Əsas Səhifə > Dünya > Tayvan hansı yolla gedəcək?

Tayvan hansı yolla gedəcək?


15-01-2024, 11:22
Tayvan hansı yolla gedəcək?
Tayvanda prezident seçkisində (admnistrasiya rəhbəri vəzifəsi) qələbə qazanan hakim Demokratik Tərəqqi Partiyasından 64 yaşlı lideri Lay Sinde adanın “müstəqillik” siyasətindən geri çəkilməyəcəyini bəyan edib. O adanın status-kvosunun davamını dəstəkləyir.
Lay Sindenin qələbəsi gözlənilən idi. Pekindən ilk reaksiya gəlib, Çinin müdafiə naziri Cjan Syaoqan bəyan edib ki, Tayvanın müstəqilliyi qəbuledilməzdir. Tayvanda parlament seçkisində isə cüzi səs çoxluğu ilə Çinlə dialoqun tərəfdarı olan siyasi partiyalar qələbə çalışb. Adanın lideri gələcək siyasətində bu amili nəzərə almalıdır.
Buna baxmayaraq, Pekinlə Tayvan arasında dialoqun mümkünlüyü şübhə doğurur. Hakim Demokratik Tərəqqi Partiyası adanın müstəqil siyasətinin, ABŞ-la tərəfdaşlığın gücləndirilməsinin, o cümlədən Tayvanın hərbi gücünün artırılmasının tərəfdarıdır. Bu siyasət Çinin maraqlarına ziddir. Belə görünür ki, Çin lideri Tsi Cinpinin Tayvan administrasiyasının lideri Lay Sinde ilə dialoqu alınmayacaq. Halbuki, Tsi Cinpin yumşaq gücdən istifadə edərək adanı Çinə birləşdirməyə çalışır. Misal üçün Çin ada ilə ticarəti, turizm əlaqələrini gücləndirmək istəyir. Pekin Tayvana birgə iqtisadi zona yaratmağı da təklif edib. Ancaq Lay Sindenin qələbəsi ada ilə Pekin arasında əməkdaşlıq imkanlarını heçə endirib.
ABŞ prezidenti Co Bayden Tayvandakı seçkilərdən sonra yenə bəyan edib ki, Vaşinqton əvvəlkitək “vahid Çin” konsepsiyasını dəstəkləyir. Bu açıqlama Pekini sakitləşdirmək üçündür. Buna baxmayaraq, Vaşinqton Tayvanın Çinə birləşdirilməsinin əleyhinədir. Çində hesab edirlər ki, ABŞ-ın dəstəyi olmadan Tayvan birləşməyə müqavimət göstərə bilməz. Tsi Cinpin hakim Kommunist Partiyasının son qurultayında bəyan etmişdi ki, birləşmə danışıqlar yolu ilə alınmasa Pekin başqa üsullardan istifadə edəcək, yəni ordunun imkanlarından faydalanacaq.
Buna baxmayaraq, xarici ekspertlər Çinin Tayvanı zorla adaya biləşdirəcəyinə risq etməyəcəyi qənaətindədirlər. Onların fikrincə, adanın zorla Çinə birləşdirilməsi Pekinə xeyli problem yaradacaq. Birincisi, bu regional müharibəyə səbəb olacaq, xeyli canlı itki olacaq. İkincisi, Vaşinqton və Brüssel Çinə qarşı sərt sanksiyalar tətbiq edəcəklər ki, bu Çin iqtisadiyyatına mənfi təsir edəcək. Üçüncüsü, Çinin qonşu ölkələrlə münasibətləri daha da gərginləşəcək. Çünki ABŞ-la bərabər qonşu ölkələr də Tayvanın Çinə zorla birləşdirilməsinin əleyhinədirlər. Misal üçün Yaponiya Tayvanın Çinə birləşdirilməsini istəmir. Tokio Tayvanın Çinə birləşməsi nəticəsində Pekinin adanın yaxınlığından keçən ticarət gəmilərinə nəzarət edəcəyindən narahatdır.
Bu arada, “Bloomberg” agentliyi Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun da Çindən ehtiyat edilməsi gərəkliyini bildirib. Kemeron buna misal kimi vaxtilə Çinə birləşdirilən Honq-Konqda vəziyyətin gərginləşməsini və Sintzyan bölgəsində uyğurlara edilən zorakılığı göstərib.
Avropa İttifaqı Tayvanda keçirilən seçkiləri alqışlasa da, ada ətrafındakı ümumi vəziyyətlə bağlı narahatlığını da bəyan edib. Brüsselin bəyanatında yazılıb ki, boğazda sülh və sabitlik təkcə region üçün deyil, bütün dünya üçün vacibdir. Bununla Brüssel Pekini xəbərdar edib ki, zorla birləşdirilmə bölgədə vəziyyəti gərginləşdirəcək və bu halda Avropa İttifaqı Çinə qarşı sərt sanksiyalar tətbiq edəcək.
“Atlas” Araşdırmalar Mərkəzi
dia-az.life

Geri qayıt