Əsas Səhifə > Dünya > Navalnının qətli niyə təəccüblü deyil...

Navalnının qətli niyə təəccüblü deyil...


21-02-2024, 08:10
Navalnının qətli niyə təəccüblü deyil...
Nemtsovun Kremlin divarları dibində qətlə yetirilməsindən sonra Navalnının ölüdürülməsi o qədər də təəccüblü olmamalıdır və Kremlin divarları arxasında əyləşənin bütün dünyaya meydan oxuyan Putin olduğunu düşünəndə onun opponentlərini növbə ilə “aradan götürdüyünə” əminlik bir qədər də artır. Və belə görünür ki, Putin “dar ağacına” çıxardığı Navalnının ayaqları altından kətili çəkib.
Lakin bu ölümdə “yerinə oturmayan daşlar” var:
- Navalnının salındığı kameradan hakimiyyətə risk yaratmaq imkanı minumum idi və Rusiyada prezident seçkilərinə hazırlıq öncəsi onun öldürülməsi Putinə “başağrısından” başqa heç nə vermir: sual yaranır, indiki məqamda niyə onun “ölüm fərmanı”nı imzalasın?
- Bu ölüm Putinin öz “ayağına sıxması” kimi görünür, lakin fərz edək ki, Navalnının “ölüm fərmanı”nın verilməsində gizli məqamlar var, o zaman, niyə başqa vaxt yox, məhz Münhen Təhlükəsizlik Konfransının işə başladığı gün bunu etsin?
Burada “səbəb-nəticə” prinsipi daha məntiqli görünür. Və nəticəyə baxdıqda – seçkidən öncə Putinə ən azı “başağrısının” yaradılması, o cümlədən, Münhendə Rusiyaya qarşı həmrəylik motivinin əldə edilməsi Navalnının ölüm fərmanının Kreml divarlarından kənarda verildiyi fikrini önə çıxır. Axı belə bir ölüm seçkiyə hazırlaşan Putinin nə qədər amansız olduğunu təkcə nəzərə almadığı beynəlxalq ictimai rəydə yox, öz xalqında da yaradacaq, rus ictimaiyyəti dilə gətirməsə belə, ən azı bu haqda düşünəcək. Hətta bu, seçki qutularından çıxacaq “nəticə”yə təsir etməsə belə, ümumi əhval-ruhiyəni korlamağa yetir.
Ən böyük müəmma isə Navalnının Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovun Rusiyaya təhvil verilməsi qarşılığında azad ediləcəyi ilə bağlı müzakirələrdir. “Bild” nəşrinin yazdığına görə, Moskva, Vaşinqton və Berlin arasında aparılan müzakirələr Putinin Navalnını azadlığa buraxması qarşılığında Krasikovun ruslara təhvil verilməsi ətrafında gedirmiş. Nəşr Putinin Krasikovu geri almaqda israr etdiyini qeyd edir. Navalnının ölümü bu danışıqları sıradan çıxardı. Və o versiyanı gücləndirdi ki, Navalnını öldürənlər bu “barterin” baş tutmasını istəməyənlər ola bilər.
Müəmmalı məqamlar çoxdur, lakin Navalnının ölmünün nəticələrinin Putinə yox, həm Qərbdə, həm də Rusiya daxilində Putinə qarşı olanlara sərfəli olduğu ehtimalı daha güclü görünür.

Asıf Nərimanlı - dia-az.life

Geri qayıt