Əsas Səhifə > Dünya > “Saakaşvilinin partiyası xəstə bir liderin rəhbərlik etdiyi təriqətdir”

“Saakaşvilinin partiyası xəstə bir liderin rəhbərlik etdiyi təriqətdir”


19-01-2024, 10:37
“Saakaşvilinin partiyası xəstə bir liderin rəhbərlik etdiyi təriqətdir”
Gürcüstanlı politoloq, Beynəlxalq Qara Dəniz Universitetinin (Tbilisi) dosenti Aleksandr Mçedlişvili AYNA-ya müsahibəsində ölkəsində yaşanan siyasi proseslərdən danışıb. Beləliklə:

- Gürcüstan artıq Avropa İttifaqına (Aİ) namizəd statusu alıb, lakin Aİ-nin bir hissəsi olmaq üçün hələ çox iş görülməlidir. Tbilisinin 2024-cü il üçün Avropaya inteqrasiya planı necədir?

- Plan qurmaq üçün ilk növbədə vəzifəni müəyyənləşdirmək lazımdır. Çox güman ki, bu ilin əsas vəzifəsi parlament seçkilərini qeyri-legitim adlandırmağa əsas verməmək üçün onu sakit şəraitdə keçirməkdir. Məhz 2024-cü il seçkilərinin nəticələri Gürcüstanın Avropaya inteqrasiyası yolunda əsas amil olacaq.

- Bidzina İvanişvilinin aktiv siyasətə qayıdışı ölkədəki vəziyyətə necə təsir edəcək?

- İvanişvilinin qayıdışı ümumilikdə Gürcüstan siyasətinə müsbət təsir edəcək. Bu, bir tərəfdən qeyri-rəsmi idarəetmə məsələsini bütün sonrakı nəticələrlə bağlayacaq. Digər tərəfdən, İvanişvili cəmiyyətin getdikcə artan mənfi əhval-ruhiyyəsini Saakaşvili tərəfdarlarına qarşı tarazlaşdıra biləcək və seçkiqabağı sakit mühitin saxlanmasına hər cür töhfə verəcək. Gürcüstan ictimaiyyəti onun bunu necə edəcəyini bildiyinə dəfələrlə əmin olub.

“Gürcü Arzusu” partiyası hakimiyyətə gəldikdən sonra hər cür cəhd edir ki, münaqişəli vəziyyətlərdən qaçsın. Bu səy Ukraynada hərbi əməliyyatların başlaması ilə xüsusi əhəmiyyət kəsb etdi. İndiyədək hakim partiya ölkə daxilində sabitliyin qorunmasında uğur qazanıb. Nəticə göz qabağındadır: onun reytinqi kəskin artıb.

- Gürcüstan müxalifətini nə gözləyir? Onun mövcud hakimiyyətə müqavimət göstərmək potensialı varmı?

- Şəxsən mən Gürcüstan müxalifəti üçün heç bir strategiya görmürəm. İndiki müxalifət parlamentdəki yerini itirməmək və sahiblərinin sərvətlərini itirməmək məqsədi ilə idarə olunan şəxslər və ya bir qrup şəxsdir. Qarşıdurmaya gəlincə, müxalifət niyə hakimiyyətlə üz-üzə gəlməlidir? Yaxud bunu nə ilə ifadə etmək lazımdır? Əgər seçkiləri nəzərdə tutursunuzsa, indiki vəziyyətdə müxalifətin şansı çox azdır. Və bu, çox pisdir.

- Mixail Saakaşvilinin böyük siyasətə qayıtması şansları nə qədərdir? Onun eyni səlahiyyət və çəkisi olacaqmı?

- Bu gün “Vahid Milli Hərəkat”ı çətin ki, siyasi partiya adlandırmaq olar. Əslində bu, xəstə bir liderin rəhbərlik etdiyi bir təriqətdir. Siyasətdə qalmaq niyyətində olan üzvləri və ya sadəcə olaraq təriqətlə özünü tanımaq istəməyənlər partiya sıralarını tərk edirlər. Görək seçkilərə qədər bu partiyadan nə qalacaq.

- Prezident Salome Zurabişvili növbəti seçkilərdə güclü müxalifət formalaşdırıb hakim partiya ilə rəqabət apara bilirmi?

- Salome Zurabişvili təcrübəli siyasətçidir. Problemləri danışıqlar yolu ilə həll etməyə daha çox meyllidir. Onun karyerasına diplomat kimi başlaması əbəs yerə deyildi. Düşünürəm ki, o, özü istəsə, gələcəkdə Gürcüstan siyasətində müəyyən yer tuta bilər. Bunun üçün onun bütün ilkin şərtləri var.

Geri qayıt