Əsas Səhifə > Dünya > Ərdoğan 5 il öncə itirdiyi İstanbulu bu gün qaytarsa...
Ərdoğan 5 il öncə itirdiyi İstanbulu bu gün qaytarsa...31-03-2024, 08:16 |
Türkiyədə keçirilən bələdiyyə seçkiləri ötən il Ərdoğanın qələbəsi ilə bitən seçkidən sonra həm iqtidar, həm müxalifət üçün həlledici amil daşıyır. - Müxalifət üçün bu seçki son məğlubiyyətin əvəzini almaq, həm də siyasi perspektiv baxımından əhəmiyyətlidir: iqtidar qazanarsa, bu, müxalifətin təkcə seçki məğlubiyyəti yox, siyasi çöküşü ola bilər, xüsusilə son seçkidəki məğlubiyyətdən sonra siyasi qüvvələrin parçalanması üfüqdə bu nəticəni göstərir; - İqtidar prezident və parlament seçkilərindəki qələbəsini tamamlamaq, müxalifət üzərində yekun qələbəni təmin etmək və 2019-cu ildə itirdiyi İstanbulu geri almaq istəyir: İstanbulda qalib gəlmək həm də Türkiyənin gələcək lideri kimi göstərilən İmamoğlunun karyerasına təsir edə bilər. Bu baxımdan İstanbul Böyükşəhər Bələdiyyəsi hər iki tərəf üçün önəmlidir. İBB-də əsas mübarizə Cümhur İttifaqının namizədi Murat Kurumla CHP-nin namizədi Əkrəm İmamoğlu arasında gedəcək. Kimin qazanacağını proqnozlaşdırmaq çətindir, lakin hər iki tərəfin “yumşaq qarnı” var. - İqtidar (AKP-MHP) üçün zəif tərəf iqtisadi problemlərin dərinləşməsidir, eyni zamanda, narazı elektorat son seçkinin əvəzini almaq üçün səfərbər ola bilər; - Müxalifətin (CHP) problemləri daha çoxdur: 2019-cu ildə seçilən İmamoğluya böyük ümidlər bəslənilsə də, özünü doğrultmadığı (yayılan informasiyalara istinadən belə düşünmək olar) görünür; Müxalifət seçkiyə ayrılıqda gedir (İBB uğrunda 22 partiya, 27 müstəqil namizəd mübarizə aparır) və bu iqtidara qarşı olan səslərin parçalanması deməkdir. Hər iki tərəfin problemləri qarşı tərəfin əlini gücləndirir. Seçkidə əsas fikirlərdən biri isə Türkiyə siyasətinin gələcəyinin İstanbulda həll edilməsidir. Bu düşüncə 1994-cü ilin bələdiyyə seçkilərinə istinadən formalaşıb və indiki seçkilər də 30 il öncəki seçkilərlə müqayisə olunur. Birincisi, 30 il öncə İBB-də qalib gələn Ərdoğan sonradan ölkənin baş naziri oldu və hələ də hakimiyyətdədir: hesab olunur ki, İBB-də qalib gələn şəxsi eyni siyasi karyera gözləyir, hərçənd, bu, iqtidarın namizədi üçün yox, daha çox İmamoğlu üçün proqnozlaşdırılan gələcəkdir; İkincisi, Ərdoğanın 30 il öncə İBB-də qalib gəlməsi həmin dövrdə mövcud olan iqtisadi problemlərlə əlaqələndirilir, indi də ölkənin eyni problemlərlə üzləşdiyi və bu problemlər fonunda İmamoğlunun qələbəsinin iqtidar dəyişikliyinin başlanğıcı kimi göstərilir. Lakin bunun nə qədər real yanaşma olduğu sual altındadır. Eyni yanaşma, 2019-cu ildə - İmamoğlu İstanbulda qalib gələndə də var idi, lakin cəmi 4 il sonrakı seçkilərdə itirən tərəf müxalifət oldu. Bununla yanaşı, Türkiyənin 30 il öncəki ölkə olmadığı da belə proqnozları mübahisələndirir. Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Müəllif: Asif Nərimanlı - dia-az.life Geri qayıt |