Əsas Səhifə > Dünya > “İsrailin hazırda anti-İran koalisiyasını qurmaq üçün nadir şansı var”

“İsrailin hazırda anti-İran koalisiyasını qurmaq üçün nadir şansı var”


17-04-2024, 06:41
“İsrailin hazırda anti-İran koalisiyasını qurmaq üçün nadir şansı var”
İsrailin Baş naziri Benyamin Netanyahu ordudan raket hücumuna cavab olaraq İrana zərbə endiriləcək hədəflərin siyahısını hazırlamağı xahiş edib. Bu barədə “The Washington Post” məlumat yayıb. Adı açıqlanmayan İsrail rəsmisinin nəşrə verdiyi məlumata görə, İsrail İrana “siqnal göndərəcək”, lakin itkilərə səbəb olmayacaq cavab tədbirlərini nəzərdən keçirir.

Bildirib ki, İsrailin hərbi-siyasi kabineti iki variantı nəzərdən keçirir: Tehrandakı hədəflərə potensial zərbə və ya kiberhücum.

“Hamı razıdır ki, İsrail cavab verməlidir. Necə reaksiya verməli, nə vaxt reaksiya verməli, sual budur”, - mənbə bildirib.

Təl-Əviv Universiteti və Nyu-York Şəhər Universitetinin Siyasi Elmlər Məktəbinin professoru Udi Sommer hesab edir ki, İsrailin İranın təcavüzünə təmkinli reaksiyası ölkəyə dünya səhnəsində xal qazandıracaq və qonşu ərəb dövlətləri ilə münasibətlərin bərpasına kömək edəcək: “Çətin vaxtlar olsa da, bu, böyük fürsətdir. Bəzən həyatda ikinci şans əldə edirsən və İsrail bunu indi əldə edib. Hazırda ölkənin anti-İran koalisiyasını qurmaq üçün nadir şansı var”.

İsrail ordusunun Baş Qərargah rəisinin keçmiş müavini Yair Qolan hesab edir ki, İsrail müdrik davranmalı və müttəfiqlərini İranla döyüşmək üçün toplamalıdır.

“İsrail uzun illərdir İrana qarşı müxtəlif intensivliklə mübarizə aparır. Bu, sabah və ya o biri gün dayanmayacaq. İsrail indi reaksiya verməlidir. Çünki bu, dayanmayacaq. İran müharibəni qızışdırıb”.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Netanyahu ilə telefon söhbətində Vaşinqtonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini bildirib.

Öz növbəsində Prezident Administrasiyasının və ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri Vaşinqtonun İsrailin mümkün nəticələri barədə düşünmədən İrana cavab zərbələri endirə biləcəyindən narahatlığını qeyd ediblər. Britaniya, Fransa və Almaniya da İsrail rəhbərliyini İrana cavab zərbələri endirməkdən çəkinməyə çağırıb. Çünki bu, Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb ola bilər.

Aprelin 14-nə keçən gecə İran və onun nəzarətində olan qruplar İsrail ərazisinə genişmiqyaslı silsilə qanadlı raketlər və kamikadze pilotsuz təyyarələrlə hücumlar həyata keçirib. İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, ümumilikdə 350-yə yaxın pilotsuz uçuş aparatı və raket atılıb. Onların 99 faizi zərərsizləşdirilib. Rəsmi Tehran hücumu İsrailin Suriyanın Dəməşq şəhərindəki İran konsulluğuna endirdiyi zərbəyə cavab adlandırıb.

Ayna.az
Geri qayıt