Əsas Səhifə > Dünya > Rusiya-Ukrayna savaşı yeni fazaya keçəcək...
Rusiya-Ukrayna savaşı yeni fazaya keçəcək...23-03-2024, 08:41 |
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 10 gün əvvəl Rusiyadakı səfirliyi vasitəsilə Moskvada olan vətəndaşlarını böyük toplantı yerlərindən uzaq olmasıyla bağlı xəbərdar etmişdi. Demək, Mərkəzi Kəşfiyyat İdarəsinin bildiyi var idi. Musiqi salonuna hücum edənlərin kimliyi barədə hələ ki, səhih məlumat yoxdur. Bu olayın Ukrayna müharibəsiylə əlaqəsinin olub-olmadığı bəlli deyil. İŞİD-lə bağlı versiyalar səslənir. Qərb ölkələrinin Rusiyaya qarşı sərt sanksiyaları mövcud olsa da, Vaşinqton, Brüssel və digər paytaxtlar konsert salonuna terror hücumunu pisləyəcəklər. Buna baxmayaraq, son olaydan sonra Rusiya hakimiyyəti sərt tədbirlərə əl atacaq. 1999-cu ildə Moskva binalarında ard-arda baş verən partlayışlar hakimiyyətə yeni gələn Vladimir Putinin çeçen mücahidlərə qarşı mübarizəsini sərtləşdirmiş və Çeçenistanda müharibəni alovlandırmışdı. *** Moskvada konsert salonuna terror hücumundan əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “Ukraynada xüsusi əməliyyat müharibəyə keçib” ifadəsini işlədib. Bu ifadə onsuz da yersiz idi, sadəcə Kreml “xüsusi əməliyyat” söz birləşməsini əhalisini qorxutmamaq və “qardaş” hesab etdiyi ölkəyə qarşı müharibə kəlməsindən istifadə etməmək üçün seçmişdi. Peskov məlumun elanını edib. Kremlə yaxın rusiyalı şərhçilər konsert salonuna hücumu artıq Ukrayna ilə əlaqələndirməyə başlayıblar. Bu isə o deməkdir ki, bombalanan Ukrayna şəhərlərinin sayı artacaq. Elxan Şahinoğlu - dia-az.life Geri qayıt |