Əsas Səhifə > Dünya > Gürcüstanda müsəlmanların dini qurumlarına ayrılan vəsait artırılır

Gürcüstanda müsəlmanların dini qurumlarına ayrılan vəsait artırılır


4-02-2024, 19:29
Gürcüstanda müsəlmanların dini qurumlarına ayrılan vəsait artırılır
Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyinin məlumatına görə, 2024-cü ildə dörd dini birliyə (islam, yəhudi, roma-katolik və erməni apostol) dövlət tərəfindən ayrılan maliyyə vəsaiti 1 milyon lari artaraq 5,5 milyon laridən 6,5 milyon lariyə yüksələcək.

“Cebhe.info” bu barədə “Gürcüstan Online”-a istinadən xəbər verir.

Qeyd olunur ki, hər dörd dini qurum 2014-cü ildən dövlət büdcəsindən maliyyələşir. Bu, ölkənin bir müddət əvvəl istefa vermiş Baş naziri İrakli Qaribaşvilinin birinci dövründə verdiyi qərardır.

Qurumun açıqlamasında bildirilir ki, maliyyələşmənin məqsədi sovet totalitar rejimi dövründə dəymiş maddi və mənəvi zərərin qismən ödənilməsidir. Məhz bu məqsəd 2014-cü ildə dörd dini quruma dövlət tərəfindən maliyyə ayrılması barədə qərar qəbul edilən zaman da qeyd olunub.

Eyni zamanda, 2002-ci ildə bağlanmış Konstitusiya sazişi ilə xüsusi status və mühüm imtiyazlar verilən Gürcü Pravoslav Kilsəsi də dövlət büdcəsindən maliyyələşir. 2024-cü ilin dövlət büdcəsində gürcü pravoslav kilsəsi üçün 25 milyon lari ayrılıb.
Geri qayıt