Əsas Səhifə > Dünya > Türkiyədə NƏ BAŞ VERDİ... NİYƏ BAŞ VERDİ?
Türkiyədə NƏ BAŞ VERDİ... NİYƏ BAŞ VERDİ?2-04-2024, 09:44 |
Türkiyədə keçirilən bələdiyyə seçkilərində seçki qutularının 99.81 faizi açılıb. İlkin nəticələrə görə, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35,49 faiz səslə müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) gerisində qalır. CHP-nin topladığı səs faizi 37.74-dür. Üçüncü yerdə isə 6.19 faizlə Yenidən Refah Partiyası qərarlaşıb. Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88 faiz səviyyədə olub. Gözlənildiyi kimi, əksər böyükşəhər bələdiyyələrində CHP-nin namizədləri qalib gəlib. İstanbulun bələdiyiyyə sədrliyi postunda Əkrəm İmamoğlu, Ankaranın bələdiyyə sədrliyi postunda isə Mansur Yavaş qalıb. Nəticələrə əsasən demək olar ki, bu bələdiyyə seçkilərinin qalibi müxalif CHP-dir. Hakim AKP-nin sədri, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında partiyasının yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə məğlub olduğunu etiraf edib və bildirib ki, səhvlərdən nəticə çıxarılacaq. Bununla yanaşı, Ərdoğan Türkiyə demokratiyasının qazandığını söyləyib. Müxalif CHP-nin sədri Özgür Özəl seçkilərlə bağlı çıxışında partiyalarını dəstəklədiyi üçün xalqa təşəkkür edib, daha çox çalışacaqlarına, xalqa xidmət edəcəklərinə söz verib. Bu bələdiyyə seçkilərinin Türkiyə tarixində önəmli rol oynayacağını bildirən analitiklər hesab edirlər ki, hakim AKP CHP-yə məğlub olmaqla “qan itirmiş” oldu və bu nəticələr gələcək parlament və prezident seçkilərinə də öz təsirlərini göstərəcək. Ekspertlər hesab edirlər ki, bələdiyyə seçkilərində uğur qazanan CHP-nin gələn seçkilərdə Türkiyə iqtidarı olacağına inam çoxdur. CHP-nin mətbu orqanı “Cumhuriyyet” qəzetinin analitiki Orxan Bursalı seçkiləri şərh edən məqaləsində yazıb ki, ölkədə böyük bir dəyişiklik yaşanır: “Ölkəni, cəmiyyəti hər mənada iflasa sürükləmiş iqtidarın yaratdığı vəziyyətə vətəndaşlar etiraz etdilər. Bu seçkilər xalqın CHP-ni birinci partiya postuna yüksəltməkdə olduğunu göstərir. “Millət İttifaqı”nın parçalanmış olmasına baxmayaraq, seçicilər ağıllı davrandı, hazırkı iqtidara dərs vermək məqsədilə CHP-ni seçdilər”. “Məlumdur ki, əvvəlki dövrdə İmamoğlu ve Yavaş böyük işlər gördülər, bacarıqlı bələdiyyəçilik ortaya qoydular. Keçən seçkilərdə qalib olan CHP-li digər böyükşəhər bələdiyyə başqanları, rayon və qəsəbə bələdiyyə sədrləri də yaxşı fəaliyyətləri ilə seçicidə özlərinə qarşı etibar yaratdılar. Eyni zamanda, CHP içindəki dəyişiklik, partiyanın sədri Özgür Özəlin uğurlu seçki fəaliyyəti, kütlə arasında etibar qazanması da bu seçkilərdə qalib olmağa səbəb oldu. Sonunda seçici “CHP idarə edə bilər” dedi”, - deyə Bursalı qeyd edib. Analitik hesab edir ki, bugünkü tablo hakim AKP-nin yıxılan, yıxılmaqda olan bir partiya görüntüsünü yaradır: “Bu seçkidə AKP sədri, Prezident Ərdoğan, AKP-dən olan nazirlər uduzmuş oldular. Demək olar ki, CHP 2028-ə doğru “yürüş məşəlini” yandırdı. Bələdiyyə seçkilərini qazanan CHP qarşıdakı dörd ildə yaxşı fəaliyyət göstərərək iqtidara gəlmək şanslarını çox artırdı. İndi CHP rəhbərliyinin üzərinə bu yöndə böyük iş düşür. Əslində Özəl və silahdaşları bu “yürüş məşəlinin” bayraqdarlığını edə biləcəklərini sübut etdilər. Hesab edirəm ki, Özəl, İmamoğlu və Yavaş daxil, CHP yaxın gələcəyi müəyyənləşdirəcək”. “AKP-nin taleyinə gəlincə, Ərdoğan müəmmalı siyasətçidir, tam proqnozlaşdırmaq çətindir. İndiki çətin iqtisadi vəziyyətdən ölkəni çıxarmaları çox çətindir. Seçki nəticələrinə əsasən demək olar ki, Ərdoğanın yeni Anayasa müzakirəsi ideyası da arxivə getdi. Hər halda AKP-nin gördüyü “qırmızı kartı” necə dəyərləndirəcəyi maraqla gözlənilir”, - analitik məqaləsini yekunlaşdırıb. Hakim AKP-yə yaxınlığı ilə seçilən “Sabah” qəzetinin köşə yazarı Yavuz Donat isə seçki ilə bağlı yazısında qeyd edib ki, bu seçkidə Türkiyə demokratiyası qazanmış oldu: “Tərtəmiz, hiyləsiz, davasız bir seçki oldu. 61 milyondan çox seçici səs verdi ki, bu, hər zamankı kimi yüksək göstəricidir. Seçkini qazanan da var, məğlub olan da, bu da təbii seçki nəticəsidir. Tabloya baxarkən tək şey demək olar – qazanan demokratiyadır”. “Həftələrlə hər kəs danışdı, ağır seçki kampanyası oldu. Nəzərə almaq lazımdır ki, bir il tamam olmadan ölkəmizdə üç dəfə seçki keçirildi – 14 may 2023-də prezident və parlament seçkiləri, 28 may 2023-dı prezident seçkilərinin ikinci turu və 31 mart 2024-ce ildə bələdiyyə seçkiləri. Türkiyə seçki yorğunudur. İndi siyasətin qılınclarını toprağa basdırmaq zamanıdır, görüləcək çox iş var. Bu işlərə konsantrasiya olmaq lazımdır”, - yazar qeyd edib. Y.Donat deyib ki, məğlubiyyət yetimdir: “Qüsuru gəlin etmək istəyiblər, kimsə onunla evlənmək istəməyib. Seçki nəticələri bəlli olduqdan sonra kimsə “bu nəticələrdə mənim də günahım var” demədi, deməyəcək də... Hər zaman belədir, hər kəs qalibiyyətə ortaq olur, məğlubiyyət zamanı qüsuru başqasında axtarır. Məşhur atalar sözündə deyildiyi kimi – “Qələbənin yüz atası var, məğlubiyyət isə yetimdir”. Məğlub olanlar günahı özlərində axtarmalıdırlar”. “Dünən dünəndə qaldı, artıq yeni şeyler deməyin zamanıdır. Həftələrdir ki hər şey danışıldı, bitdi. Dünəni dünəndə qoyub gələcəyə baxmaq lazımdır. Çoxlu problemlər var, həm içəridə, həm xaricdə. Məncə, didişməyi bir kənara qoyub problemləri həll etmək üçün fəaliyyətə başlamaq lazımdır. Bundan sonra Türkiyənin qarşısında seçkisiz 4 il var. İqtisadi çətinlik, işsizlik, bahalıq, xarici siyasətdə gərginliklər, ətrafımızda od çəmbəri mövcuddur. Artıq söz yarışına son vermək, problemlərin həlli üçün yarışa başlamaq lazımdır”, - deyə “Sabah”ın yazarı vurğulayıb. ayna.az Geri qayıt |