Əsas Səhifə > Dünya > Rusiya-NATO müharibəsi başlayır?

Rusiya-NATO müharibəsi başlayır?


15-01-2024, 12:42
Rusiya-NATO müharibəsi başlayır?
Almaniyanın “Bild” nəşri əldə etdiyi məxfi sənəd əsasında iddia edib ki, Bundesver (Almaniya ordusu – red.) Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşır. Nəşrin qeyd etdiyi sənədlərdə yer alan məlumata görə, NATO ilə Rusiya arasında münasibətlərin mümkün kəskinləşməsi bu ilin fevralında baş verə bilər. Bu, Rusiya Prezidenti Vladimir Putinin necə hərəkət edəcəyini və NATO-nun özünü necə müdafiə etməli olacağını addım-addım, aybaay təsvir edən ssenaridir.
Bundesver ssenarisində eskalasiya cəmi bir neçə həftədən sonra başlayacaq, ardınca onminlərlə alman əsgəri döyüşə göndəriləcək.
Estoniya Baş naziri Kaya Kallas isə deyib ki, “Qərb dövlətləri Ukraynaya təcavüzkarı məğlub etməkdə kömək etməsələr, NATO Rusiyanın işğalının hədəfinə çevrilə bilər”.
Əvvəlcə qeyd etmək lazımdır ki, “Bild” kifayət qədər ciddi nəşrdir, lakin iddianın söykəndiyi mənbə qeyri-müəyyəndir. Yəni hər hansı məxfi sənədə istinad etmək xəbərin düzgünlüyünü şübhə altına atır. Bundan başqa, iddiada qeyd olunan məqamlar reallığı əks etdirmir.
Məsələ ondadır ki, eskalasiyanın cəmi bir neçə həftədən sonra başlanması güman edilir. Halbuki 2024-cü il başlayandan Rusiya-Ukrayna müharibəsində ciddi aktivlik müşahidə edilir.
Hətta Ukrayna ordusu Kurska “Toçka-U” raketləri ilə hücum edib, bir sıra rus şəhər və qəsəbələrinə zərbələr endirilib. Rusiya tərəfi də öz növbəsində hücumlarını intensivləşdirib və bir sıra kiçik obyektləri nəzarətə götürüb.
Ümumiyyətlə, qarşıdan Rusiya prezident seçkiləri gəlir və Putin seçkiyə güclü getmək üçün qələbələr əldə etmək istəyir. Buna görə də Rusiyanın bütün cəbhəboyu hücumları artıracağı daha real versiyadır. Yəni Kremlin seçkiöncəsi NATO ilə gərginliyi artırması gözlənilmir.
Estoniya Baş naziri Kaya Kallas həmçinin onu da deyib ki, “Rusiya NATO ilə münaqişədən qorxur”. Bu, həqiqətən də belədir. Rusiya Ukrayna ilə müharibə aparmaq gücündə olsa da, bütöv alyansla savaşacaq gücə sahib deyil. Bunun Rusiya və Putin hakimiyyəti üçün fəlakətlə nəticələnəcəyi bəllidir. Kreml Rusiya dövlətçiliyini təhdid altına alacaq belə bir müharibədən maksimum dərəcədə qaçmağa çalışacaq.
O ki qaldı Almaniya ordusunun Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşmasına, bu, psixoloji üstünlüyü ələ almaq üçün ortaya atılan iddiadan başqa bir şey deyil. Rəsmi Berlin tarixboyu iki dəfə rus ordusu ilə qarşı-qarşıya gəlib. Coğrafi amil və hava şəraiti rusların köməyinə çatıb və almanlar iki dəfə ağır məğlubiyyətə uğrayıblar.
Berlinin üçüncü dəfə belə bir addımı atması real deyil, lakin bununla belə almanların İkinci Dünya müharibəsindən bəri Kalininqradı qaytarmaq kimi planı var. Bu detal isə rusları hər zaman narahat edib. Nəticə etibarilə qarşıdakı aylarda nə Almaniya-Rusiya, nə də ümumilikdə NATO-Rusiya hərbi qarşıdurması olacaq.
Müəllif: Politoloq Turan Rzayev
dia-az.life

Geri qayıt