Əsas Səhifə > Dünya > Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb

Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb


1-04-2024, 06:39
Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərə verilən səslərin 99 faizdən çoxu hesablanıb.

"Report" xəbər verir ki, ölkə üzrə sandıqların 99,37 faizi açılıb.

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.

AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir. Eyni zamanda hakimiyyətdə olan partiya Antalya və İzmiri geri ala bilməyib.

Türkiyənin Ali Seçki Komissiyası seçkilərin ilkin nəticələrini bazar ertəsi elan etmək niyyətindədir. Bu arada partiya liderləri və namizədlər artıq qələbələrini elan ediblər və ya məğlub olduqlarını etiraf ediblər. Yavaş və İmamoğlu əslində seçkilərdəki qələbələrini qeyd ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində partiyasının seçkilərdə istənilən nəticəni əldə etmədiyini etiraf edib, lakin bunun “son deyil, dönüş nöqtəsi” olduğunu bildirib.
Geri qayıt