Əsas Səhifə > Dünya > Rusiyanın hücumu qorxusu Avropa qoşunlarının Ukraynaya göndərilməsi qərarı ilə nəticələnə bilər
Rusiyanın hücumu qorxusu Avropa qoşunlarının Ukraynaya göndərilməsi qərarı ilə nəticələnə bilər29-02-2024, 08:11 |
Fransa Prezidenti Emanuel Makron Ukraynaya dəstək konfransından sonra Qərb ölkələrinin hərbi quru qüvvələrinin Ukraynaya göndərilməsi məsələsinin müzakirə edildiyini bildirib. Makron bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri Moskva ilə qarşıdurmada Kiyevə dəstək olmaq üçün yaxın gələcəkdə Ukraynaya öz qoşunlarını göndərə bilərlər. “Bu gün quru qoşunlarının rəsmi, nəzərdə tutulan və təsdiq edilmiş şəkildə yerləşdirilməsi ilə bağlı konsensus yoxdur. Amma gələcəkdə heç nəyi istisna etmək olmaz”, - deyə Makron Parisdəki konfransdan sonra bildirib və əlavə edib ki, Kiyevi dəstəkləmək üçün belə bir imkan variantlar arasında var. Onun sözlərinə görə, bu gün “heç vaxt” deyən bir çox insan iki il əvvəl Ukraynaya tank, təyyarə və uzaqmənzilli raketlərin göndərilməsini istisna edirdi. Bundan əlavə, Fransa Prezidenti qeyd edib ki, istənilən Aİ ölkəsi müstəqil şəkildə Ukraynaya qoşun yeridə bilər: “Çünki hər bir ölkə suverendir, onun silahlı qüvvələri də suverendir. Bugünkü müzakirənin məqsədi bu idi: məqsədimizə çatmaq faydalı olarsa, hər şey mümkündür”. Avro-Atlantik Əməkdaşlıq İnstitutunun siyasi analitiki, ukraynalı politoloq Vladimir Qorbaç mövzu ilə bağlı yazısında qeyd edib ki əslində belə bir bəyanat “Ramşteyn” formatından təşəbbüsün mənimsənilməsidir: “Bu, müdafiə nazirləri və baş qərargah rəisləri səviyyəsində baş verir və burada ən yüksək siyasi səviyyəyə - prezidentlər və baş nazirlərə çatır. Makron və Fransa bu məsələdə ABŞ-la rəqabətə girirlər və bu, Ukrayna üçün yaxşıdır. Çünki rəqabət nə qədər çox olarsa, Kiyevə kömək etmək üçün bir o qədər motivasiya olar. Makron Ukraynaya qoşun göndərmək imkanından danışarkən, ilk növbədə, Aİ-yə üzv ölkələrin qoşunlarını nəzərdə tutur və əlavə edir ki, bu, Aİ çərçivəsində müzakirə olunur. Demək ki, Avropa ölkələrində Ukraynadakı müharibənin lokal deyil, qlobal nəticələrə səbəb olacaq müharibə olduğu barədə fikirlər artıq yetişib”. “Rusiyanın NATO-ya üzv ölkələrə mümkün hücumu barədə də çox danışılır. Başa düşürük ki, Rusiyanın hücum edəcəyi mümkün görünən NATO ölkəsi Şimali Amerikada deyil, Avropadadır. Ona görə də bu narahatlıq, təşviş, Rusiyanın hücumu qorxusu Avropa qoşunlarının Ukraynaya göndərilməsi qərarı ilə nəticələnə bilər. Əgər Rusiya ilə toqquşma qaçılmazdırsa, bu toqquşmanın Aİ və ya NATO ölkələrinin ərazisində olmasındansa, Ukrayna ərazisində olması daha yaxşıdır. Yəni söhbət rasional - proaktiv addımdan gedir. Müharibəyə qoşulursansa, bu, öz ərazindənsə, başqasının ərazisində daha yaxşıdır”, - analitik vurğulayıb. “Mənə elə gəlir ki, indi bu məsələ Avropa dövlətlərini, hökumətlərinin rəhbərlərini, müdafiə nazirlərini düşündürür. İstisna etmirəm ki, vəziyyət o həddə çata bilər ki, Ukrayna NATO-ya deyil, NATO Ukraynaya qoşulur - istər təşkilat, istər ayrı-ayrı üzvlər, istərsə də kiminsə tabeliyində olan xüsusi koalisiya kimi. Düzdür, bu, fantastik görünür, amma mənim fikrimcə, olduqca perspektivlidir”, - deyə Qorbaç əlavə edib. AYNA Geri qayıt |