Əsas Səhifə > Dünya > Rus ordusu daha bir Avropa ölkəsinə girir?
Rus ordusu daha bir Avropa ölkəsinə girir?8-01-2024, 13:56 |
İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin deyib ki, “İsveçdə də savaş baş verə bilər, xalqımız müharibəyə hazır olmalıdır”. Nazir Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşdiyini və rəsmi Moskvanın ölkəsi üçün ciddi risk daşıdığını bildirib. K.O.Bohlinin narahatlıq dolu açıqlaması təəccüb doğurmamalıdır. Məsələ ondadır ki, İsveçin NATO-ya üzv olması ilə bağlı intensiv müzakirələr gedir. Finlandiya ilə birlikdə NATO-ya üzvlük müraciəti edən rəsmi Stokholm Türkiyənin vetosuna görə istəyinə nail ola bilmir. Prinsip etibarilə rəsmi Ankaranın məsələyə yanaşması obyektivdir. İsveçdə islamofobiyanın artması, PKK, YPG, PYD kimi separatçı-terrorçu qruplaşma üzvlərinin sığınacaq alması və ekstradisiya edilməməsi, habelə Ankaraya qarşı sərgilənən qərəzli mövqe Türkiyənin veto hüququndan istifadə etməsini əsaslandırır. Bununla belə, Türkiyənin İsveçlə xüsusi problemi yoxdur. Əksinə İsveçin alyansa üzvlüyünün müsbət nəticələrini Ankara da bilir. Lakin Stokholmun mövcud problemlərlə NATO-ya üzvlüyü qəbuledilməzdir. Türkiyədən alyansın ümumi maraqlarının düşünülməsi istənilirsə, təşkilat da Ankaranın təhlükəsizlik və milli maraqlarını qorumalıdır. Bohlinin bu cür bəyanat verməsi sadəcə ölkəsinin NATO-ya daha tez üzv edilməsi məqsədi daşıyır. Təsadüfi deyil ki, bənzər açıqlamaları alyansa üzv olmazdan əvvəl Finlandiya rəsmiləri də səsləndirirdi. Ümumiyyətlə, Rusiyanın İsveçə müharibə elan etməsi qeyri-real ssenaridir. Ukraynada faktiki olaraq ilişib qalan, itkilərlə üzləşən Rusiyanın ikinci cəbhə açması, üstəlik, növbəti hədəf kimi İsveçi seçməsi intihardan başqa bir şey deyil. İsveç NATO üzvü olmasa da, alyansın standartlarında güclü ordu və donanmaya malikdir. Bundan başqa, çətin coğrafiyası da Rusiya ordusu üçün keçilməzdir. Ən önəmli faktor isə İsveçin postsovet ölkəsi olmamasıdır. Yəni Rusiyanın burada nüfuz edəcəyi hərbi-siyasi elita, etnik azlıq yoxdur. Müəllif: Politoloq Turan Rzayev dia-az.life Geri qayıt |