Əsas Səhifə > Dünya > “Ukrayna məğlub olarsa, Avropa ölkələri Putin Rusiyası ilə üz-üzə qalacaq”
“Ukrayna məğlub olarsa, Avropa ölkələri Putin Rusiyası ilə üz-üzə qalacaq”15-02-2024, 08:39 |
ABŞ-ın sabiq Prezidenti, Respublikaçılar Partiyasının bu il keçiriləcək prezident seçkilərində ən real namizədi sayılan Donald Tramp ABŞ-ın Avropa ölkələri ilə bağlı apardığı siyasətin doğru olmadığını iddia edib. Tramp bildirib ki, ABŞ NATO üzvləri müdafiə xərcləri ilə bağlı maliyyə öhdəliklərini yerinə yetirməsələr, onları müdafiə etməyəcək. Üstəlik, hətta rusları istədiklərini etməyə təşviq edəcəyinə eyham vurub. Ukrayna Milli Aviasiya Universitetinin professoru, politoloq Maksim Yali UNIAN-a müsahibəsində Trampın son bəyanatları ilə bağlı fikirlərini açıqlayıb. AYNA müsahibəni istinadla təqdime dir: - Cənab Maksim, Trampın son bəyanatlarına münasibətiniz necədir? - Əvvəla, bunlar Trampın nə edəcəyi ilə bağlı bəyanatlar deyil. Bu, onun avropalı tərəfdaşlarla necə ünsiyyət qurduğuna dair istinadlarıdır və bunu NATO büdcəsinə daha çox ödəməyə başlamaq üçün səbəb kimi təqdim edir. Ona görə də, prinsipcə, heç də təəccüblənmirəm. Hətta onun Prezident olduğu dövrdə də bu barədə yazırdılar. Sadəcə Tramp indi bunu öz dili ilə səsləndirir. Onun məqsədi bəllidir: qorxutmaq. Bu, prinsipcə, az nəticə verdi. Avropa ölkələrinin hökumətləri daha çox maliyyə ödəməyə başladılar. Ona görə də mən bunu məhz seçkiqabağı təşviqatın tərkibi hesab edirəm və inanmıram ki, Tramp Prezident olarsa, məhz belə davranacaq. Əlbəttə, müəyyən risklər var. - Bu risklər nədən ibarətdir? - Avropalılar anlamağa başlayıblar ki, ola bilsin ki, ABŞ-dan heç bir təhlükəsizlik zəmanəti ala bilməzlər və o zaman Ukrayna məğlub olarsa, avropalılar Putin Rusiyası ilə üz-üzə qalacaqlar. Onlar artıq Polşanın, Baltikyanı ölkələrin liderlərinin, NATO baş katibi Yens Stoltenberqin bəyanatlarından başa düşürlər ki, Rusiyanın NATO ilə münaqişəsi mümkündür. Yəni ki, Avropa ölkələrindən birinə hücum mümkündür. Bu mənada Ukraynaya indi maddi və silahla dəstək vermək sonradan Rusiya ilə döyüşməkdən qat-qat ucuz başa gəlir. Xüsusilə, nəzərə alsaq ki, müxtəlif sosioloji sorğulara görə, Avropa ölkələrinin əhalisi heç müharibəyə hazır da deyillər. Almanları demirəm, hətta Polşa vətəndaşları da müharibəyə hazır deyillər. Bu ölkələrdə ictimai rəy sorğuları keçirilib və nəticə mən dediyim kimidir. İndi biz Almaniya kansleri Olaf Şolsun mövqeyinin necə dəyişdiyini görə bilirik. Ukraynaya qarşı tam miqyaslı işğal ərəfəsində, müharibənin baş verəcəyini anlayanda Almaniya Ukraynaya cəmi beş min dəbilqə göndərdi. Amma indi Almaniya malların sayına, maliyyə vəsaitlərinin miqdarına, hərbi yardımın miqdarına görə artıq ABŞ-dan sonra ikinci yerdədir. Bundan əlavə, Almaniya bu yardımın hələ də bloklandığı həmin ABŞ-dan fərqli olaraq, bu il üçün ən azı iki dəfə çox vəsait ayırmağa söz verib. Ona görə də, belə demək mümkünsə, qısamüddətli perspektivdə bu bəyanatların müəyyən müsbət tərəfi var. Ən azı, avropalı tərəfdaşlarımızdan hərbi yardımı artırmaq nöqteyi-nəzərindən - ümumilikdə hərbi sənayenin inkişafı üçün maliyyənin artırılması və onların milli təhlükəsizliyinə Rusiyadan gələn real təhdidlərin başa düşülməsi baxımından. - Hazırda müxtəlif ekspertlərdən Trampın yenidən seçiləcəyi təqdirdə Ağ Evdəki yeni administrasiyanın daha təcridçi olacağına dair siqnallar gəlir. Yəni xarici məsələlərlə daha az məşğul olacaq, buna uyğun olaraq, avropalıların öz problemlərini özləri həll etməli olduqları iddia ediləcək. Bu cür perspektivlərə münasibətiniz necədir? - Xarici siyasətdə təcridçiliklə bağlı dəyişikliklər hələ 2009-cu ildə, ABŞ Prezidenti Barak Obama vəzifəyə gələndə başlayıb. Obama 2008-ci ildə belə bir gündəmlə ABŞ Prezidenti seçilib. “Qlobal polis” statusunun rədd edilməsi qoşunların İraq və Əfqanıstandan çıxarılması ilə başladı. Obama seçkiyə məhz bununla getdi. Sadəcə olaraq, Rusiya o zaman ABŞ-ın qlobal rəhbərliyinə və dünya nizamına meydan oxumadı. Yeri gəlmişkən, Barak Obama hesab edirdi ki, hadisələrin gedişindən və 2014-cü ildə başlayan Rusiya-Ukrayna müharibəsindən - Krımın qanunsuz işğalından və Rusiyanın Donbasa hərbi təcavüzünə başlayandan sonra daha çox narahat olan Avropadır. Və bizə silah vermək və Rusiyaya qarşı ciddi iqtisadi sanksiyalar tətbiq etmək əvəzinə, Ukraynaya öldürücü silahların verilməsinə veto qoydu. Bunun əvəzinə, bizə ilk öldürücü silahımızı, onsuz da tam miqyaslı işğalın ilk həftələrində çox faydalı olan “Javelin”ləri verən Tramp oldu. Ona görə də bu kurs uzun müddətdir ki, davam edir. Tramp sadəcə olaraq bunu davam etdirir. Və Amerikanın daha çox təcrid olunacağı həqiqətdir. - Siz qeyd etdiniz ki, Trampın açıqlamalarından sonra Ukraynaya, o cümlədən Almaniyadan yardımlar artır. Bəs ABŞ NATO-nun yaradılması haqqında Vaşinqton Müqaviləsinin 5-ci maddəsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edərsə, Aİ müxtəlif silahlı qüvvələrini tez bir zamanda öz müdafiəsi üçün bir növ vahid orduda birləşdirə biləcəkmi? - Əslində Avropanın vahid ordu yaratmaq cəhdi yeni deyil, əvvəl də var idi. Xüsusilə belə təşəbbüslər Fransa Prezidenti Emmanuel Makron tərəfindən səsləndirilib. Amma Avropa bürokratiyası bu addımları ləngidir. Təbii ki, Tramp Prezident olarsa, bu, prosesi sürətləndirəcək. Və artıq Avropa siyasətçilərinin belə ssenariləri hesablamağa başladığını görürük. Əminəm ki, Rusiyanın Avropa ölkələrindən birinə qarşı mümkün hərbi təcavüzünün qarşısını almaq üçün vahid ordunun yaradılması istiqamətində addımlar atılacaq. Geri qayıt |