Əsas Səhifə > Dünya > Rusiyada “satqınları” “ifşa edən” sayt yaradıldı

Rusiyada “satqınları” “ifşa edən” sayt yaradıldı


11-03-2014, 09:33
Rusiyada “satqınları” “ifşa edən” sayt yaradıldı
Rusiyada yeni sayt yaradılıb: "predatel" Yəni Rusiyadakı “satqınları” “ifşa edən” sayt.

Məsələn, saytda məşhur rusiyalı dissident, hüquq müdafiəçisi Valeriya Novodvorskayanın “satqıncasına” dediyi sözlər yer alır:

“Bu gün özünə hörmət edən hər bir rusiyalı öz Vətəninə məğlubiyyət arzu etməlidir... Biz birmənalı olaraq Ukraynanın tərəfindəyik, onun demokratik hakimiyyəti ilə həmrəyik və əminik ki, Rusiyanın təcavüzü lazım olan silahlı müqavimətlə üzləşəcək”.

Sayt istifadəçilərinin “ən satqın” rusiyalılar “reytinqində” Novodvorskaya ikincidir.

Birinci pillədə isə tanınmış teleaparıcı, şoumen Mixail Şats yer alıb. Onun dediyi sözlər:

“Əziz rusiyalılar, bəlkə müharibənizi də götürüb s..dirəsiz?”

Saytın kimlər tərəfindən yaradıldığı bilinmir. Amma onlar öz “missiyalarını” belə əsaslandırırlar:

“Biz hesab edirik ki, Rusiya faşistyönlü siyasətçilərin hakimiyyəti altına keçmiş Ukraynaya kömək etməlidir. Biz hesab edirik ki, Rusiya Ukrayna və Krımın rusdilli əhalisinin təhlükəsizliyini təmin etməlidir. Biz hesab edirik ki, bizim əsgərləri təhqir edən, neonasistlərlə mübarizənin mühümlüyünü şübhə altına alan Rusiya vətəndaşları - satqındırlar. Fərqi yoxdur, onlar necə bir istedadlı jurnalist, yazıçı, yaxud rejissordurlar”.

Ukraynanın işğalına qarşı çıxan rusiyalıların saytda yer alan digər sitatları:

Jurnalist, ictimai fəal Roman Dobroxotov:

“Əgər xoxollar bizə qalib gəlsə, elə bir etirazım olmayacaq. Bəlkə də onları Qızıl meydanda qoluşki* və xrenovuxa** ilə qarşılayacam”.

______
*Şərqi Avropada, o cümlədən Ukraynada xörək.
**Rusiya və Ukraynada geniş yayılmış spirtli içki.

İqtisadçı, menecer Sergey Aleksaşenko:

“İlahi! Bu ölkənin vətəndaşı olmaqdan necə də xəcalət çəkirəm...”

Politoloq Dmitriy Oreşkin:

“İşğal – işğaldır. Hansi yöndən əsaslandırılmasından asılı olmayaraq. Qan tökülməklə ediləndə adı olur təcavüz. Amma qansız-qadasız da olur. Onda adı anşlüs olur. Baxın da, hansı xoşunuza gəlir”.

Yazıçı, ssenarist Oleq Kozırev:

“Dünyada adamın öz Vətəninin başladığı və ədalətsiz olan müharibədən pis müharibə yoxdur”.

Ədəbiyyatşünas, «Новое литературное обозрение» dərgisinin, eyniadlı nəşriyyatın rəhbəri, РБК-ТВ kanalının aparıcısı İrina Proxorova:

“Gözümüz qarşısında yeni qlobal qətliama təkan verə biləcək kor imperiya sadəlövhlüyünü göstərən klassik bir ssenari reallaşır.”

Jurnalist, ədəbiyyatşünas Andrey Malqin:

“Ukrayna, xüsusən də Krımı beynəlxalq müşahidəçilərlə doldurub heyvanın hər bir hərəkətinə göz qoymaq, qeydə almaq lazımdır. Yaxın perspektivdə Krımda tam olaraq demilitarizasiya həyata keçirmək, Avropaya daşınan Rusiya enerji daşıyıcılarının həcmini isə sıfıra endirmək gərəkdir. Qoy Şərqlə alver eləsinlər. Çinə burunlarını soxmazlar”.

Müxalif siyasətçi, keçmiş baş nazir Boris Nemtsov:

"Ukraynanın işğalı artıq başlayıb. Heç kim özünü elə aparmasın ki, bu, özünümüdafiə dəstələridir".

Saytda ayrıca düymə də var: “Sən də satqın təklif et”. Bu düyməni basmaqla sayt istifadəçiləri də “satqın” saydıqları rusiyalının adını siyahıya sala bilərlər.

Geri qayıt