Əsas Səhifə > Dünya > Ruslar üçün ümid işığı, yoxsa Putinin “B” planı?
Ruslar üçün ümid işığı, yoxsa Putinin “B” planı?30-01-2024, 10:59 |
Rusiya prezidentliyinə namizəd Boris Nadejdin namizədliyinin müdafiəsi üçün 100 min imza toplayıb. Proses davam edir. “Azadlıq” radiosunun məlumatına görə, Nadejdin Vətəndaş Təşəbbüsü Partiyasından namizədliyini irəli sürür, açıq anti-müharibə mövqeyi tutur və beşinci dəfə Prezident olmaq üzrə olan Vladimir Putinin siyasətinə açıq şəkildə qarşı çıxır. Nadejdinin hazırda 60 yaşı var, o, siyasətdəki karyerasına 1990-cı illərdə başlayıb. 2000-ci illərdə Sağ Qüvvələr Birliyi Partiyasından Dövlət Dumasının deputatı olub. Nadejdin elan etdi ki, imzaların toplanması davam edir - ən azı 150 minə qədər və əsasən yuxarı həddi keçilməmiş bölgələrdə. Qeydiyyatdan keçmək üçün Nadejdin MSK-ya ən azı 40 regiondan 105 mindən çox olmayan imza təqdim etməlidir. Ən yüksək keyfiyyətli imzaları təqdim etmək üçün daha çox sayda imza lazımdır ki, Rusiya Mərkəzi Seçki Komissiyası səhv tapıb onları “əsl olmayan” adlandırmaq imkanına malik olmasın. İmzaların toplanması yanvarın 31-də başa çatır. MSK fevralın 10-dan gec olmayaraq namizədlərin qeydiyyatını elan edəcək. Hazırda prezidentliyə imza toplamaq icazəsi verilmiş və ya parlament partiyaları tərəfindən irəli sürülən 11 namizəd mübarizə aparır (belə namizədlərin imza toplamasına ehtiyac yoxdur). Rusiyada prezident seçkilərində səsvermə 2024-cü il martın 15-dən 17-dək keçiriləcək. Belə iştirakın mənası nədir? Axı, yəqin hamı başa düşür ki, bu “seçkilər” mahiyyət etibarı ilə rəqabətsiz olacaq. Bəs Nadejdin nəyi göstərmək istəyir - Rusiyada hələ də Putin rejiminə ən azı bir formada müqavimət göstərməyə hazır olan ictimai qüvvələr var? Başqa hansı məqsəd ola bilər? AYNA-nın suallarını tanınmış rusiyalı ekspertlər cavablandırıblar. “After Empire” portalının baş redaktoru, politoloq Olqa Kurnosova: “Mənə aydındır ki, müasir Rusiyada olan diktatura rejimində seçkilər nəticəsində hakimiyyət dəyişmir. Seçkilər yalnız seçkili demokratiyalarda olur. Çox güman ki, Mərkəzi Seçki Komissiyası sadəcə olaraq Nadejdinin imzalarını rədd edəcək. Bütün bu hekayədə başqa bir şey vacibdir. Rusiyada Putindən bezmiş və dəyişiklik istəyən kifayət qədər çox insan var. Və bu kəşf Prezident Administrasiyası üçün xoşagəlməz sürpriz oldu. Bütün ölkə qarşısında imza toplayan yeganə namizədin yarışdan kənarlaşdırılması Putinin legitimliyini birmənalı şəkildə artırmır. Beləliklə, mənim fikrimcə, Nadejdinin namizədliyi plana uyğun getməyən bir şeydir. Nadejdinin peyda olması seçkiləri idarə edən Kiriyenkonun planına uyğun deyil. Təbii ki, Kiriyenko bunun öhdəsindən gələcək. Ancaq çox çalışmalı olacaq”. Şərqi Avropa ölkələri üzrə ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa): “Mənim nöqteyi-nəzərimə görə, bu, xeyri olmayan bir oyundur ki, burada hər iki tərəfin nəyi qalibiyyət hesab edə biləcəkləri barədə öz fikirləri var. Düşünmürəm ki, Prezident Administrasiyası indiki halda bu şəkildə seçici fəallığını artırmağa və ya hesab baxımından sırf texnoloji bir iş görməyə ümid edir. Hesab edirəm ki, hesablama təxminən 2018-ci ildə Kseniya Sobçakın seçkilərdə iştirak etdiyi hekayəsində olduğu kimidir. Ona ən radikal anti-Kreml və hətta Putin əleyhinə şüarlarla danışmağa, qadağan olunanları - Krım və başqa hər şey haqqında söyləməyə icazə verilmişdi. Bu, sadəcə olaraq, qarşıdan gələn seçkilərin yekun protokolunda reallıqda nə qədər rusiyalının bu nöqteyi-nəzəri dəstəklədiyini göstərmək üçün edilir. Mənə elə gəlir ki, indi Boris Nadejdinlə təxminən eyni hekayə gedir. Və bu baxımdan, Nadejdinin dəstəklənməsi mənə bu hekayənin bir fenomeni kimi görünür: insanlar sadəcə ümidsiz vəziyyətdə qalaraq, istənilən bir oyun qaydasını qəbul etməyə hazırdırlar ki, öz anti-müharibə demokratik mövqelərini ifadə edə bilsinlər. Özü də bunu prinsipcə risksiz və tam cəzasızlıqla edilə biləcəyi illüziyasını yaşayırlar. Ona görə də hesab edirəm ki, burada Boris Nadejdin qısamüddətli özünü təsdiq etmək imkanı əldə edir (baxmayaraq ki, onun heç bir xüsusi demokratik mövqeyi yoxdur). Məhz belə bir şəxsin demokratik əqidələrin təmsilçisi vəzifəsinə irəli sürülməsi əslində mənə Rusiyanın demokratik ictimaiyyəti üçün ən böyük itki kimi görünür”. Geri qayıt |