Əsas Səhifə > Dünya > Çip istehsalında liderlik hansı ölkəyə keçəcək?
Çip istehsalında liderlik hansı ölkəyə keçəcək?21-03-2024, 08:24 |
Dünyada çip istehsalının çox hissəsi Çin, Tayvan və Cənubi Koreyada cəmlənsə də, Hindistan yaxın illərdə bu sahədə böyük paya sahib olacaq. Hindistan hökuməti yarımkeçirici çiplərin istehsalında özünü təmin etmək üçün iddialı bir plan həyata keçirməyə başlayıb. Bu strategiyada ən son mərhələ 29 fevral 2024-cü ildə üç yeni yarımkeçirici istehsalı müəssisəsi üçün təkliflərin təsdiqi olub. Bu, vacib komponentləri hazırlamaq üçün yerli sənaye yaratmaq üçün böyük planın tərkib hissəsidir. Hər üç obyektin tikintisinə yaxın aylarda başlanacaq. Dehlinin məqsədi aydındır. Müasir texnologiyaların hazırlanmasında yarımkeçiricilərin rolu böyükdür və çiplər çox az ölkədə istehsal olunur. Belə ölkələrdən biri də Çindir. Ancaq ABŞ Avropadakı müttəfiqləri ilə Çinə çip istehsalında lazım olan komponentləri satmaqdan imtina ediblər. Bu da Çində çip istehsalını çətinləşdirib. Buna görə də Hindistan yaranan boşluğu doldurmağa qərar verib. Hindistanda yarımkeçiricilərin istehsalına başlamaq üçün mühüm məqam dövlətin təşviq etdiyi özəl sənayenin bu işə cəlb edilməsidir. Hindistan tədricən bu sahədə liderliyi ələ almaq istəyir. Dehli Hindistanın çip istehsalında böyük imkanlara malik olduğu qənaətindədir. İlk zavod Hindistanın “Tata Electronics” şirkəti tərəfindən Tayvanın “Powerchip Semiconductor Manufacturing” şirkəti ilə birgə Qucarat ştatının Dholera şəhərində tikiləcək. Bu istehsala sərmayə təxminən 11 milyard dollar təşkil edəcək. Zavod avtomobil, məişət elektronikası və müdafiə sənayesində istifadə oluna bilən 28 nanometr ölçülü və daha böyük çiplər istehsal edəcək. ABŞ da yarımkeçiriclərin istehsalında Hindistanla əməkdaşlıq etməkdə maraqlıdır. Hindistan hökuməti ABŞ-ın “Micron” şirkətinin Qucarat ştatının Sanand şəhərində yarımkeçirici qurğu tikmək təklifini təsdiq edib. Hindistan hökuməti “Micron” ilə əməkdaşlıq da daxil olmaqla, bir neçə yeni yarımkeçirici istehsal müəssisələri üçün ümumi məbləği 7 milyard ABŞ dolları məbləğində maliyyə stimulları elan edib. Hindistan bu sənaye sahəsini gücləndirmək üçün yerli mühənsidlər komandası formalaşdırıb. Bu məqsədlə 20 illik plan hazırlanıb. ABŞ-la yanaşı İsrail də Hindistanda çip istehsalına maraq göstərir. İsrailin çip istehsalçısı olan “Tower Semiconductor” şirkəti Hindistanda 8 milyard ABŞ dolları dəyərində zavodunun təsdiqlənməsinin son mərhələsinə yaxınlaşıb. Hindistan hökuməti bu təklifi qarşıdan gələn ümumi seçkilərə qədər təsdiq etməyi hədəfləyib. Beləliklə, Hindistan çip istehsalında qonşusu və siyasi, o cümlədən iqtisadi rəqibi Çini sıxışdırmağa çalışır. Çin bazarını tərk edən Qərb şirkətləri müəssisələrinin bir hissəsini Hindistana köçürürlər. “Atlas” Araşdırmalar Mərkəzi dia-az.life Geri qayıt |