Əsas Səhifə > Dünya > Asiyada yeni NATO bloku formalaşır

Asiyada yeni NATO bloku formalaşır


1-03-2024, 10:00
Asiyada yeni NATO bloku formalaşır
Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin rəsmilərini Münxen Təhlükəsizlik Konfransına dəvət etmirlər. Qərb ölkələrinin Çinin regional siyasətindən də narazılıqları olsa da, bu ölkənin rəsmilərini Münxen Təhlükəsizlik Konfransına dəvət edirlər. Çinin xarici işlər naziri Van Yi 16-18 fevralda Münxendə keçirilən konfransda çıxış etməklə yanaşı ikitərəfli görüşlər də keçirtdi. Van Yi tərəfdaşı Rusiya ilə savaşan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə də Münxendə görüşmüşdü.
Buna baxmayaraq, Vaşinqton və Brüssel Pekinin siyasətindən narahatlıqlarını gizlətmirlər. ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə köməkçisi Kamil Douson Vaşinqtonda bildirib ki, Amerikanın Hind və Sakit okean bölgəsində Çini durdurmaq siyasətinin müsbət nəticələri var. Amerikalı diplomat hesab edir ki, Çinə qarşı müqavimət artdıca Pekin ehtiyatlı olmağa məcbur qalacaq. Ancaq ABŞ-da heç də hamı dövlət katibinin köməkçisi kimi düşünmür. Məsələn, Respublikaçılar Partiyasının prezidentliyə keçmiş iddialarından biri Florida ştatının qubernatoru Ron Desantis Çini Amerika üçün bir nömrəli təhlükə kimi qiymətləndirib. Buna görə də Desantis ABŞ-ın Hind və Sakit okean bölgəsində hərbi və dəniz qüvvələrinin gücləndirilməsi vacibliyini bildirib. ABŞ-ın Enerji Nazirliyi çərçivəsində fəaliyyət göstərən Milli Nüvə Təhlküəsizliyi İdarəsinin rəhbəri Cill Hrubi deyib ki, ABŞ yaxın 10 ildə Rusiya və Çini durdurmağa hazırlaşmalıdır. Onun sözlərinə görə, həm Rusiya, həm də Çin nüvə potensialını ildən ilə artırırlar.
Dövlət katibi Entoni Blinken çinli həmkarı Van Yi ilə tez-tez görüşsə də, o da Çinin artan gücünü ölkəsi üçün əsas təhlükələrdən biri hesab edir. Ona görə də Blinken Çinlə münasibətlərdə güc amilinin vacib olduğunu bildirib.
Rusiya və Çin də ABŞ-la mübarizənin yeni mərhələsinə hazırlaşırlar. Rusiya prezidenti Vladimir Putin NATO-nun Hind və Sakit okean bölgəsinə genişlənmək istədiyi qənaətindədir. Putinin sözlərinə görə, Vaşinqton Asiyada yeni siyasi və hərbi bloklar formalaşdırır. Bu gizli deyil. ABŞ Asiya və Sakit okean bölgəsi ölkələri ilə siyasi və hərbi əlaqələrini genişləndirmək məqsədilə Vaşinqtonla əməkdaşlıqlarını genişləndiriblər. Bu sırada Hindistan, Yaponiya, Yeni Zellandiya və Avstraliya kimi dövlətlərin adını saymaq olar.

“Atlas” Araşdırmalar Mərkəzi
dia-az.life

Geri qayıt