Əsas Səhifə > Dünya > ABŞ çip uğrunda mübarizəyə qoşulur

ABŞ çip uğrunda mübarizəyə qoşulur


27-03-2024, 11:37
ABŞ çip uğrunda mübarizəyə qoşulur
Amerika Birləşmiş Ştatları bir sıra ölkə kimi çip istehsalına əhəmiyyət verməyə başlayıb. Bu məqsədlə ABŞ prezdenti Cozef Bayden Intel-i ölkə boyu kompyuter çipi zavodları üçün 8.5 milyard dollar birbaşa maliyyə və 11 milyard dollar kreditlə təmin edən razılığı alışlayıb. Ağ Ev sahibi bu sərmayəni Amerikanın gələcəyi üçün vacib adlandırıb.
ABŞ-ın hədəfi 2030-cu ilə qədər çip istehsalındakı qlobal payını sıfırdan 20 faizə yüksəltməkdir. ABŞ hazırda çipləri müxtəlif ölkələrdən idxal edir ki, bu da Amerika üçün böyük qüsur sayılır. Çip istehsalına malik olmaması Amerika üçün təhlükəsizlik riski kimi dəyənləndirilir. Dünya çip istehsalında lider ölkələrdən biri Çindir. Vaşinqton isə Çinin əsas təhlükəsizlik təhdidi kimi qiymətləndirir və bu ölkənin çip ixracına mane olmağa çalışır.
Bu arada, Bayden administrasiyası telekommunikasiya nəhəngi olan “Huawei Technologies Co” şirkəti ilə əlaqəli bir sıra Çin yarımkeçirici şirkəti qara siyahıya salmağı düşünür. Vaşinqton bununla Pekinin süni intellekt və yarımkeçirici ambisiyalarını məhdudlaşdırmaq istəyir. “Bloomberg” agentliyinin xəbərinə görə, Vaşinqtonun qara siyahıya salacaq şirkətlər arasında “Qingdao Si'En”, “SwaySure”, “Shenzhen Pensun Technology Co” var.
Vaşinqton Çinin çip istehsalçılarına qarşı sanksiyaların tətbiqini də planlaşdırır. Çünki Vaşinqtonda hesab edirlər ki, Çinin yarımkeçiricilər istehsalı ilə məşğul olan şirkətlər “Huawei”in məhdud avadanlıq əldə etməsinə kömək etmək üçün proksi kimi çıxış edirlər.
ABŞ hökuməti Hollandiya, Almaniya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla müttəfiqlərinə Çinin yarımkeçirici texnologiyasına girişinə məhdudiyyətləri daha da sərtləşdirmək məqsədilə təzyiqləri artırıb. “Huawei” bu kampaniyanın, eləcə də Pekinin Qərb texnologiyasından asılılığını azaltmaq səylərinin mərkəzində dayanan şirkətlərdən biridir. Beləliklə, beynəlxalq aləmdə çip istehsalı və bazarı uğrunda mübarizə getdikcə sərtləşir.

“Atlas” Araşdırmalar Mərkəzi
dia-az.life

Geri qayıt