyanın Ukraynaya boyun əydirmək niyyəti:

Rusiyanın Ukraynaya boyun əydirmək niyyəti:


4-01-2024, 14:21
Rusiyanın Ukraynaya boyun əydirmək niyyəti:
Vaşinqton Moskvanın Ukraynada atəşkəsə hazır olduğunu görmür.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Cənab Putinin danışıqlara hazır olması ilə bağlı mətbuatda məlumatlar var, lakin o, şübhəsiz ki, danışıqlara hazır olan biri kimi davranmır", - Kirbi mətbuata açıqlamasında deyib.
O əlavə edib ki, ABŞ Konqresi dərhal Ukraynaya hərbi maliyyənin ayrılmasına səs verməlidir, çünki Ağ Evin artıq Ukraynaya silah ötürmək imkanı yoxdur.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və Qərbin Ukraynaya hərbi yardımının azalması Rusiyanın savaş meydanında təşəbbüsü ələ keçirməsinə geniş imkanlar açıb:
"Ona görə də, Kreml bu fürsətdən maksimum səviyyədə istifadə etməyə çalışır. Yəni Rusiya Ukrayna savaşında daha böyük üstünlük qazanmaq cəhdləri göstərir. Əsas məqsəd isə məhz sülh danışıqları başlayacağı təqdirdə, Rusiyanın şərtlərinin qeyd-şərtsiz qəbul edilməsinə nail olmaqdır. Kremldə artıq anlayırlar ki, ABŞ və Qərb Ukraynanı taleyin ümidinə buraxmağa başlayıb. Belə vəziyyətdə Rusiya köməksiz Ukraynanı məğlub etmək şansını sınaqdan çıxartmaq niyyətinə düşüb. Ona görə də, Ağ Ev rəsmisinin Rusiyanı sülh danışıqlarından yayınmaqda suçlaması absurd görünür. Çünki indiki situasiyanın əsas günahkarı və səbəbkarı məhz ABŞ və Qərbdir. Çünki Ukraynaya vəd olunan hərbi dəstək göstərilmir və Rusiya qarşısında aciz durumda buraxılıb".

Politoloq Bayden administrasiyasının Ukraynaya hərbi dəstək üçün maliyyə resurslarının tükəndiyini rəsmən bəyan etdiyini söyləyib:
"Bu bəyanat isə öz növbəsində Kremlin əl-qolunu açıb. ABŞ Ukrayna kimi önəmli bir dövləti böyük fəlakətlərə sürükləyib, sonra da sakitcə kənara çəkilməyə başlayıb. Ukraynanın üzləşdiyi bütün faciələrin əsas mənbəyi məhz ABŞ-ın bu ölkəni öz maraqlarına alət edib, qurban verməsi ilə birbaşa bağlıdır. ABŞ Konqresinin Ukraynaya hərbi dəstək üçün maliyyə vəsaiti ayrılmasına səs verəcəyi hələlik o qədər də inandırıcı görünmür. Çünki ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə qalib gəlməyi hədəfləyən respublikaçılar məhz Ukrayna savaşına xərclənən fantastik maliyyə vəsaitini Bayden administrasiyasına qarşı əsas ittiham mövzusuna çevirməyə çalışırlar. Belə vəziyyətdə respublikaçıların öz ittihamlarından geri çəkilib, Ukraynaya hərbi yardımların önünü açacaqlarına inanmaq çox çətindir. Əgər belə addım atarlarsa, bu, respublikaçıların seçki təbliğatı ilə ziddiyyət təşkil edir və seçici səslərinin itirilməsinə səbəb olar. Ağ Ev rəsmisi isə Ukraynanın düşdüyü durumu və Rusiyanın aqressiv davranışlarını ön plana keçirtməklə, ABŞ Konqresində üstünlükdə olan respublikaçıları şantaj etməyə çalışır. Halbuki, seçki ilində respublikaçıların belə siyasi şantaja əhəmiyyət verəcəkləri o qədər də inandırıcı görünmür".

Geri qayıt