Əsas Səhifə > Dünya > Türkiyə yenidən seçim qarşısında:
Türkiyə yenidən seçim qarşısında:11-01-2024, 15:25 |
2024-cü il mart ayının 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Ankara, İstanbul, İzmir kimi aparıcı şəhərlərdə müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) uduzan Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. Ötən ilki prezident və parlament seçkilərində qalib gələn hakim partiya bu seçkilərdə də üstünlük qazanmaq niyyətindədir. Artıq partiya seçkilərdə iştirak edəcək namizədlərinin adlarını açıqlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26 namizədin adını ictimaiyyətə elan edib. Türkiyənin ən böyük şəhəri və iqtisadi mərkəzi olan İstanbul Bələdiyyəsi üçün Murat Kurumun namizədliyi irəli sürülüb Murat Kurum 2018-2023-cü illərdə ölkənin ətraf mühit və şəhərsalma naziri olub. CHP-dən olan hazırkı İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Ekrem İmamoğlu da vəzifəsini qorumaq üçün mübarizəyə növbəti dəfə davam edəcək. Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Turqut Altınok namizəd olub. Altınok seçkilərdə hazırkı bələdiyyə başçısı, CHP-nin namizədi Mansur Yavaşa rəqib olacaq. Əsas peşəsi hüquqşünas olan Altınokun siyasi həyatı Ülkü Ocaklarında başlayıb. O, 1994-cü ildə keçirilən bələdiyyə seçkilərdə MHP-dən, 1999-cu ildə Fəzilət Partiyasından, 2019-cu ildə isə AKP-dən Keçiören Bələdiyyə Başçısı seçilib. Türkiyədə bələdiyyələrin geniş səlahiyyətləri fonunda qarşıdakı seçkilərə də maraq yüksəkdir. Siyasi analitiklərin qənaətinə görə, Türkiyə müxalifəti İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə məğlub olsa, siyasi təsir imkanlarını tamamilə itirəcək. Türkiyəli siyasi şərhçi Hilmi Hacaloğlu mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Ankara və İstanbul Böyük Şəhər bələdiyyələri uğrunda AKP ilə CHP arasında gərgin rəqabət olacaq: “Hakim partiya 5 dəfə ardıcıl qələbədən sonra İstanbulda Binəli Yıldırımın timsalında Əkrəm İmamoğluna məğlub oldu. Baxmayaraq ki, paytaxt şəhər Ankaradır, əsas rəqabət İstanbul uğrunda gedəcək. Son günlərə qədər AKP-nin İstanbuldakı namizədi barədə müxtəlif adlar çəkilsə də, sonda Murat Kurumun üzərində dayanıldı. Heç şübhəsiz ki, bu, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarıdır”. “AKP İstanbul Böyük Şəhər Bələdiyyəsi seçkilərinə uzun müddətdir hazırlaşır və namizəd məsələsinə xüsusi önəm verir. Artıq Ərdoğan Kurumla bağlı mesajını da ictimaiyyətə çatdırıb. Onun beş il Türkiyənin ətraf mühit və şəhərsalma naziri olmasını əsas gətirib və İstanbulu inkişaf etdirəcəyini bəyan edib. Daha bir maraqlı məqam isə AKP-nin Ankarada millətçi namizədi önə çıxarmasıdır. Bu da hazırda Ankara Böyük Şəhər Bələdiyyəsinə rəhbərlik edən millətçi Mansur Yavaşın səslərini parçalamağa xidmət edir”, - deyə həmsöhbətimiz bildirib. Hacaloğlu Ankara və İstanbulda hansı siyasi düşərgənin qalib gələcəyi ilə bağlı indidən proqnoz verməkdə çətinlik çəkir: “Şübhəsiz ki, gərgin mübarizə gedəcək. İmamoğlu və Yavaşın rahatlıqla seçkilərdə qalib gəlmək şansları yoxdur. Ola bilər ki, onlar yenidən qələbə qazansınlar. Lakin bu, elə də asan olmayacaq. Hakim partiya Türkiyənin aparıcı şəhərlərində bələdiyyə seçkilərində qalib gəlməyə çalışacaq. Bunun üçün bütün resurslarını da səfərbər edəcək”. Uzun müddət Türkiyədə yaşayan Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də AYNA ilə söhbətində Türkiyədəki bələdiyyə seçkilərinin gərgin rəqabət şəraitində keçəcəyini söyləyib: “Əsas diqqət şübhəsiz ki, İstanbul və Ankaraya yönələcək. Çünki biri paytaxt şəhəridir, digəri də Türkiyənin iqtisadi mərkəzi, dünyanın isə aparıcı şəhərlərindən biridir. Xüsusən ötən seçkilərdə İmamoğlu və Yavaşın timsalında AKP-nin məğlub olması hakim partiyanı bu seçkilərdə fəallığa təşviq edir. Onlar qələbə qazanmaq üçün maksimum səy göstərəcəklər. Namizədin seçimi mövzusunda xüsusi həssaslıq da bununla əlaqədardır. Çünki AKP bu seçkilərə müxalifətin tamamən zəiflədilməsi üçün bir şans kimi baxır. Xüsusən son prezident və parlament seçkilərindən sonra buna zəruri ehtiyac duyur”. “Lakin hətta CHP-nin namizədləri İstanbul və Ankarada yenidən qalib gəlsələr belə, bu, Türkiyənin siyasi həyatında ciddi dəyişikliklərə səbəb olmayacaq. Cənab Ərdoğanın rəhbəri olduğu AKP və “Cümhur İttifaqı” həm prezident, həm də parlament seçkilərində qələbə qazanıb. Bu seçkilər müxalifətin, xüsusən ana müxalifət partiyası CHP-nin fəaliyyətində həlledici məqam olacaq. Bu səbəbdən onlar da çalışacaqlar ki, tarixi şansı qaçırmasınlar”, - deyə müsahibimiz vurğulayıb. Hüseynlinin sözlərinə görə, Türkiyədəki seçkilər Azərbaycanda da maraqla izlənilir: “Amma bir məqam var ki, Türkiyədə kimin iqtidar olmasının, hansı siyasi qüvvənin parlamenti formalaşdırmasının, eləcə də bələdiyyə seçkilərində kimin qalib gəlməsinin Azərbaycan-Türkiyə strateji münasibətlərinə əhəmiyyətli təsiri yoxdur. Digər yandan Azərbaycan və Türkiyə prezidentləri arasında dərin dostluq münasibətləri mövcuddur. Təbii ki, münasibətlərimiz bundan sonra da artan dinamika ilə davam edəcək”. AYNA.az Geri qayıt |